Rusiyadan Avropaya hibrid müharibə mesajı
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa ölkələrinin Moskvaya qarşı hibrid müharibə ittihamlarına sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “İnterfaks” agentliyi bu barədə məlumat yayıb.
Şoyqu noyabrın 2-də keçirilən “Rusiya xalqları” beynəlxalq həftəsi çərçivəsində bildirib ki, Moskvanın Avropa ölkələrinə hücum etmək niyyəti yoxdur.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin son iki ay ərzində üç-dörd dəfə ölkəsinin Avropaya hücum etməyəcəyini bəyan edib.
“Buna baxmayaraq, onlar israrla Rusiyanın özlərinə qarşı hibrid müharibə apardığını iddia edirlər. Bizim sizinlə məşğul olmağa vaxtımız yoxdur”, – deyə Şoyqu bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Avropa ölkələrinə xəbərdarlıq da edib.
“Allah sizi Rusiyanın həqiqətən sizə qarşı hibrid müharibəyə başladığı günü görməkdən qorusun. Sakit yaşayın, bizə hücum etməyin. Biz heç kimə hücum etmək niyyətində deyilik”, – deyə o vurğulayıb.
Şoyqu Qərb ölkələrinin daim düşmən obrazı yaratmağa çalışdığını iddia edib.
“Onlara həmişə hansısa düşmən lazımdır. Bizim isə düşmənə ehtiyacımız yoxdur”, – deyə Rusiya rəsmisi əlavə edib.
17:30 02.11.2026
Oxunuş sayı: 55