"GTA 6" milyonların diqqətində: Oyun həvəsinin görünməyən tərəfləri
Videooyun sənayesi artıq sadəcə əyləncə vasitəsi deyil,
milyardlarla dollarlıq dövriyyəyə malik qlobal iqtisadi sektor, eyni zamanda
milyonlarla insanın həyat tərzinə təsir göstərən böyük bir fenomendir. Bu sahədə
gözlənilən ən böyük hadisələrdən biri isə “Grand Theft Auto 6” (GTA 6) oyununun
təqdimatıdır. İllərdir milyonlarla insanın səbirsizliklə gözlədiyi oyuna maraq
o qədər böyükdür ki, onun buraxılışı təkcə oyun bazarında deyil, ümumilikdə
dünya iqtisadiyyatında da ciddi canlanma yarada biləcək hadisə kimi qiymətləndirilir.
Oyunun satışından əldə ediləcək gəlirlər, oyun konsollarına və kompüter
avadanlıqlarına tələbatın artması, reklam, yayım və digər əlaqəli sahələrdə
gözlənilən kommersiya fəallığı bu marağın iqtisadi tərəfini ortaya qoyur.
Ancaq məsələnin yalnız maliyyə tərəfi yoxdur. İnsanların bir oyunu illərlə gözləməsi, onunla bağlı xəbərləri və yenilikləri daim izləməsi, təqdimat üçün əvvəlcədən büdcə ayırması və bəzən gündəlik həyatının müəyyən hissəsini virtual dünyaya uyğunlaşdırması psixoloji baxımdan da diqqətçəkən məqamdır. Müasir dövrdə videooyunlar bir çox insan üçün sadəcə vaxt keçirmək vasitəsi deyil, emosional bağlılıq, sosial ünsiyyət və reallıqdan müəyyən müddət uzaqlaşmaq imkanına çevrilib. Bəs “GTA 6” ətrafında yaranan bu böyük gözlənti insanların psixologiyası ilə necə əlaqəlidir?

Crossmedia.az-a açıqlamasında uzman psixoloq-psixoterapevt,
Qərbi Kaspi Universitetinin “Psixologiya” kafedrasının müəllimi Səbinə
Bayramova bildirib ki, “GTA 6” kimi qlobal maraq doğuran videooyunların illərlə
gözlənilməsi, hər yeniliyin diqqətlə izlənilməsi və oyunla bağlı yüksək
emosional bağlılıq bir neçə psixoloji mexanizmlə izah oluna bilər:
“Bu oyunlar insana yalnız əyləncə deyil, həm də reallıqdan
müvəqqəti uzaqlaşmaq, həyəcan yaşamaq, özünü güclü və nəzarət sahibi hiss etmək,
gündəlik həyatda qarşılanmayan emosional ehtiyacları kompensasiya etmək imkanı
verir. Gözlənti, yenilik və mükafat mexanizmləri isə beyində dopamin sistemini
aktivləşdirərək marağın davamlılığını gücləndirir. Lakin maraq gündəlik həyatın,
ailə münasibətlərinin və digər məsuliyyətlərin önünə keçdikdə, bu, artıq sadəcə
hobbi deyil, psixoloji baxımdan diqqət tələb edən davranışa çevrilə bilər.
Xüsusilə ailəli kişilərin həyat yoldaşına, övladlarına və ailə ünsiyyətinə
ayırmalı olduqları vaxtı oyunlara sərf etməsi münasibətlərdə emosional
uzaqlaşma, konfliktlər, məsuliyyətdən yayınma və intim münasibətlərin zəifləməsi
ilə nəticələnə bilər. Klinik müşahidələrdə oyunlara həddindən artıq yönəlməyə bəzən
cinsi disfunksiyalar, özünəinam problemləri, depressiv əlamətlər, narahatlıq və
münasibət çətinlikləri yaşayan kişilərdə də rast gəlinir. Bəzi hallarda oyun
virtual mühitdə uğur, nəzarət və məmnunluq hissi yaradaraq real həyatda yaşanan
uğursuzluqlardan və emosional çətinliklərdən qaçış vasitəsinə çevrilir. Bununla
belə, oyun asılılığı ilə cinsi disfunksiyalar arasında birbaşa səbəb-nəticə əlaqəsi
olduğunu söyləmək düzgün olmaz; bu hallar bəzən ortaq psixoloji və münasibət
problemləri ilə əlaqəli ola bilər. Digər tərəfdən, oyunlara böyük məbləğdə vəsait
xərcləmək, maliyyə imkanlarını aşmaq və oyunu həyatın əsas prioritetinə çevirmək
maliyyə gərginliyi, sosial təcrid və ailədaxili narazılıqları artıra bilər.
Əsas meyar oyuna marağın özü deyil, insanın bu maraq üzərində nə dərəcədə nəzarətə
malik olmasıdır. Əgər şəxs oyuna ayırdığı vaxtı və xərclədiyi pulu idarə edə
bilmir, ailə münasibətləri və gündəlik öhdəlikləri zərər görürsə, bu davranış
artıq problemli oyun davranışı və ya oyun oynama pozuntusu (Gaming Disorder) baxımından qiymətləndirilməlidir. Belə vəziyyətlərdə psixoloji dəstək almaq xüsusi əhəmiyyət daşıyır. Çünki davranışın
arxasında gizlənən emosional boşluqları, özünüdəyər problemlərini, intim
münasibətlərdəki çətinlikləri və reallıqdan qaçma ehtiyacını müəyyənləşdirmək
vacibdir. Peşəkar psixoterapiya insana bu davranışların səbəblərini anlamağa,
emosional ehtiyaclarını sağlam şəkildə qarşılamağa və şəxsi həyatında, xüsusilə
ailə münasibətlərində sağlam tarazlığı bərpa etməyə kömək edəcəkdir”.
17:55 02.11.2026
Oxunuş sayı: 74