Hər 5 yeni sürücüdən biri qadındır: Sükan arxasında dəyişən mənzərə
Avtomobil idarə etmək uzun müddət cəmiyyətimizdə daha çox kişilərlə
əlaqələndirilən fəaliyyətlərdən biri olub. Lakin son illərdə bu yanaşma
dəyişir, qadınların sürücülük vəsiqəsi almağa və avtomobildən gündəlik
həyatlarında istifadə etməyə marağı artır. Bu dəyişiklik qadınların sosial və
iqtisadi fəallığının genişlənməsi, əmək bazarında daha çox təmsil olunması,
şəxsi müstəqilliyə və sərbəst hərəkət imkanlarına ehtiyacın artması ilə də
əlaqələndirilə bilər. Xüsusilə böyük şəhərlərdə iş, ailə, təhsil və gündəlik
məişət qayğıları arasında vaxtı düzgün bölmək istəyən qadınlar üçün avtomobil
artıq sadəcə rahatlıq deyil, bəzən zərurətə çevrilir.
Rəqəmlər də bu tendensiyanın getdikcə gücləndiyini göstərir. 2025-ci ildə
Azərbaycanda ümumilikdə 350 175 nəfər sürücülük vəsiqəsi alıb. Onlardan 65 696
nəfəri qadın olub. Başqa sözlə, ötən il sürücülük vəsiqəsi alan hər 5 nəfərdən
təxminən 1-i qadın olub. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə sürücülük
vəsiqəsi alan qadınların sayı cəmi 6 187 nəfər təşkil edib. Bu fərq 17 il
ərzində qadınların sükan arxasına keçməyə marağının əhəmiyyətli dərəcədə
artdığını ortaya qoyur.
Lakin qadın sürücülərin sayının artması yalnız statistik göstərici kimi
qiymətləndirilməməlidir. Bu prosesin həm nəqliyyat sisteminə, həm də cəmiyyətin
düşüncə tərzinə təsirləri var. Bir tərəfdən sürücülük təlimlərinin keyfiyyəti,
yol hərəkəti qaydalarına əməl olunması, təhlükəsizlik və infrastruktur
məsələləri aktuallaşır. Digər tərəfdən, qadınların avtomobil idarə etməsinə münasibət,
sükan arxasında özünəinam, yol hərəkətində qarşılaşdıqları psixoloji maneələr
və cəmiyyətdə hələ də mövcud olan stereotiplər diqqət çəkir.
Qadın sürücülərin sayının artması onların yol hərəkətində davranışına dair yanlış ümumiləşdirmələrin də yenidən müzakirəsini zəruri edir. Sürücülük bacarığı cinsiyyətlə deyil, bilik, təcrübə, diqqət və məsuliyyətlə ölçülməlidir. Bu baxımdan mövzunun həm nəqliyyat, həm də psixoloji tərəflərini araşdırmaq vacibdir.

Azərbaycanda qadın sürücülərin sayının artmasının səbəbləri, nəqliyyat
infrastrukturuna və yol təhlükəsizliyinə təsiri ilə bağlı Crossmedia.az-a
açıqlama verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin
"Nəqliyyat" fakültəsinin baş müəllimi Bulud Bağırov bildirib ki, Azərbaycanda
qadınların sürücülük vəsiqəsi əldə etməsinin artması yalnız nəqliyyat
sahəsindəki dəyişiklik deyil, həm də cəmiyyətdə baş verən sosial, iqtisadi və
mədəni transformasiyaların göstəricisidir:
“Bu tendensiya qadınların ictimai həyatda, əmək bazarında və gündəlik
qərarvermədə müstəqilliyinin artması ilə sıx bağlıdır.
Dövlət Statistika Komitəsinin məlumatları 2008-ci ildən bəri qadınların sürücülük
vəsiqəsi əldə etməsində ciddi artım olduğunu göstərir. Belə ki, 2008-ci ildə
sürücülük vəsiqəsi alanların 4,6 faizi, yəni 6 187 nəfəri qadın olub. 2025-ci
ildə isə bu göstərici 18,8 faizə, qadın sürücülərin sayı isə 65 696 nəfərə
çatıb. Beləliklə, say baxımından 2008-ci illə müqayisədə 10,6 dəfə artım qeydə
alınıb.
Qeyd edək ki, bu rəqəmlər ümumi sürücü sayını deyil, müvafiq ildə sürücülük
vəsiqəsi əldə edənlərin gender bölgüsünü əks etdirir. Bu dinamika qadınların
sürücülük vəsiqəsi əldə etməsinin artıq istisna hal olmadığını, getdikcə
genişlənən sosial davranış modelinə çevrildiyini göstərir.
Bu tendensiyanı bir neçə qarşılıqlı əlaqəli amillə izah etmək mümkündür. İlk
növbədə, qadınların müstəqilliyinin artması onların gündəlik həyatlarını daha sərbəst
planlaşdırmasına şərait yaradır. Gender stereotiplərinin zəifləməsi nəticəsində
avtomobil idarə etmək artıq ənənəvi olaraq kişilərlə əlaqələndirilən fəaliyyət
kimi qəbul edilmir. Qadınların ali və peşə təhsilində iştirakının genişlənməsi,
müstəqil qərarvermə imkanlarının artması da bu prosesə təsir göstərir. Eyni
zamanda, uşaqların məktəbə aparılması, ailə üzvlərinə qayğı, alış-veriş və
digər gündəlik işlər şəxsi nəqliyyata ehtiyacı artırır.
İqtisadi amillər də bu prosesdə mühüm rol oynayır. Qadınların əmək bazarında
fəallığının artması, biznes fəaliyyəti ilə məşğul olması və müxtəlif sahələrdə
karyera qurması daha çevik nəqliyyat imkanlarına ehtiyac yaradır. Ailələrin
avtomobil əldə etmək imkanlarının genişlənməsi qadınların da sükan arxasına
keçməsini asanlaşdırır. Bundan başqa, şəxsi avtomobildən istifadə ictimai
nəqliyyatın marşrut və hərəkət qrafikindən asılılığı azaldaraq vaxta qənaət
etməyə imkan verir.
Qadın sürücülərin sayının artması nəqliyyat infrastrukturunun da bu
dəyişikliklərə uyğun inkişaf etdirilməsini zəruri edir. Texniki baxış,
avtomobil servisi, sığorta və qəza zamanı operativ yardım xidmətlərinin
keyfiyyəti və əlçatanlığı artırılmalıdır. Bütün bu tədbirlər yalnız qadın
sürücülər üçün deyil, bütün yol hərəkəti iştirakçıları üçün əhəmiyyətlidir.
Əsas prinsip infrastrukturun istifadəçilərin genderindən asılı olmayaraq
təhlükəsiz və əlçatan olmasıdır.
Qadın sürücülərin artmasının yol hərəkətinin təhlükəsizliyinə təsirinə isə
gender stereotipləri ilə deyil, sürücülük davranışı və real təhlükəsizlik
göstəriciləri əsasında yanaşmaq lazımdır. Bu artım yol hərəkətinin
təhlükəsizliyinə həm birbaşa, həm də dolayı təsir göstərə bilər.
Məsələn, sürət həddinə riayət etmək, təhlükəsiz məsafə saxlamaq və yol
hərəkəti qaydalarına əməl etmək ümumi sürücülük mədəniyyətinin yüksəlməsinə
kömək edə bilər. Sürücülərin müxtəlif sosial qruplardan olması yollarda
qarşılıqlı hörmət və anlaşma mədəniyyətini gücləndirə bilər. Uşaqların
daşınması, məktəb ətrafında hərəkət və piyadaların təhlükəsizliyi kimi məsələlərə
diqqətin artması da müsbət nəticələr verə bilər. Səbirli idarəetmə, aqressiv
davranışdan uzaq durmaq və digər yol hərəkəti iştirakçılarına hörmət kimi
prinsiplərin təşviqi bu baxımdan vacibdir.
Lakin burada bir mühüm məqam var: qadınların avtomatik olaraq kişilərdən
daha təhlükəsiz sürücü olduğunu söyləmək elmi baxımdan düzgün olmaz. Təhlükəsiz
idarəetmə cinsdən daha çox sürücünün təcrübəsi, hazırlığı, davranışı və yol
şəraitindən asılıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən,
kişilərin yol qəzalarında həlak olma ehtimalı qadınlarla müqayisədə təxminən üç
dəfə yüksəkdir. Bununla belə, bu göstərici birbaşa sürücülük bacarığını deyil,
riskə məruzqalma və davranış fərqləri də daxil olmaqla bir sıra amilləri əks
etdirir”.
Bulud Bağırov qeyd edib ki, sürücülərin ümumi sayının artması müəyyən riskləri
də aktuallaşdıra bilər:
“Təcrübəsiz sürücülərin mürəkkəb yol şəraitində idarəetmə çətinlikləri,
şəhər mərkəzlərində avtomobil sıxlığının artması, parklanma və manevr zamanı
qəza riskləri, mobil telefondan istifadə nəticəsində diqqətin yayınması, eləcə
də aqressiv davranış və yol hərəkəti qaydalarının pozulması bu problemlər
sırasındadır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında
Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin 83,7 faizi
yaşayış məntəqələrində baş verib. Bu da şəhər və qəsəbələrdə yol
təhlükəsizliyinin xüsusi diqqət tələb etdiyini göstərir.
Bu baxımdan əsas məsələlərdən biri sürücülük vəsiqəsi alan şəxslərin real
idarəetmə bacarıqlarının artırılmasıdır. Sürücülük vəsiqəsinin əldə edilməsi
hüquqi səlahiyyət qazanmaq deməkdir, lakin bu, şəxsin bütün yol şəraitlərində
təhlükəsiz idarəetmə bacarığına malik olduğunu göstərmir. Ona görə də sürücülük
təhsilinin keyfiyyətinin yüksəldilməsi, praktiki hazırlığın gücləndirilməsi və
yeni sürücülərin mürəkkəb yol şəraitinə hazırlanması vacibdir.
Sürücülük mədəniyyətinin formalaşdırılması isə yalnız sürücülük
məktəblərinin işi olmamalıdır. Məktəblərdən və universitetlərdən başlayaraq yol
hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparılmalıdır. Televiziya,
sosial şəbəkələr və digər media vasitəsilə sükan arxasında aqressiv davranışın
yolverilməzliyi, piyadalara və digər sürücülərə hörmət, sürət həddinə əməl
edilməsi, təhlükəsizlik kəmərindən istifadə, sərxoş və diqqəti yayınmış vəziyyətdə
avtomobil idarə etməyin təhlükələri təbliğ olunmalıdır.
Nəticə etibarilə, 2008-ci ildə qadınların sürücülük vəsiqəsi alanlar
arasında payının 4,6 faizdən 2025-ci ildə 18,8 faizə yüksəlməsi Azərbaycanda
sosial münasibətlərin, iqtisadi fəallığın və hərəkətlilik ehtiyaclarının
dəyişdiyini göstərir. Bu dəyişiklik qadınların cəmiyyətdə daha müstəqil
iştirakına, əmək və təhsil imkanlarından istifadəsinə, gündəlik həyatın daha
çevik təşkilinə şərait yaradır.
Lakin sürücülərin sayının artması avtomatik olaraq yol hərəkətinin keyfiyyətinin yüksəlməsi demək deyil. Bunun üçün müasir infrastruktur, keyfiyyətli sürücülük təhsili, effektiv nəzarət və məsuliyyətli sürücülük davranışı birlikdə inkişaf etdirilməlidir. Əsas məqsəd daha çox sürücülük vəsiqəsi verilməsi deyil, yollarda daha hazırlıqlı, diqqətli, məsuliyyətli və təhlükəsiz sürücülərin sayının artırılması olmalıdır”.

Psixoloq Mətanət Əliyeva isə bildirib
ki, qadınların sükan arxasına keçməsi ilə bağlı cəmiyyətdə hələ də müəyyən
stereotiplərin olması onların psixoloji vəziyyətinə real təsir göstərə bilər:
“İnsan davamlı şəkildə “qadın yaxşı sürə bilmir”, “qadın sürücülər daha
təhlükəlidir” kimi ümumiləşdirici mesajlarla qarşılaşdıqda, zamanla bu
münasibəti daxilləşdirə bilər. Psixologiyada buna stereotip təhdidi kimi
yanaşılır: insan özündən gözlənilən mənfi stereotipi doğrultmaq qorxusu ilə
daha çox gərginlik yaşayır. Bu gərginlik isə diqqəti daralda, özünəinamı azalda
və normalda rahat veriləcək qərarları çətinləşdirə bilər.
Bununla bağlı çox maraqlı bir tədqiqatlar var. 2008-ci ildə Yeung və von
Hippel tərəfindən aparılan eksperimentdə qadın iştirakçılara “qadınlar pis
sürücüdür” stereotipi xatırladıldıqda, sürücülük simulyatorunda onların qəza
riskinin artdığı müşahidə olunub. Tədqiqatçılar bunun əsas səbəblərindən biri
kimi əlavə zehni yükü göstəriblər: insan stereotipi doğrultmamaq barədə düşündükcə
diqqət resursunun bir hissəsi məhz bu narahatlığa gedir.
Qadınların daha zəif sürücü olması ilə bağlı stereotip statistik olaraq
əsaslandırılmış fikir deyil. Əksinə, müxtəlif ölkələrin yol təhlükəsizliyi
məlumatlarında ağır və ölümcül qəzalarla bağlı göstəricilərin kişilərdə daha
yüksək olduğunu görürük. Azərbaycanda da yol qəzalarında ölənlərin təxminən
dörddə üçü kişilərdir. Bununla belə, bu rəqəmləri yalnız cinslə izah etmək düzgün
olmaz. Belə ki, sürülən məsafə, yaş, sürücülük təcrübəsi və riskli davranışlar
kimi faktorlar da nəzərə alınmalıdır.
Qeyd edim ki, xüsusilə təcrübəsi az olan qadın sürücülər yol hərəkətində
səhv etdikdə bunu sadəcə öyrənmə prosesinin bir hissəsi kimi deyil, “deməli,
mən bacarmıram” şəklində qəbul edə bilərlər. Ətrafdan gələn ironiya, tənqid,
səbirsizlik və ya aqressiv reaksiya da bu hissi gücləndirir. Halbuki sürücülük
bacarığı cinslə deyil, təcrübə, diqqət, qaydalara əməl, situasiyanı düzgün
qiymətləndirmə və emosional özünütənzimləmə ilə bağlıdır. Buna görə qadın
sürücülərin də səhv etmək, təcrübə toplamaq və öz sürücülük üslubunu
formalaşdırmaq haqqı var”.
Psixoloq qeyd edib ki, ilk dəfə sükan arxasına keçən hər bir insanda qorxu,
həyəcan və məsuliyyət hissinin olması tamamilə normaldır:
“Müəyyən səviyyədə bu həyəcan hətta faydalıdır, çünki insanın diqqətli
olmasına və təhlükəni daha ciddi qiymətləndirməsinə kömək edir. Problem o zaman
yaranır ki, qorxu həddindən artıq yüksəlir, insanın düşünməsini və qərar
verməsini bloklayır.
Bu mərhələdə ən vacib psixoloji hazırlıq mərhələli şəkildə təcrübə
qazanmaqdır. İnsan əvvəlcə daha sakit küçələrdə, tanış marşrutlarda və daha az
intensiv yol şəraitində sürməyə başlamalı, daha sonra tədricən mürəkkəb
situasiyalara keçməlidir. Beyin hər təhlükəsiz təcrübədən sonra “mən bunu
bacarıram” mesajı alır və özünəinam da məhz bu təcrübələrin üzərində
formalaşır.
Digər vacib məsələ özünə verilən daxili mesajlardır. “Səhv etsəm, hər şey
pis olacaq”, “hamı mənə baxır”, “mən bunu bacarmayacağam” kimi düşüncələr
gərginliyi artırır. Bunun əvəzinə “mən öyrənmə prosesindəyəm”, “səhv etmək
təcrübənin bir hissəsidir”, “əsas məsələ qaydalara diqqət etməkdir” kimi daha
real və funksional düşüncələr formalaşdırmaq faydalıdır.
Stresli yol şəraitində nəfəsin tənzimlənməsi, diqqətin yalnız mövcud
situasiyaya yönəldilməsi və emosional reaksiyaya deyil, növbəti təhlükəsiz
addıma fokuslanmaq da çox önəmlidir. Məsələn, başqa sürücünün siqnal verməsi və
ya aqressiv davranması insanın emosional vəziyyətini pozmamalıdır. Bu anda əsas
sual “o mənim haqqımda nə düşünür?” deyil, “mən indi təhlükəsiz şəkildə nə
etməliyəm?” olmalıdır.
Özünəinam da bir anda yaranmır. O, təkrar, təcrübə və kiçik uğurların
toplanması ilə formalaşır. İnsan hər dəfə yeni bir marşrutu rahat keçdikdə,
parklanmanı müstəqil etdikdə və ya çətin situasiyanı düzgün idarə etdikdə öz
bacarığına dair daxili sübutlar əldə edir.
Ümumilikdə, qadın sürücülərin qarşılaşdığı əsas psixoloji çətinliklərdən
biri bəzən yalnız yolun özü deyil, cəmiyyətin yaratdığı əlavə təzyiqdir. Bu
təzyiqi azaltmağın ən sağlam yolu stereotipləri şəxsi qabiliyyətlə
qarışdırmamaq və sürücülüyə öyrənilən bir bacarıq kimi yanaşmaqdır. Yaxşı
sürücü olmaq cins məsələsi deyil; diqqət, məsuliyyət, təcrübə və emosional
özünütənzimləmə məsələsidir”.
17:25 02.11.2026
Oxunuş sayı: 67