İsraildə yeni hökumət uğrunda mübarizə qızışır
İsrailin “İsrail Evimiz” (“Yisrael Beytenu”) Partiyasının lideri Aviqdor Liberman yeni hökuməti formalaşdırmaq üçün Qadi Eyzenkotun namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrailin “Israel Hayom” nəşri bu barədə məlumat yayıb.
Knessetdə yeddi mandata sahib olan partiyanın rəhbəri bildirib ki, hökumətin formalaşdırılması səlahiyyətinin Qadi Eyzenkota verilməsini tövsiyə edəcək.
Bununla yanaşı, Liberman hazırkı Baş nazir Benyamin Netanyahunun rəhbərlik edəcəyi hökumətdə iştirak etməyəcəyini vurğulayıb.
O, Netanyahu ilə növbəli baş nazirlik modeli əsasında qurulacaq koalisiyaya qoşulmaq ehtimalını da istisna edib.
Liberman seçkilərin nəticələrinə münasibət bildirərək Netanyahu blokunun parlamentdəki mandatlarının 64-dən 53-ə düşdüyünü xatırladıb.
Partiya lideri eyni zamanda Eyzenkotun seçki kampaniyasını tənqid edib və azlıq hökumətində iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, İsraildə keçirilmiş parlament seçkilərindən sonra siyasi partiyalar yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqları davam etdirirlər.
17:40 02.11.2026
Oxunuş sayı: 58