Korrupsiya ilə mübarizədə yeni mərhələ: Məlumat verənlər necə qorunacaq?
Korrupsiya ilə mübarizədə ən böyük çətinliklərdən biri qanun pozuntusu
barədə məlumatı olan şəxslərin susmağa üstünlük verməsidir. Bəzən insanlar
işlədikləri müəssisədə, dövlət qurumunda və ya başqa təşkilatda korrupsiya
halları ilə qarşılaşsalar da, bunu aidiyyəti orqanlara bildirməkdən çəkinirlər.
Bunun səbəbi yalnız laqeydlik deyil. İş yerini itirmək, təzyiqlə üzləşmək,
rəhbərlik və ya kollektiv tərəfindən təcrid olunmaq, şəxsi təhlükəsizliyindən
narahat olmaq kimi risklər də insanları susmağa vadar edə bilər.
Halbuki korrupsiya ilə əlaqədar hüquqpozmaların üzə çıxarılmasında həmin
halların şahidi olan və ya onlar barədə məlumatı olan şəxslərin rolu böyükdür.
Çünki bir çox qanun pozuntusu kənardan görünmür, sənədlər və maliyyə
əməliyyatları arasında gizlədilir. Belə hallarda məlumat verən şəxslərin
təhlükəsizliyinin təmin olunması və onların hüquqlarının qorunması
korrupsiyanın aşkarlanması üçün mühüm vasitəyə çevrilə bilər.
Azərbaycanda da bu istiqamətdə yeni hüquqi mexanizmin yaradılması müzakirə
olunur. Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və
müdafiəsi haqqında” qanun layihəsində korrupsiya faktları barədə məlumat verən
şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı qaydaların
müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs korrupsiya ilə mübarizədə
vətəndaşların iştirakını artırmaq, məlumat verən şəxslərin hüquqi və sosial
müdafiəsini gücləndirmək baxımından əhəmiyyətli hesab oluna bilər.
Lakin yeni qanunun qəbul edilməsi özlüyündə korrupsiya hallarının
azalacağına zəmanət vermir. Əsas məsələ qanunda nəzərdə tutulan təminatların
praktikada necə işləyəcəyidir. Məlumat verən şəxsin kimliyi necə qorunacaq?
Onun işdən çıxarılması, vəzifəsinin aşağı salınması, təhdid və təzyiqlərlə
üzləşməsi kimi halların qarşısı necə alınacaq? Verilən məlumatın araşdırılması
hansı müddətdə və hansı mexanizmlə həyata keçiriləcək? Əsassız və qərəzli
məlumatlarla real korrupsiya faktları necə fərqləndiriləcək?
Digər mühüm məqam isə məlumat verən şəxslərin həvəsləndirilməsi məsələsidir.
Maddi və ya digər təşviq mexanizmləri insanların korrupsiya faktlarını üzə
çıxarmaqda marağını artıra bilər. Ancaq bu prosesin şəffaf və ədalətli təşkili,
məlumatın doğruluğunun yoxlanılması, şəxsi maraq və qərəz zəminində əsassız
ittihamların qarşısının alınması da vacibdir.
Beləliklə, yeni qanun layihəsi korrupsiya ilə mübarizədə əlavə hüquqi alət yarada bilər. Ancaq onun real effektivliyi məlumat verən şəxsin yalnız qanun qarşısında deyil, gündəlik həyatda da qorunmasından, müraciətlərə obyektiv baxılmasından və pozuntuya yol verən şəxslərin məsuliyyətə cəlb edilməsindən asılı olacaq. Əks halda, qanunda nəzərdə tutulan müdafiə və həvəsləndirmə mexanizmləri kağız üzərində qalmaq riski ilə üzləşə bilər.

Hüquqşünas Sahib Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu qanun layihəsinin ilkin versiyası
təxminən 20 il əvvəl, 2004–2006-cı illərdə Azərbaycanda daha geniş müzakirə
olunurdu:
“Həmin dövrdə QHT-lər, beynəlxalq təşkilatlar və digər qurumlar bu məsələni
gündəmə gətirirdilər. Lakin qanun layihəsi o zaman qəbul edilmədi və
müzakirələrdən kənarda qaldı. Halbuki həmin illər Azərbaycanda korrupsiyaya
qarşı mübarizə sahəsində həm qanunvericilik bazasının formalaşdırıldığı, həm də
müvafiq institutların yaradıldığı dövr idi.
Söhbət korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin
həvəsləndirilməsi və müdafiəsi haqqında qanundan gedir. Beynəlxalq aləmdə bu,
qısa şəkildə “fit çalanlar haqqında qanun” kimi tanınır. Bu ifadənin rəmzi
mənası ondan ibarətdir ki, hər hansı şəxs korrupsiya və ya digər hüquqpozma
barədə məlumatlı olduqda, həyəcan siqnalı verir, yəni həmin fakt barədə müvafiq
qurumlara məlumat çatdırır. Bu, korrupsiyaya qarşı mübarizədə mühüm
mexanizmdir. Çünki bir çox hallarda aidiyyəti qurumlar baş verən korrupsiya
faktlarından xəbərsiz ola bilirlər.
Belə məlumatların əsasən iki mənbəyi olur. Birincisi, korrupsiya
hüquqpozmasının baş verdiyi idarə və ya müəssisənin daxilindən verilən məlumatlardır.
İkincisi isə kənardan daxil olan məlumatlardır. Daxildən məlumat verən
şəxslərin müdafiəyə daha çox ehtiyacı var. Çünki onların kimliyi açıqlanarsa,
rəhbərlik tərəfindən təzyiqlərə məruz qala, ən yaxşı halda işdən çıxarıla və ya
başqa formalarda təqib oluna bilərlər. Kənardan məlumat verən şəxslər də
sonradan müxtəlif bəhanələrlə təqibə məruz qala bilərlər.
Bu baxımdan əsas məqsəd məlumat verən şəxslərin müdafiəsini təmin etmək,
onların anonimliyinin və məxfiliyinin qorunması prinsiplərini müəyyənləşdirməkdir.
Eyni zamanda, məlumat verən şəxslərin maddi və mənəvi həvəsləndirilməsi
mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Mənəvi həvəsləndirmə vasitələri,
məsələn, sovet dövründə olduğu kimi fəxri fərman və digər təltiflər formasında
ola bilər. Bununla yanaşı, maddi həvəsləndirmə mexanizmləri də tətbiq edilə
bilər”.
Hüquqşünas qeyd edib ki, qanun, həmçinin əlavə mexanizmləri əhatə edə bilər:
“Məsələn, xüsusi anonim qaynar xətt sistemlərinin yaradılması nəzərdə tutula
bilər. Şəxs həmin xətlər vasitəsilə ya anonim şəkildə məlumat verə, ya da öz
kimliyini açıqlamaqla müraciət edə, lakin bu halda da onun məxfiliyi qoruna
bilər.
Ümumilikdə, bu mexanizmlər korrupsiya hüquqpozmalarının ilkin mərhələdə
aşkarlanmasına və qarşısının alınmasına xidmət edir. Dünyanın bir çox ölkəsində
bu cür qanunlar mövcuddur. Azərbaycanda isə milli qanunvericilik sisteminin
xüsusiyyətləri nəzərə alınmaqla müəyyən fərqli yanaşmalar tətbiq oluna bilər.
Qısaca, beynəlxalq təcrübədə “fit çalanlar haqqında qanun” adlandırılan bu
sənədin əsas mahiyyəti korrupsiya barədə məlumat verən şəxslərin qorunması və
belə məlumatların verilməsinin təşviq edilməsidir”.
17:40 02.11.2026
Oxunuş sayı: 64