Hörmüz boğazında tanker minaya düşərək yanıb
Hörmüz boğazının şərqində neft tankerinin dəniz minasına düşməsi nəticəsində yanğın baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri bu barədə məlumat yayıb.
İran tərəfinin iddiasına görə, tanker naviqasiya və izləmə sistemlərini söndürərək hərəkət edib və təhlükəli hesab olunan əraziyə daxil olub.
Bildirilib ki, gəmi dəniz minasına toxunduqdan sonra zədələnib və yanğın başlayıb.
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən gəmiləri təhlükəli marşrutlardan istifadə etməməyə və naviqasiya sistemlərini işlək vəziyyətdə saxlamağa çağırıb.
Tankerin hansı ölkəyə məxsus olduğu, ekipaj üzvlərinin vəziyyəti və mümkün xəsarətlər barədə məlumat verilməyib.
Qeyd edək ki, İranın tankerlərlə bağlı oxşar açıqlamaları son günlərdə də yayılıb. Lakin konkret hadisənin bütün təfərrüatları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
17:27 02.11.2026
Oxunuş sayı: 68