İlham Əliyevin Ankara qərarı: Türk birliyinə sadiqlik və milli maraqların toxunulmazlığı
Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən 13-cü Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirak etməməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dövlət başçısının bu qərarı müxtəlif siyasi dairələrdə fərqli şəkildə şərh olunur. Lakin məsələyə yalnız bir Zirvə görüşü çərçivəsində yanaşmaq Azərbaycan liderinin Türk dünyasının birləşməsi və Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində uzun illər ərzində həyata keçirdiyi siyasəti diqqətdən kənarda qoymaq demək olardı.
Oktyabrın 30-da Ankarada keçirilən Zirvə görüşü Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi toplantıda təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi də nəzərdə tutulur. Azərbaycanı bu mühüm tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
İlham Əliyevin Ankaraya səfər etməməsi isə müəyyən suallar doğurub. Bəzi şərhlərdə bu qərar Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə yaranmış həssas vəziyyətlə əlaqələndirilir. Digər yanaşmalarda isə dövlət başçısının iştirakı olmadan keçirilən toplantı Azərbaycanın Türk dünyasına münasibətində mümkün dəyişiklik kimi təqdim edilməyə çalışılır.
Halbuki dövlətlərarası münasibətlərdə müəyyən bir tədbirdə iştirak səviyyəsi tərəflərin uzunmüddətli siyasi mövqeyini müəyyənləşdirən yeganə göstərici ola bilməz. Xüsusilə söhbət Türk Dövlətləri Təşkilatının qurulmasında və inkişafında birbaşa iştirak etmiş, onun fəaliyyətinə mühüm töhfələr vermiş Azərbaycandan gedirsə, belə nəticələr çıxarmaq üçün daha ciddi əsaslar tələb olunur.
Əslində, İlham Əliyevin Türk dünyası ilə bağlı siyasətinin mahiyyətini anlamaq üçün son günlərin hadisələrindən deyil, təşkilatın yaranma tarixindən başlamaq daha doğru olardı.
Türk dövlətlərinin institusional əməkdaşlıq tarixində Azərbaycan xüsusi yer tutur. Bu gün regional və beynəlxalq miqyasda nüfuzunu artırmağa çalışan təşkilatın hüquqi təməlləri məhz Azərbaycan ərazisində qoyulub. 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin iştirakı ilə imzalanmış saziş türk dövlətləri arasında münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaratdı.
Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi etdiyi görüş yalnız tarixi və mədəni bağlılıq haqqında fikir mübadiləsi deyildi. Naxçıvanda qəbul olunan qərarlar ortaq mənəvi dəyərləri beynəlxalq hüquqi mexanizmlərlə tamamlayan yeni əməkdaşlıq modelinin əsasını yaratdı.
Bu hadisənin Azərbaycan üçün əhəmiyyəti yalnız coğrafi məkanla bağlı deyildi. Naxçıvan görüşü Bakının türk dövlətlərinin yaxınlaşmasına verdiyi siyasi önəmin göstəricilərindən biri idi. Azərbaycan artıq həmin mərhələdə türk birliyinin təkcə ortaq tarixə və dilə əsaslanan mənəvi platforma kimi deyil, qarşılıqlı maraqlara xidmət edən beynəlxalq əməkdaşlıq mexanizmi kimi inkişaf etməsini dəstəkləyirdi.
Sonrakı illərdə təşkilatın genişlənməsi bu yanaşmanın əhəmiyyətini daha aydın göstərdi. Özbəkistanın üzvlüyü, əməkdaşlıq istiqamətlərinin çoxalması və təşkilatın beynəlxalq gündəlikdə mövqeyinin möhkəmlənməsi Naxçıvanda başlanmış prosesin davamı oldu.
Azərbaycan bu müddətdə təşkilatın fəaliyyətinə yalnız siyasi dəstək verməklə kifayətlənmədi. Bakı türk dövlətlərini bir-birinə bağlayan iqtisadi layihələrin həyata keçirilməsində fəal rol oynadı. Azərbaycan rəhbərliyinin yanaşmasına görə, türk xalqlarının yaxınlığı dövlətlər arasında real əlaqələrin genişlənməsi ilə müşayiət olunmalı idi.
Bu baxımdan 2013-cü ildə Qəbələdə keçirilmiş Türk Şurasının üçüncü Zirvə görüşü xüsusi diqqətə layiqdir. İlham Əliyev həmin toplantıda türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsinə, enerji layihələrinə və nəqliyyat infrastrukturunun inkişafına böyük əhəmiyyət verirdi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın liman infrastrukturu barədə səsləndirilən fikirlər regionda yeni iqtisadi imkanların formalaşdırılması məqsədini daşıyırdı. Bu layihələr türk dövlətlərinin dünya bazarlarına çıxışının genişləndirilməsi, tranzit imkanlarının artırılması və bir-birindən asılı olmayan alternativ nəqliyyat yollarının yaradılması baxımından əhəmiyyətli idi.
Bu gün beynəlxalq iqtisadi müzakirələrdə geniş yer tutan Orta Dəhliz ideyasının strateji əhəmiyyəti Azərbaycan tərəfindən hələ illər əvvəl ön plana çəkilmişdi. Həmin dövrdə nəqliyyat bağlantılarının gücləndirilməsi ilə bağlı irəli sürülən təşəbbüslər hazırda Avrasiya məkanında iqtisadi təhlükəsizlik və təchizat zəncirlərinin dayanıqlılığı baxımından aktuallıq qazanıb.
Başqa sözlə, Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın konkret iqtisadi nəticələr verməsinə çalışan əsas iştirakçılardan biri olub. Bununla da tarixi qardaşlıq münasibətlərinin iqtisadi maraqlarla möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
2019-cu ildə Bakıda keçirilən yubiley Zirvə görüşü də bu siyasətin davamı idi. Türk Şurasının yaradılmasının onuncu ildönümünün Azərbaycan paytaxtında qeyd edilməsi təşkilatın tarixində Bakının rolunu bir daha göstərdi.
Həmin toplantıda Özbəkistanın təşkilata tamhüquqlu üzv kimi qoşulması əməkdaşlıq coğrafiyasını genişləndirdi. Azərbaycanın sədrliyə başlaması isə təsadüfən son dərəcə mürəkkəb beynəlxalq dövrə təsadüf etdi.
Qısa müddət sonra dünya COVID-19 pandemiyası ilə qarşılaşdı. Sərhədlərin bağlanması, iqtisadi əlaqələrin məhdudlaşması, beynəlxalq daşımaların çətinləşməsi dövlətlər arasında əməkdaşlığın davam etdirilməsini mühüm məsələyə çevirdi. Azərbaycan bu şəraitdə türk dövlətlərinin birgə fəaliyyətinin qorunub saxlanılmasına və qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsinə çalışdı.
2020-ci ildə isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə regional siyasi vəziyyəti köklü şəkildə dəyişdi. Ərazi bütövlüyünün təmin edilməsi istiqamətində əldə olunan nəticələr ölkənin beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, Türk dünyasında da böyük mənəvi və siyasi əks-səda doğurdu.
Bunun ardınca, 2021-ci ilin noyabrında İstanbulda keçirilən Zirvə görüşündə Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması qərara alındı. Eyni zamanda, türk dövlətləri arasında uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən "Türk Dünyasına Baxış – 2040" sənədi qəbul edildi.
Bu dəyişiklik sadəcə təşkilatın adının yenilənməsi ilə məhdudlaşmırdı. Türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə daha geniş siyasi məzmun qazandırılması, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsi, beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin artırılması qarşıya qoyulan başlıca məqsədlər sırasında idi.
Həmin sammitdə İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması Azərbaycan Prezidentinin təşkilatın inkişafındakı xidmətlərinə verilən siyasi qiymət kimi də dəyərləndirilə bilər.
2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü isə türk dövlətlərinin əməkdaşlıq tarixində növbəti əlamətdar hadisəyə çevrildi. Qarabağın işğaldan azad olunmasından sonra türk dövlətlərinin liderlərinin Şuşada bir araya gəlməsi böyük siyasi və rəmzi məna daşıyırdı.
Bir vaxtlar işğal altında olan şəhərin beynəlxalq toplantıya ev sahibliyi etməsi Azərbaycanın suverenliyinin bərpasının və regionda yaranmış yeni reallıqların nümayişi idi. Şuşada qəbul olunan Qarabağ Bəyannaməsi təşkilat daxilində əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirməklə yanaşı, türk dövlətləri arasında həmrəyliyin daha geniş məzmun qazanmasına xidmət etdi.
Azərbaycanın irəli sürdüyü təşəbbüslərdə təhlükəsizlik məsələlərinin artan yer tutması da təsadüfi deyildi. Beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin güclənməsi, regional münaqişələr, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları ətrafında rəqabət türk dövlətlərinin ortaq maraqlarının qorunmasını daha aktual məsələyə çevirmişdi.
İlham Əliyev 2023-cü ildə Astanada təşkilatın üzvləri arasında müdafiə və müdafiə sənayesi istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyini gündəmə gətirdi. Azərbaycan rəhbərliyinin bu məsələlərə diqqət yetirməsi ölkənin təhlükəsizlik sahəsində əldə etdiyi təcrübə və dəyişən regional şəraitlə bağlı idi.
2025-ci ilin oktyabrında Qəbələdə təşkil olunan 12-ci Zirvə görüşü isə Azərbaycanın bu istiqamətdəki mövqeyini daha da aydınlaşdırdı. "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilən toplantıda İlham Əliyev türk dövlətlərinin beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olması üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladı.
Azərbaycan Prezidenti təşkilat üzvlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsini, birgə hərbi təlimlərin keçirilməsini və ortaq tarixi-mədəni irsin qorunmasını vacib istiqamətlər kimi təqdim etdi.
Bakıda 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın yüz illiyinin qeyd olunması təşəbbüsü də türk dövlətlərinin ortaq elmi və mədəni tarixinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Beləliklə, ötən illərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatına münasibətində ardıcıl inkişaf müşahidə olunur. Əvvəlcə institusional əməkdaşlığın yaradılmasına töhfə verən Bakı sonrakı mərhələlərdə iqtisadi inteqrasiya, nəqliyyat əlaqələri və enerji təhlükəsizliyi məsələlərini ön plana çıxarıb. Daha sonra regional sabitlik, müdafiə sahəsində əməkdaşlıq və beynəlxalq siyasi koordinasiya məsələləri gündəlikdə daha geniş yer almağa başlayıb.
Bu prosesdə Azərbaycan öz iqtisadi imkanlarından da istifadə edib. Türk dövlətlərinin iqtisadiyyatlarına yatırılan milyardlarla dollarlıq investisiyalar, nəqliyyat və logistika layihələri, Xəzər hövzəsinin tranzit potensialının artırılması istiqamətində görülən işlər təşkilat daxilində əməkdaşlığın praktik əsaslarını gücləndirib.
Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması türk dövlətlərinin iqtisadi əlaqələrinin genişlənməsinə imkan yaradır. Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına uzanan nəqliyyat bağlantıları region ölkələri üçün yeni iqtisadi perspektivlər açır.
Bütün bunlar göstərir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına münasibəti yalnız siyasi bəyanatlar üzərində qurulmayıb. Ölkə uzun illər ərzində bu əməkdaşlığın möhkəmlənməsinə xidmət edən layihələrin reallaşdırılmasında iştirak edib və təşkilatın gələcək inkişafı ilə bağlı təşəbbüslər irəli sürüb.
Məhz bu tarixi və siyasi mənzərə fonunda İlham Əliyevin Ankaradakı Zirvə görüşündə iştirak etməməsini Azərbaycanın türk birliyi ideyasından uzaqlaşması kimi təqdim etmək üçün əsas görünmür.
Rəsmi məlumatlara görə, Prezidentin tədbirə qatılmamasının səbəbi əvvəlcədən müəyyənləşdirilmiş iş proqramıdır. Oktyabrın 30-da Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalının final mərhələsi, eləcə də mükafatlandırma mərasimi keçirilir. Dövlət başçısının həmin tədbirdə iştirakı qabaqcadan planlaşdırılıb.
Bununla yanaşı son həftələr Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış müzakirələri də diqqətdən kənarda qoya bilmərik. Xüsusilə Azərbaycanın dövlət məktəblərində geyim qaydaları ilə bağlı qərarlarından sonra Türkiyənin bəzi siyasi və ictimai nümayəndələrinin səsləndirdikləri fikirlər ölkə ictimaiyyətində narazılıq yaradıb. Azərbaycan tərəfi üçün bu məsələ təkcə məktəbli geyiminə dair müzakirə deyil, həm də dövlətin daxili işlərinə münasibətdə siyasi və diplomatik davranış sərhədləri ilə bağlı məsələ kimi qiymətləndirilib.
Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın Azərbaycanla bağlı açıqlamalarından sonra vəzifəsindən ayrılması ətrafında yaranan müzakirələr də bu kontekstdə diqqət çəkib. Türkiyə mətbuatında onun vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan haqqında səsləndirdiyi fikirlər arasında əlaqə qurulub.
Yaranmış vəziyyət dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət prinsipinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.
Azərbaycanla Türkiyəni birləşdirən bağlar yalnız dövlət rəhbərləri arasındakı şəxsi münasibətlərlə məhdudlaşmır. İki ölkə ortaq tarixə, dilə, mədəniyyətə, qarşılıqlı təhlükəsizlik maraqlarına və geniş iqtisadi əməkdaşlığa əsaslanan strateji müttəfiqlərdir.
Azərbaycanın 2020-ci ildə qazandığı Qələbə zamanı Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək iki ölkə arasındakı münasibətlərin dərinliyini nümayiş etdirdi. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə bu yaxınlığı rəsmi müttəfiqlik səviyyəsinə yüksəltdi.
Ancaq müttəfiqlik anlayışı dövlətlərin suverenliyini, onların daxili qanunvericiliyini və müstəqil qərar qəbul etmək hüququnu arxa plana keçirmir. Əksinə, uzunmüddətli və dayanıqlı tərəfdaşlıq münasibətlərinin qorunması üçün məhz bu prinsiplərə əməl olunması zəruridir.
Azərbaycan-Türkiyə münasibətlərində də tərəflərin bir-birinin milli maraqlarına və daxili qərarlarına həssas yanaşması xüsusi əhəmiyyət daşıyır.
İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanın dövlət müstəqilliyini yalnız formal hüquqi status kimi deyil, beynəlxalq münasibətlərdə sərbəst qərar qəbul etmək imkanı kimi qorumaqdır.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq etsə də, öz xarici siyasətini hər hansı dövlətin - o hətta Türkiyə olsa da belə - siyasi iradəsinə uyğunlaşdırmaq prinsipini qəbul etmir. Bu yanaşma ölkənin həm regional qonşularla, həm strateji müttəfiqlərlə, həm də beynəlxalq təşkilatlarla münasibətlərində özünü göstərir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də müstəqil xarici siyasət xəttinin mühüm istiqamətlərindən biri idi. Bakı bu platformada dövlətlərin suveren bərabərliyini, daxili işlərə müdaxilə edilməməsini və beynəlxalq münasibətlərdə ikili standartlardan uzaq yanaşmanın vacibliyini müdafiə edib.
Bu prinsiplər Azərbaycan üçün ayrı-ayrı ölkələrə münasibətdə dəyişən siyasi seçim deyil. Dövlətin suverenliyinin və milli maraqlarının qorunması bütün beynəlxalq əlaqələrdə əsas meyar kimi çıxış edir.
Buna görə də Azərbaycanla yaxın münasibətlərə malik olmaq heç bir xarici siyasi fiqura ölkənin daxili məsələləri haqqında diplomatik etikadan kənar fikirlər səsləndirmək üstünlüyü vermir. Dostluq və qardaşlıq münasibətləri qarşılıqlı hörməti zəiflətməməli, əksinə, onu daha da gücləndirməlidir.
Bu yanaşmanı Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından da qiymətləndirmək lazımdır. Təşkilatın güclü beynəlxalq platformaya çevrilməsi üçün üzv ölkələrin özlərini bərabərhüquqlu tərəfdaş kimi hiss etməsi mühüm şərtdir.
Türk dünyasında ölkələrin əhali sayı, iqtisadi imkanları, coğrafi mövqeyi və hərbi potensialı fərqlidir. Bununla belə, təşkilatın siyasi səmərəliliyi bu fərqlərin dövlətlər arasında üstünlük münasibətinə çevrilməməsindən asılıdır.
Azərbaycanın bu birliyə verdiyi töhfənin əhəmiyyəti də məhz buradadır. Bakı təşkilatın fəaliyyətinə qoşularkən başqa bir siyasi mərkəzin rəhbərliyi altında hərəkət etmək məqsədi güdməyib. Əksinə, qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsinə, üzv dövlətlərin imkanlarının birləşdirilməsinə və ortaq mövqelərin formalaşdırılmasına çalışıb.
Naxçıvanda təməli qoyulan əməkdaşlıq modeli də öz mahiyyətinə görə suveren dövlətlərin könüllü birliyini ifadə edir. Bu birlikdə hansısa ölkənin digərləri üzərində siyasi üstünlüyünün qəbul edilməsi təşkilatın yaradılma fəlsəfəsi ilə uyğun gəlməzdi.
Ankaradakı Zirvə görüşündə Azərbaycanın xarici işlər naziri səviyyəsində təmsil olunması isə Bakı ilə Ankara arasında institusional əlaqələrin davam etdiyini göstərir.
Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşməsi, təşkilat çərçivəsində keçirilən müzakirələrdə iştirak etməsi və Azərbaycanın sədr ölkə kimi proseslərdə təmsil olunması əməkdaşlığın davamlılığını təsdiqləyən məqamlardır.
Belə şəraitdə dövlət başçısının şəxsən iştirak etməməsi ilə Azərbaycanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi arasında fərq qoyulmalıdır. Beynəlxalq diplomatiyada nümayəndə heyətinin səviyyəsi müxtəlif səbəblərlə müəyyən edilə bilər və bu qərar hər zaman siyasi münasibətlərin zəifləməsini ifadə etmir.
Digər tərəfdən, Azərbaycanın müstəqil qərar qəbul etmək hüququnun vurğulanması Türkiyə ilə müttəfiqliyin əhəmiyyətini azaltmır. Əksinə, bərabərhüquqlu münasibətlərə əsaslanan əməkdaşlıq gələcəkdə yarana biləcək fikir ayrılıqlarının daha sağlam şəkildə idarə olunmasına imkan verir.
Azərbaycanla Türkiyə arasında iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində formalaşmış əlaqələr kifayət qədər genişdir. Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Qars kimi strateji layihələr iki ölkənin maraqlarının nə qədər sıx bağlı olduğunu göstərir.
Bütün bu layihələr yalnız Azərbaycan və Türkiyəyə deyil, bütövlükdə regiona təsir edir. Onlar Mərkəzi Asiyanın Avropa bazarları ilə əlaqələndirilməsinə, enerji təchizatının şaxələndirilməsinə və beynəlxalq daşımaların təhlükəsizliyinin artırılmasına xidmət edir.
Bu əməkdaşlığın gələcək perspektivləri isə ayrı-ayrı siyasi mübahisələrdən daha genişdir. Hər iki dövlət regionda sabitliyin qorunmasında, nəqliyyat kommunikasiyalarının inkişafında və Türk Dövlətləri Təşkilatının beynəlxalq imkanlarının artırılmasında maraqlıdır.
Ona görə də hazırkı siyasi vəziyyəti iki ölkə arasında münasibətlərin gələcəyi üçün ciddi böhran kimi qiymətləndirmək tələskənlik olardı.
Əsas məsələ Azərbaycan-Türkiyə müttəfiqliyinin qarşılıqlı etimad, suverenliyə hörmət və dövlətlərin bərabərliyi prinsipləri əsasında davam etdirilməsidir.
Türk Dövlətləri Təşkilatının gələcək uğurları da məhz bu prinsiplərdən asılı olacaq. Əgər təşkilat qlobal siyasi proseslərdə söz sahibi olmaq, üzv ölkələrin təhlükəsizlik maraqlarını müdafiə etmək və vahid iqtisadi məkanın formalaşmasına töhfə vermək istəyirsə, onun daxilində qarşılıqlı hörmət və etimad mühiti daha da möhkəmləndirilməlidir.
Azərbaycan bu prosesdə mühüm rol oynamağa davam etmək üçün həm siyasi iradəyə, həm iqtisadi resurslara, həm də strateji imkanlara malikdir. Ölkənin coğrafi mövqeyi, enerji layihələri, nəqliyyat infrastrukturu və təhlükəsizlik sahəsində təcrübəsi Türk dünyasının gələcək inkişafında mühüm əhəmiyyət daşıyır.
İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələr göstərir ki, Bakı türk birliyini qısamüddətli siyasi maraqlara xidmət edən platforma kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq məkanı kimi görür.
Bu baxımdan Ankara Zirvə görüşündə Prezidentin iştirak etməməsi Azərbaycan tərəfindən illər ərzində aparılmış siyasətin mahiyyətini dəyişmir. Bakının təşkilatın yaradılmasında oynadığı rol, onun genişlənməsinə verdiyi dəstək və gələcək inkişafı ilə bağlı irəli sürdüyü təşəbbüslər bir sammitdə iştirak məsələsi ilə ölçülə bilməz.
Eyni zamanda, son hadisələrdən çıxarıla biləcək mühüm siyasi nəticə də var: yaxın müttəfiqlik münasibətlərinin mövcudluğu tərəflərin dövlət müstəqilliyinə və suveren qərarlarına hörmət göstərilməsi zərurətini aradan qaldırmır.
Azərbaycan üçün Türkiyə strateji müttəfiq, türk dövlətləri isə ortaq tarixi və gələcək maraqları bölüşdüyü mühüm tərəfdaşlardır. Lakin bu münasibətlərin hər birində Azərbaycanın milli maraqları, dövlət müstəqilliyi və bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas yer tutur.
Sonda qeyd edək ki, İlham Əliyevin Ankaraya getməməsi ilə bağlı müxtəlif siyasi ehtimallar irəli sürmək mümkündür, lakin həmin qərarın rəsmi izahından kənar səbəbləri təsdiqlənmiş fakt kimi təqdim etmək olmaz. Dəyişməyən həqiqət isə Azərbaycanın Türk Dövlətləri Təşkilatının yaranmasında və güclənməsində oynadığı tarixi roldur. Naxçıvanda təməli qoyulan, Bakıda, Qəbələdə və Şuşada yeni məzmun qazanan bu əməkdaşlıq Azərbaycanın da siyasi iradəsi və təşəbbüsləri ilə formalaşıb. Bakı türk birliyinin inkişafında maraqlıdır, ancaq bu inkişafın dövlətlərin suveren bərabərliyinə, qarşılıqlı etimada və milli maraqlara hörmət üzərində qurulmasını vacib sayır. Çünki həqiqi qardaşlıq yalnız ortaq dəyərləri bölüşmək deyil, həm də tərəfdaşın müstəqil mövqeyinə hörmət göstərməyi bacarmaqdır.
14:39 30.10.2026
Oxunuş sayı: 2644