Rusiya NATO ilə toqquşmanı gözə alacaq: Polşaya müdaxilə gündəmdədir
Polşa Rusiyadan gələ biləcək təxribat təhlükələrini nəzərə alaraq Kalininqrad vilayəti ilə sərhəddə xüsusi əməliyyata başlayıb. Son dövrlər Avropada müşahidə olunan siyasi gərginlik, daxili qarşıdurmalar, etiraz aksiyaları və təhlükəsizlik narahatlıqları regionda vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə Avropa ölkələri arasında yaranan fikir ayrılıqları, Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı müzakirələr, eləcə də Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətləri ilə bağlı narahatlıqlar təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Mövcud vəziyyətdə Avropanın daxili siyasi və sosial baxımdan zəifləməsi Rusiyanın maraqlarına nə dərəcədə xidmət edə bilər? Moskva Avropa ölkələrindəki qarşıdurmalardan və yaranmış qeyri-sabitlikdən istifadə edərək öz geosiyasi mövqelərini gücləndirməyə, eyni zamanda, Qərbin Ukraynaya dəstəyini zəiflətməyə çalışırmı? Digər tərəfdən, Polşanın NATO üzvü olduğunu və regionda mövcud hərbi-siyasi balansı nəzərə alsaq, Rusiyanın yaranmış vəziyyətdən istifadə edərək Polşaya qarşı birbaşa hərbi müdaxiləyə əl atması nə dərəcədə realdır? Yoxsa Moskva açıq hərbi qarşıdurmadan daha çox təxribatlar, kiberhücumlar, informasiya müharibəsi və digər hibrid vasitələrlə Avropaya təzyiq göstərməyə üstünlük verir?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Avropa ölkələri daxilində bu cür qarşıdurma və qarışıqlıq olduğu təqdirdə bu, Rusiya üçün müəyyən fürsətlər yaradır: “Xüsusilə də təxribatçıların həmin ölkələrə sızması və təxribat planlarını həyata keçirməsi üçün münbit mühit formalaşır. Çünki etiraz edənlərin arasında müəyyən təxribatçılar olur ki, onlar da prosesi daha radikal müstəviyə yönəltməyə çalışırlar. Yəni, bir ölkənin daxilində nə qədər çox qarışıqlıq yaranarsa, bu, həmin ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən parçalanmasına və zəifləməsinə gətirib çıxarır. Bu isə, əslində, Rusiyanın maraqlarına uyğundur. Ancaq Rusiyanın Polşadakı bu qarışıqlıqdan istifadə edərək həmin ölkəyə hücum etməsi real görünmür. Əvvəla, Polşa NATO üzvüdür. Üstəlik, Polşanın ordusu Avropa ölkələri arasında ən güclü ordulardan biridir. Bundan başqa, nəzərə almaq lazımdır ki, Polşa həm də Ukrayna ilə həmsərhəddir. Ən nəhayət, NATO-nun 5-ci maddəsinə görə, NATO üzvü olan ölkələrdən birinə qarşı hərbi müdaxilə bütün NATO ölkələrinə qarşı hərbi təcavüz hesab olunur. Bu da NATO-nun dərhal hərəkətə keçməsinə gətirib çıxaracaq. Bundan başqa Polşada ABŞ-nin hərbi qüvvələri və texnikası mövcuddur. Eyni zamanda, perspektivdə ABŞ-nin Polşada böyük hərbi bazasının yaradılması ilə bağlı razılıq əldə olunub. Digər bir məqam isə Rusiyanın NATO ilə uzunmüddətli müharibə aparmaq imkanlarının olmaması ilə əlaqədardır. Çünki Rusiya hazırkı vəziyyətdə Ukrayna ilə cəbhədə, demək olar ki, tamamilə hərəkətsiz vəziyyətdədir”.

Politoloq qeyd edib ki, Rusiya heç bir ciddi hərbi uğur əldə edə bilmir: “Ən azı son iki ayda, yəni sentyabr-oktyabr aylarında təqdim olunan, xüsusilə də ABŞ-nin açıqladığı rəqəmlərə diqqət yetirsək, Rusiyanın işğal etdiyindən daha çox ərazi itirdiyini görərik. Bu, cəbhə xəttindəki real vəziyyəti ortaya qoyur. Ona görə də Rusiya uzaq məsafədən ballistik və qanadlı raketlər, o cümlədən reaktiv dronlarla zərbələr endirməyə üstünlük verir. Bu da cəbhə xəttində verdiyi böyük itkiləri kompensasiya etmək məqsədi daşıyır. Eyni zamanda, qışın soyuq şəraitindən istifadə edərək Ukrayna əhalisini təslim olmağa məcbur etmək istəyir. Məqsəd əhalini Ukrayna hakimiyyətinə qarşı qaldırmaq və nəticə etibarilə Ukraynanın Rusiyanın Donbası təhvil verməsi ilə bağlı siyasətinə və planına razılıq verməsinə nail olmaqdır. Ona görə də Rusiyanın belə bir addım atmasını qeyri-real edən çoxsaylı səbəblər mövcuddur. Ancaq hibrid müharibənin tərkib hissəsi olaraq, ortada ciddi fəaliyyət var və bu, sadəcə Polşa ilə məhdudlaşmır. Baltikyanı ölkələrdə, Avropa İttifaqının digər üzv dövlətlərində, Bolqarıstanda, Rumıniyada və başqa ölkələrdə də bu cür təxribatların şahidi oluruq. Bütün bunlar Rusiyanın təzyiq vasitəsi və aləti kimi nəzərdə tutulur. Məqsəd Avropa ölkələrini Ukraynaya yardımdan geri çəkindirməkdir. ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. Bu baxımdan, bütün bu amillər və səbəblər göstərir ki, Rusiyanın Polşaya belə bir hücum həyata keçirməsi real deyil. Ancaq təbii ki, Rusiya yaranmış fürsətlərdən istifadə edərək bu cür təxribatları davam etdirəcək”.
Ayhan
14:00 03.11.2026
Oxunuş sayı: 163