Trampdan şok iddia: Senatorluğa namizəd yoxa çıxıb
ABŞ Prezidenti Donald Tramp Alyaska ştatından Senata namizədliyini irəli sürən Daniel C. Sallivanın yoxa çıxdığını iddia edərək Demokratlar Partiyasının nümayəndələrini ittiham edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti namizədi “saxta” adlandıraraq onun yerinin müəyyən edilə bilmədiyini bildirib.
“Alyaskadan olan saxta namizəd Daniel C. Sallivan tamamilə yoxa çıxıb. Heç kim onu tapa bilmir. Bəlkə də onu korrupsiyaya bulaşmış demokrat hüquqşünaslar ‘oğurlayıblar’?” – deyə Tramp yazıb.
O, həmçinin Demokratlar Partiyası ilə əlaqəli hüquqşünasların seçki saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğunu iddia edib.
Qeyd edək ki, Alyaskada Senat seçkilərində hazırkı respublikaçı senator Den Sallivanla oxşar ad daşıyan Daniel C. Sallivan da namizəddir.
Tramp administrasiyası ikinci Sallivanın seçiciləri çaşdırmaq məqsədilə seçkiyə qatıldığını iddia edir. Demokrat namizəd Meri Peltola isə onun kampaniyasının bu prosesdə iştirakını rədd edib.
Noyabrın 1-də federal məhkəmə Tramp administrasiyasının seçki nəticələrinin təsdiqinin mümkün təxirə salınması ilə bağlı iddiasını rədd edib.
Daniel Sallivanın qaçırıldığına dair təsdiqlənmiş məlumat yoxdur.
12:55 03.11.2026
Oxunuş sayı: 57