Deputat: Azərbaycan Əlcəzair münasibətlərinin inkişafı hər iki dövlətə müsbət təsir göstərəcək
Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlər uzun illərə dayanır. Ötən müddət ərzində iki ölkə arasında siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrin möhkəmlənməsinə töhfə verib. Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna bu ölkənin İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə əminliyini vurğulayıb. Bəs bu gün Azərbaycan-Əlcəzair münasibətləri hansı səviyyədə inkişaf edir? İki ölkə arasında diplomatik əlaqələrin mövcud vəziyyətini və gələcək əməkdaşlıq perspektivlərini necə qiymətləndirmək olar?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib:
“Bu gün Azərbaycan ərəb və müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu istiqamətdə dövlətimiz tərəfindən müxtəlif tədbirlər həyata keçirilir və deyə bilərik ki, əlaqələrimizin yüksək səviyyədə olduğu ölkələrdən biri də məhz Əlcəzairdir. Hazırda Azərbaycan-Əlcəzair münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bir müddət bundan əvvəl cənab Prezident Əlcəzairdə səfərdə olmuş və orada keçirilən görüşlərdə iştirak etmişdi. Bu səfər bir çox baxımdan əhəmiyyətli idi. Belə ki, səfər çərçivəsində bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı və münasibətlərin gələcək inkişafı üçün yeni bir səhifənin açıldığını deyə bilərik. Bu mənada, ölkələrimiz arasındakı əlaqələr hazırda da inkişaf etməkdədir. Əlcəzair rəsmiləri mütəmadi olaraq Azərbaycanda səfərdə olublar. Eyni zamanda, müxtəlif vaxtlarda Azərbaycan rəsmiləri də Əlcəzairə səfərlər ediblər. Məsələn, bu səfər çərçivəsində də müxtəlif məlumatlar verildi, müzakirələr aparıldı. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar əlaqələrimizin inkişafı baxımından çox vacib və mühüm məsələlərdir. Bu gün iki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir və gələcəkdə də bu inkişafın davam edəcəyini deyə bilərik. Şübhəsiz ki, bu münasibətlərin möhkəmlənməsi hər iki ölkənin əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək və müsbət nəticələrə yol açacaq”.
Ayhan
13:00 03.11.2026
Oxunuş sayı: 59