Məktəbdən yayınan şagirdləri hansı cəza gözləyir?
Təhsil prosesində şagirdin dərsə davamiyyəti yalnız məktəbə gəlib-getməsinin
qeydə alınması deyil, onun bilik və bacarıqlarının formalaşması, tədris
proqramını mənimsəməsi və akademik nəticələrinin qiymətləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır. Bəzən valideynlər və şagirdlər arasında belə bir fikir
formalaşır ki, dərslərdə iştirak etməsə də, tədris ilinin sonunda müəyyən
qaydada attestat almaq və ya avtomatik olaraq növbəti sinfə keçmək mümkündür.
Halbuki təhsil prosesi yalnız ilin sonunda keçirilən imtahan və ya əldə olunan
sənədlə məhdudlaşmır. Şagirdin il ərzində dərslərdə iştirakı, verilən
tapşırıqları yerinə yetirməsi, biliklərinin yoxlanılması və qiymətləndirmə
nəticələri də nəzərə alınır.
Davamiyyətsizlik ilk növbədə tədris materiallarının mənimsənilməsində
boşluqlar yaradır. Şagird dərslərdə iştirak etmədikdə mövzuları ardıcıl şəkildə
öyrənmək, müəllimin izahlarını dinləmək, sinifdaxili müzakirələrə və praktik
məşğələlərə qoşulmaq imkanını itirir. Bu isə sonradan onun qiymətləndirilməsinə
də təsir göstərə bilər. Xüsusilə uzun müddət dərsə gəlməyən şagirdin bilik
səviyyəsinin müəyyənləşdirilməsi və təhsil proqramının tələblərinə uyğun nəticə
göstərməsi çətinləşir.
Digər tərəfdən, davamiyyətsizliyin səbəbləri də fərqli ola bilər. Bəzi
hallarda bu, sağlamlıq problemləri və ailə vəziyyəti ilə bağlı olduğu halda, digər
hallarda valideyn nəzarətinin zəifliyi, təhsilə marağın azalması və ya şagirdin
məktəbdən yayınması ilə əlaqədar olur. Bu səbəblərin hər birinə eyni yanaşmaq
düzgün deyil. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər problemin səbəbini
müəyyənləşdirməli, şagirdin təhsildən kənarda qalmasının qarşısını almaq üçün
müvafiq tədbirlər görməlidirlər.
Əsas məsələ isə şagirdin dərsə gəlmədən tədris ilini başa vuracağı, attestat alacağı və ya heç bir çətinlik olmadan növbəti sinfə keçiriləcəyi düşüncəsinin doğru olmamasıdır. Davamiyyət, qiymətləndirmə və sinifdən-sinfə keçid məsələləri müvafiq təhsil qaydaları ilə tənzimlənir. Bu baxımdan, valideynlərin də övladlarının davamiyyətinə nəzarət etməsi, məktəblə mütəmadi əlaqə saxlaması vacibdir.

Crossmedia.az-a açıqlmasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, tədris
prosesində uzun müddət iştirak etməyən şagirdlərin tədris ilinin sonunda
növbəti sinfə keçirilməsi ilə bağlı müəyyən zəruri tətbiq məqamları var:
“Bəzi hallarda belə şagirdlər sinifdən-sinfə keçirilir. Lakin düşünürəm ki,
bu məsələdə müəyyən məhdudiyyətlərin tətbiqi vacibdir.
Davamiyyətsizlik şagirdin növbəti sinfə keçirilməsinə və attestat almasına
mane olmalıdır. Çünki şagird tədris prosesində iştirak etməyibsə və mövcud
tədris proqramını mənimsəməyibsə, onun növbəti sinfə keçirilməsi
qanunvericiliyin tələbləri baxımından doğru deyil. Bu məsələ “Məktəb həyatı
haqqında” qanunvericilikdə də öz əksini tapır.
Şagirdin dərslərdə davamiyyətinə görə məsuliyyət isə birbaşa valideynin
üzərinə düşür. Valideyn bu məsələyə diqqətlə və məsuliyyətlə yanaşmalı,
məktəblə daim əməkdaşlıq etməlidir. Hətta bəzi məktəblər şagirdin tədris
prosesinə qoşulmasını təmin etmək üçün birbaşa valideynlə əlaqə saxlayırlar.
Buna baxmayaraq, bəzi valideynlər övladlarının təhsildən yayınmasına şərait
yaradırlar. Bu səbəbdən qanunvericilikdə müvafiq məhdudiyyətlər və cəza
tədbirləri nəzərdə tutulub. Valideynlər bu məqamları mütləq nəzərə almalı,
övladlarının tədris prosesində iştirakına məsuliyyətlə yanaşmalıdırlar.
Şagird uzun müddət dərslərdən yayınarsa, onun növbəti sinfə keçirilməsi sual altında qalır və belə hallarda o, sinifdə saxlanıla bilər”.
Məhəbbət Tərlanoğlu
13:10 03.11.2026
Oxunuş sayı: 57