Azərbaycan və Qazaxıstan “Xəzər körpüsü” yaradacaq
Azərbaycan və Qazaxıstan arasında “Xəzər körpüsü” (“Super Ferry”) adlı yeni nəsil bərə sisteminin yaradılması barədə əməkdaşlıq müqaviləsi imzalanıb.
Crossmedia.az xəbər verir ki, AZCON Holding bu barədə məlumat yayıb.
Bildirilib ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda “Samruk-Kazyna” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovla görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.
İlk sənəd “Xəzər körpüsü” layihəsi üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Layihə Azərbaycanın Ələt və Qazaxıstanın Kurık limanları arasında müasir, yüksəktutumlu bərələrlə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur.
Əsas məqsəd Xəzər dənizi üzərindən yükdaşımaların sürətləndirilməsi, liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasıdır.
Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstanın “Kazakhstan Temir Zholy” şirkəti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında birgə intermodal yük terminalının yaradılmasına dair əsas şərtlər sənədi imzalanıb.
Yeni terminalın konteyner və digər yüklərin daşınmasını genişləndirməsi, liman və dəmir yolu əməliyyatlarının əlaqələndirilməsini gücləndirməsi nəzərdə tutulur.
Layihə çərçivəsində terminalın idarə olunması üçün birgə müəssisənin yaradılması da planlaşdırılır. İnvestisiya və maliyyələşdirmə şərtləri növbəti mərhələdə dəqiqləşdiriləcək.
14:09 03.11.2026
Oxunuş sayı: 65