İranda Helloven bayramı dağıdılıb, saxlanılanlar var
İranın paytaxtı Tehranda Hellouin bayramını qeyd etmək üçün toplaşan insanlara qarşı güc tətbiq edilib, bir neçə nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Iran International” şahidlərin ifadələrinə istinadən bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 30-da axşam saatlarında şəhərin mərkəzində, Rəssamlar parkının yaxınlığındakı İranşəhr küçəsində baş verib.
Məlumata görə, bayram geyimlərində toplaşan gənclərin qarşısını polis əməkdaşları kəsib. Daha sonra “Bəsic” qüvvələri və mülki geyimli təhlükəsizlik əməkdaşları müdaxilə edərək insanları ərazidən uzaqlaşdırıblar.
Şahidlər təhlükəsizlik qüvvələrinin bəzi iştirakçıları döydüyünü, saxlanılmalar həyata keçirdiyini və ətrafdakı kafeləri bağlatdırdığını bildiriblər.
Müdaxilə yalnız bayramı qeyd edən gənclərlə məhdudlaşmayıb. Parkda uşaqları ilə birlikdə olan ailələrin də ərazini tərk etməsi tələb olunub.
Məlumata əsasən, iştirakçıların bir qismini hicab taxmayan qadınlar təşkil edib. İran hakimiyyəti daha əvvəl ictimai məkanlarda Hellouin tədbirlərinin keçirilməsinə məhdudiyyətlər tətbiq etmişdi.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi mühafizəkar dairələr təhlükəsizlik qüvvələrinin müdaxiləsini dəstəkləyiblər.
Saxlanılanların dəqiq sayı və xəsarət alanların vəziyyəti barədə rəsmi məlumat açıqlanmayıb.
14:36 03.11.2026
Oxunuş sayı: 61