Süni intellektlə bölüşdüyümüz şəxsi məlumatlar satışa çıxarıla bilər
Süni intellekt artıq insanların gündəlik həyatının ayrılmaz hissəsinə
çevrilib. Bir çoxları bu platformalardan yalnız məlumat əldə etmək, mətn yazmaq
və işlərini asanlaşdırmaq üçün deyil, şəxsi problemlərini bölüşmək, məsləhət
almaq, hətta emosional dəstək tapmaq məqsədilə də istifadə edir. Bəzən insanlar
yaxınları ilə belə bölüşmədikləri fikirləri süni intellekt çatbotlarına yazır,
ailə münasibətlərindən, şəxsi həyatlarından, sağlamlıq problemlərindən,
qorxularından və gələcəklə bağlı narahatlıqlarından danışırlar. Bununla da
fərqinə varmadan rəqəmsal platformalara kifayət qədər həssas məlumatlar
ötürürlər.
Lakin bu yazışmaların nə dərəcədə məxfi olduğu, şirkətlərin həmin
məlumatları necə saxladığı və gələcəkdə onlardan hansı məqsədlərlə istifadə edə
biləcəyi məsələsi hələ də ciddi müzakirə mövzusudur. İstifadəçilərin
əksəriyyəti hesab edir ki, platformada apardıqları söhbətlər yalnız özləri ilə
süni intellekt arasında qalır. Halbuki məlumatlar şirkətlərin serverlərində
saxlanılır və onların taleyi təkcə istifadəçinin seçimlərindən deyil, həmin şirkətlərin
gələcək fəaliyyətindən də asılıdır.
Xüsusilə süni intellekt şirkətlərinin maliyyə çətinlikləri ilə üzləşməsi,
başqa şirkətlərə satılması və ya iflas etməsi yeni təhlükəsizlik suallarını
ortaya çıxarır. Şirkət fəaliyyətini dayandırdıqda istifadəçilərin şəxsi
yazışmaları, məlumatları və rəqəmsal izləri necə qorunur? Bu məlumatlar
şirkətin digər aktivləri kimi satış predmetinə çevrilə bilərmi? Daha
təhlükəlisi isə odur ki, bir insan çatbotla söhbət zamanı yalnız özü haqqında
deyil, ailə üzvləri, dostları və iş yoldaşları barədə də məlumat paylaşa bilər.
Beləliklə, həmin platformadan heç vaxt istifadə etməyən şəxslərin məxfiliyi də
risk altına düşə bilər.
“Character.ai” ilə bağlı baş verənlər bu narahatlıqların artıq nəzəri
ehtimal olmadığını göstərir. Süni intellektlə ünsiyyətin getdikcə daha şəxsi
xarakter alması fonunda istifadəçilərin məlumatlarının qorunması, şirkətlərin
məsuliyyəti və mövcud qanunvericiliyin bu sahədə imkanları daha aktual məsələyə
çevrilir. İnsanlar texnologiyanın təqdim etdiyi rahatlıqdan istifadə edərkən
şəxsi həyatlarının hansı risklərlə üzləşə biləcəyini də bilməlidirlər.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında informasiya təhlüksizliyi
eksperti Eyvaz Kərimov bildirib ki, bu gün insanlar süni intellektdən yalnız iş
və gündəlik məsələlər üçün deyil, şəxsi problemlərini bölüşmək, ailə
münasibətləri, psixoloji vəziyyət və digər həssas mövzularda məsləhət almaq
üçün də istifadə edirlər.
Burada əsas təhlükə ondan ibarətdir ki, istifadəçilər bəzən qarşı tərəfin
insan deyil, məlumatları müəyyən serverlərdə emal olunan bir texnologiya
olduğunu unudurlar.
Məsələn, şəxs öz ailə problemlərini, şəxsi yazışmalarını, bank
məlumatlarını, iş yerinə aid məxfi sənədləri və digər həssas informasiyaları
çatbota göndərə bilər. Bu məlumatların hansı müddət ərzində saxlanılması,
kimlərin onlara çıxış əldə edə bilməsi və hansı məqsədlə istifadə olunması
platformanın məxfilik siyasətindən asılıdır.
Əsas risklər məlumatların kənar şəxslərin əlinə keçməsi, kibertəhlükəsizlik
hücumları, istifadəçi hesablarının ələ keçirilməsi və məlumatların
istifadəçinin gözləmədiyi məqsədlər üçün işlədilməsidir.
Şirkət iflas etdikdə və ya başqa şirkətə satıldıqda məlumatların qorunmasının
necə təmin olunması barədə isə ekspert qeyd edib ki, bu məsələyə xüsusi diqqət
yetirilməlidir:
“Çünki şirkətin fəaliyyəti dayandıqda və ya başqa şirkət tərəfindən satın
alındıqda istifadəçilərin məlumatları sadəcə kommersiya aktivinin bir hissəsi
kimi qəbul edilməməlidir.
Burada bir neçə vacib mexanizm olmalıdır:
İstifadəçi məlumatlarının hansı məqsədlə toplandığı və kimlərlə paylaşıla
biləcəyi əvvəlcədən aydın göstərilməlidir.
Şirkət satıldıqda məlumatların yeni sahibə hansı hüquqi əsasla ötürüldüyü
müəyyən edilməlidir.
İstifadəçilərin məlumatlarının qorunması ilə bağlı öhdəliklər müqavilələrdə
öz əksini tapmalıdır.
Şirkət fəaliyyətini dayandırdıqda artıq saxlanılmasına ehtiyac olmayan
məlumatlar təhlükəsiz şəkildə silinməlidir.
Məlumatların ehtiyat nüsxələri, serverlər və digər saxlama sistemləri də bu
prosesə daxil edilməlidir.
Yəni şirkətin satılması və ya iflas etməsi istifadəçilərin şəxsi
məlumatlarının qorunması öhdəliyini aradan qaldırmamalıdır.
Süni intellekt platformalarından istifadə edən şəxslərin məlumatları
qanunvericiliklə qorunur. Bu sahədə hüquqi baza mövcuddur.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi və ailə
həyatının sirrini, eləcə də yazışmaların məxfiliyini qoruyur.
Bundan əlavə, “Fərdi məlumatlar haqqında” Qanun şəxslərin məlumatlarının
toplanılması, saxlanılması, işlənilməsi, mühafizəsi və ötürülməsi qaydalarını
müəyyən edir.
Bu qanuna əsasən, şəxsin kimliyini müəyyən etməyə imkan verən məlumatlar
fərdi məlumat hesab olunur. Həmin məlumatların qorunması üçün texniki və
təşkilati təhlükəsizlik tədbirləri görülməlidir. Qanunda fərdi məlumatların
xarici ölkələrə ötürülməsi ilə bağlı da tələblər nəzərdə tutulub.
Ancaq burada bir məqamı qeyd etmək lazımdır: süni intellekt platformalarının
fəaliyyəti beynəlxalq xarakter daşıyır. İstifadəçi Azərbaycanda olsa da, onun
məlumatları başqa ölkədə yerləşən serverlərdə emal oluna bilər. Bu səbəbdən
təkcə yerli qanunvericiliyi deyil, platformanın hansı ölkədə fəaliyyət
göstərdiyini və hansı məxfilik qaydalarına əməl etdiyini də nəzərə almaq
lazımdır.
İstifadəçilərə tövsiyəm odur ki, süni intellekt çatbotlarına şəxsi
məlumatlarını göndərərkən ehtiyatlı olsunlar. Şəxsiyyət vəsiqəsinin şəkli, bank
kartı məlumatları, şifrələr, iş yerinə aid məxfi sənədlər və digər həssas
məlumatları paylaşmaqdan çəkinmək lazımdır.
Həmçinin istifadə etdikləri platformanın məxfilik siyasətini oxumalı, söhbət
tarixçəsinin saxlanılması və silinməsi qaydalarını, məlumatların modelin təkmilləşdirilməsi
üçün istifadə edilib-edilmədiyini araşdırmalıdırlar.
Platforma sahibləri isə məlumatların şifrələnməsi, giriş hüquqlarının
məhdudlaşdırılması, mütəmadi təhlükəsizlik yoxlamaları, ehtiyat nüsxələrin
qorunması və məlumatların saxlanılma müddətinin müəyyən edilməsi kimi
tədbirləri həyata keçirməlidirlər.
Mənim fikrimcə, süni intellekt texnologiyalarının inkişafı ilə yanaşı,
məlumat təhlükəsizliyi də eyni sürətlə inkişaf etməlidir. İstifadəçi bilməlidir
ki, onun paylaşdığı məlumat harada saxlanılır, kim tərəfindən emal olunur və
hansı hallarda silinə bilər.
Yekun olaraq, süni intellektdən istifadə etməkdən çəkinmək lazım deyil. Sadəcə, ona hansı məlumatları etibar etdiyimizi düzgün müəyyən etməliyik. Rəqəmsal təhlükəsizlik yalnız texnologiyanın məsuliyyəti deyil, həm də istifadəçinin öz məlumatlarına münasibətindən başlayır”.
Məhəbbət Tərlanoğlu
14:30 03.11.2026
Oxunuş sayı: 61