İsrail Suriyaya yönəlir: Yaxın Şərqdə yeni müharibə təhlükəsi
Yaxın Şərqdə hərbi-siyasi gərginliyin yeni istiqamətə yönəlməsi ilə bağlı narahatlıqlar artır. İsrailin Suriyanın cənubunda genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı barədə iddialar fonunda Dəməşq rəhbərliyinin də təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşdığı bildirilir. Mümkün hücumların qarşısını almaq məqsədilə nazirliklərin və strateji idarəetmə mərkəzlərinin ölkənin daxili və şimal bölgələrinə köçürülməsi məsələsi gündəmə gəlib. Bu proses İsrail-Suriya münasibətlərində hərbi qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı suallar doğurur.
İsrailin növbəti hərbi hədəfi Suriya ola bilərmi? Yaxın Şərqdə yeni münaqişə ocağının yaranması hansı nəticələrə gətirib çıxara bilər? İsrailin Suriyaya mümkün hücumu Türkiyənin mövqeyinə və regiondakı proseslərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, İsrailin Suriyaya zərbə endirməsi ehtimalı hazırda o qədər də yüksək deyil: “Çünki noyabrın 3-də ABŞ-da keçirilən seçkilərin Donald Tramp üçün kifayət qədər ağır nəticələnməsi İsrailin bu istiqamətdəki planlarını müəyyən qədər səngitdi. Əgər indiyədək İsrailin Suriyaya hücum etmək niyyəti daha ciddi görünürdüsə, Trampın seçkilərdə məğlubiyyətindən sonra bu planların xeyli dərəcədə arxa plana keçəcəyi ehtimal olunur. Bunun əsas səbəbi Trampın Suriyaya qarşı mümkün hərbi əməliyyatları ABŞ-nin dəstəyinə arxalanaraq planlaşdırması idi. Lakin hazırda ABŞ-nin özünün çətin siyasi vəziyyətə düşməsi, güman ki, Netanyahunu bu planlardan müəyyən qədər çəkindirəcək. Bununla belə, Netanyahunun Suriyaya zərbə endirmək niyyətinin tamamilə gündəmdən çıxmadığını da nəzərə almaq lazımdır. Çünki ölkə daxilindəki siyasi uğursuzluqlar və seçki məğlubiyyətinin yaratdığı gərginlikdən çıxmaq üçün Netanyahunun variantlarından biri də müharibəni qızışdırmaqdır. İndiyədək o, bu məqsədlə İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi variantına daha çox üstünlük verirdi. Buna görə də dəfələrlə ABŞ-ni hərbi müdaxiləyə sövq etməyə çalışırdı. Lakin seçkilərin nəticələri bu planlara müəyyən maneələr yaratdı”.

O, qeyd edib ki, indi isə Netanyahu Suriyaya qarşı zərbələr endirmək qərarını böyük ehtimalla öz planları çərçivəsində verə bilər: “Çünki Suriyaya zərbə endirilməsi onun daxili siyasi maraqlarına da uyğun gəlir. Ölkə daxilində hökumət formalaşdırmaq imkanlarının xeyli məhdudlaşdığı bir şəraitdə Netanyahuya vaxt qazanmaq və öz mövqelərini möhkəmləndirmək üçün qısamüddətli hərbi qarşıdurma lazım ola bilər. Ancaq bu, kifayət qədər riskli addımdır. Belə ki, Suriyaya endiriləcək zərbələr Dəməşqi cavab tədbirlərinə əl atmağa sövq edə bilər. Digər tərəfdən, İsrail-Suriya müharibəsi başlayacağı təqdirdə Türkiyənin dərhal sərt addımlar atacağını düşünmürəm. İlkin mərhələdə Ankara, daha çox, siyasi etiraz bəyanatları ilə kifayətlənəcək. Bununla bağlı əvvəlki təcrübələrimiz də var. 2024-cü ilin dekabrında və sonrakı dövrdə, eləcə də bir neçə ay əvvəl İsrail Suriyanın Dəməşq ətrafındakı ərazilərinə aviasiya zərbələri endirmişdi. Həmin hücumlara Türkiyə hərbi müstəvidə reaksiya verməmiş, əsasən siyasi etiraz və bəyanatlarla kifayətlənmişdi. Ümumilikdə, uzunmüddətli İsrail-Suriya müharibəsinin başlanacağını gözləmirəm. İsrail tərəfindən nöqtəvi zərbələrin endirilməsi ehtimalı isə qalır. Belə bir vəziyyətdə Türkiyənin reaksiyası da, çox güman ki, siyasi etiraz bəyanatları səviyyəsində olacaq. Ankaranın prosesə daha dərindən müdaxilə edəcəyini düşünmürəm”.
Ayhan
20:35 04.11.2026
Oxunuş sayı: 56