Trampa impiçmentini olunacaq
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Demokratlar Partiyasının Pensilvaniya ştatından olan nümayəndəsi Sammer Li Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması üçün impiçment prosedurunun başladılmasını istəyir.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri bu barədə məlumat yayıb.
Konqresmen Demokratlar Partiyasının aralıq seçkilərdə qazandığı uğurdan sonra Trampa və onun administrasiyasının fəaliyyətində iştirak edən şəxslərə qarşı tədbirlər görülməsinin tərəfdarı olduğunu bildirib.
“Mən ən yuxarıdan – Donald Trampdan başlamaq istəyirəm. Daha sonra onun etdiklərinə şərait yaradan və ya qanunsuz fəaliyyətlərdə onunla birlikdə iştirak edən bütün şəxslərə keçmək niyyətindəyəm”, – deyə Sammer Li bildirib.
Nəşr xatırladır ki, Merilend ştatından olan demokrat konqresmen Ceymi Raskin də yay aylarında Trampın vəzifədən uzaqlaşdırılması ehtimalını istisna etməyib.
Bununla belə, “Politico” qeyd edir ki, demokratların Senatda prezidentin vəzifədən kənarlaşdırılması üçün tələb olunan üçdəiki səs çoxluğunu əldə etməsi çətin görünür.
Amerikalı politoloq Dmitri Sayms da TASS-a açıqlamasında Trampın Konqres seçkilərindən sonra vəzifəsindən uzaqlaşdırılması ehtimalını aşağı qiymətləndirib. Onun fikrincə, respublikaçılar prezidentin Ağ Evdən uzaqlaşdırılması cəhdlərinin qarşısını ala bilərlər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib. Seçicilər Senatın 100 yerindən 35-i və Nümayəndələr Palatasının bütün 435 üzvü üçün səs veriblər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri baş tutub.
ABŞ mediasının noyabrın 4-də açıqladığı nəticələrə əsasən, demokratlar Konqresin hər iki palatasında çoxluğu təmin ediblər.
Konqresin yeni tərkibi 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq. Hazırda isə hər iki palatada çoxluq respublikaçılara məxsusdur.
17:57 04.11.2026
Oxunuş sayı: 56