Rusiyanın Ukraynaya hücumunda ölənlərin sayı 40-a çatıb
Rusiyanın Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirdiyi aviazərbələr nəticəsində həlak olanların sayı 40-a yüksəlib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, noyabrın 2-də qəsəbədəki məktəb binasına endirilən zərbələrdən sonra axtarış-xilasetmə işləri üçüncü gündür davam edir.
“Rusiya qüvvələri doqquz aviasiya bombası atıb. Əvvəlcə humanitar yardım almağa gələn insanlara, daha sonra isə hadisə yerinə çatan xilasedicilərə və polis əməkdaşlarına zərbələr endirilib”, – deyə Ukrayna Prezidenti bildirib.
O qeyd edib ki, hazırda 40 nəfərin həlak olduğu məlumdur. Ölənlərdən bəzilərinin şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.
Zelenskinin məlumatına görə, 30-dan çox insanın dağıntılar altında qalması ehtimal edilir.
Xatırladaq ki, noyabrın 2-də səhər saatlarında cəbhə xəttinə yaxın yerləşən Kamışevaxa qəsəbəsinə aviazərbələr endirilib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, hücum zamanı əvvəllər məktəb kimi fəaliyyət göstərmiş və humanitar yardımın paylandığı bina hədəfə alınıb.
Ukrayna tərəfi zərbələr zamanı üç tonluq aviasiya bombalarından istifadə edildiyini açıqlayıb.
Bundan əvvəl Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Mixail Semikin noyabrın 4-də ölənlərin sayının 37-yə çatdığını bildirmişdi.
Rusiya tərəfi Kamışevaxaya endirilən aviazərbələr və insan tələfatı ilə bağlı məlumatlara münasibət bildirməyib.
17:52 04.11.2026
Oxunuş sayı: 61