Avropa Ermənistan kimi problemli dövləti üzvlüyə qəbul etməyəcək - Politoloq
Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda yeni geosiyasi müzakirələrə yol açır. Rəsmi İrəvanın Avropa ilə yaxınlaşmaq niyyəti fonunda əsas suallardan biri bu prosesin Rusiya ilə münasibətlərə necə təsir edəcəyi və Ermənistanın Moskvanın mümkün təzyiqlərinə baxmayaraq, Avropa İttifaqına üzvlük istiqamətində irəliləyib-irəliləməyəcəyidir. Bəs Ermənistanın Avropa İttifaqına üzv olması real perspektivdirmi? Belə bir ssenari Cənubi Qafqazda qüvvələr nisbətini, siyasi və iqtisadi münasibətləri, eləcə də regional təhlükəsizlik mənzərəsini necə dəyişə bilər? Ermənistanın Avropaya inteqrasiyası region ölkələri üçün hansı yeni imkanlar və çağırışlar yarada bilər?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinin reallaşması kifayət qədər müşkül görünür: “İlk növbədə, nəzərə almaq lazımdır ki, Ermənistanda bu məsələ ilə bağlı qanun layihəsi müzakirələrdən keçərək qəbul edilib və daha sonra prezident tərəfindən imzalanıb. Lakin Ermənistan hələ Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət etməyib, bu istiqamətdə hər hansı formal sorğu da göndərməyib. Əslində, bu məsələ hələlik daha çox siyasi gündəmdə yer alan niyyət və plan xarakteri daşıyır. Bunun əsas səbəblərindən biri Ermənistanın Rusiya ilə münasibətlərində yaranmış gərginlikdir. Rəsmi İrəvan Avropa İttifaqına inteqrasiya məsələsindən daha çox Rusiyaya siyasi mesaj vermək, onu müəyyən mənada qıcıqlandırmaq və öz narazılığını nümayiş etdirmək üçün istifadə edir. Başqa sözlə, Ermənistan Rusiyaya göstərmək istəyir ki, onun maraqları nəzərə alınmadığı təqdirdə alternativ siyasi istiqamətlərə yönələ bilər. Lakin ümumilikdə, Ermənistan kimi ciddi iqtisadi və siyasi problemləri olan bir ölkənin Avropa İttifaqına üzvlüyünü hətta hipotetik baxımdan belə real perspektiv hesab etmək çətindir. Ermənistanın ərazisi kiçikdir, iqtisadi imkanları məhduddur və kifayət qədər ciddi problemləri mövcuddur. Avropa İttifaqının belə bir yükü öz üzərinə götürməsi real görünmür. Avropa ölkələri siyasi bəyanatlarında inteqrasiyaya dəstək versələr də, konkret qərarların qəbuluna gəldikdə daha ehtiyatlı davranırlar. Hesab edirəm ki, rəsmi Brüssel bu məsələdə tələsməyəcək və prosesi mümkün qədər uzatmağa çalışacaq”.

Politoloq qeyd edib ki, burada məsələ təkcə Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı onilliklərdir davam edən danışıqları və onun təşkilata qəbuluna münasibətdə mövcud yanaşma ilə məhdudlaşmır: “Avropa İttifaqının özünün də hazırda kifayət qədər ciddi problemləri var. İttifaqın aparıcı dövlətləri olan İtaliya, Fransa və Almaniyada siyasi və iqtisadi vəziyyət mürəkkəbdir. Bununla yanaşı, sosial problemlər, humanitar məsələlər, iqtisadi inkişafla bağlı çətinliklər və enerji təminatına dair narahatlıqlar da mövcuddur. Bütün bunlar fonunda Brüsselin özünün böhran əleyhinə proqramlara və daxili problemlərin həllinə ehtiyacı var. Belə bir vəziyyətdə Ermənistan kimi ciddi problemləri olan ölkəni öz sıralarına qəbul etmək və ya ona geniş inteqrasiya perspektivi açmaq Avropa İttifaqı üçün əlavə çətinliklər yarada bilər. Bu baxımdan, hətta fərz etsək ki, Ermənistan beş və ya on ildən sonra Avropa İttifaqına üzvlüklə bağlı müəyyən mərhələyə çata bilər, bunun Cənubi Qafqaz üçün hansı real nəticələr doğuracağı da sual altındadır. Hesab edirəm ki, belə bir addım regionda ciddi dəyişikliklərə səbəb olmayacaq. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə gəldikdə isə tamamilə fərqli mənzərə görürük. Azərbaycan artıq Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətləri qurub və bu istiqamətdə mühüm sənədlər imzalayıb. Eyni zamanda, ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələri getdikcə genişlənir və möhkəmlənir”.
Ayhan
16:10 04.11.2026
Oxunuş sayı: 62