Neft hasilatı yarıbayarı azalıb: Azərbaycanı daha çətin illər gözləyir?
2027-ci ilin dövlət büdcəsi layihəsinə dair sənədlərə əsasən, Azərbaycanda neftin fiskal tarazlıq qiymətinin 2030-cu ilədək hazırkı 85 dollardan bir barel üçün 65 dollara qədər azaldılması proqnozlaşdırılır. Bu dəyişiklik ölkənin ortamüddətli büdcə planlaşdırılması və neft gəlirləri ilə bağlı gözləntiləri baxımından diqqət çəkir. Xüsusilə dünya bazarında neft qiymətlərinin dəyişkənliyi, Azərbaycanda hasilatın tədricən azalması və dövlət gəlirlərinin formalaşmasında neft amilinin rolu fonunda fiskal tarazlıq qiymətinin aşağı salınması maraq doğurur. Digər tərəfdən, bu göstəricinin azaldılması dövlət büdcəsinin gəlir və xərc siyasətinə, Neft Fondundan transfertlərə, eləcə də ölkənin maliyyə dayanıqlılığına hansı istiqamətdə təsir göstərəcək? Bu addım gələcək iqtisadi risklərin nəzərə alınması və büdcə öhdəliklərinin daha ehtiyatlı planlaşdırılması ilə bağlıdır, yoxsa Azərbaycanın neft sektorundakı mövcud tendensiyaların nəticəsidir? Bəs fiskal tarazlıq qiymətinin 65 dollara endirilməsi ölkə iqtisadiyyatı üçün nə vəd edir və bu dəyişiklik hansı real iqtisadi nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı iqtisadçı İlham Şaban Crossmedia.az-a açıqlamasında qeyd edib ki, neftin qiymətinin müəyyənləşdirilməsi, əslində, real bazar qiymətləri ilə birbaşa bağlı olan məsələ deyil: “Bu göstərici daha çox maliyyə indikatoru kimi çıxış edir və dövlət büdcəsinin formalaşdırılmasında istifadə olunur. Buna görə də neftin qiymətinin büdcədə hansı səviyyədə nəzərdə tutulmasını ölkənin real neft gəlirləri ilə eyniləşdirmək düzgün olmazdı. Digər tərəfdən, Azərbaycanda neft hasilatının azalması da ötən aydan və ya son dövrlərdən başlayan proses deyil. Bu tendensiya hələ 2010-cu ilin oktyabrından etibarən müşahidə olunur. Həmin dövrdən başlayaraq ölkədə illik neft hasilatı tədricən azalmağa başlayıb. Belə ki, illik hasilatın 50,8 milyon tondan bu ilin yekununda gözlənilən proqnoza əsasən, təxminən 26 milyon tona qədər enəcəyi nəzərdə tutulur”.

İ.Şaban əlavə edib ki, kifayət qədər
uzun müddəti əhatə edən bu azalma nəticəsində Azərbaycanın neft hasilatında
ciddi dəyişiklik baş verib: “Məhz bu dinamikanı nəzərə almadan ölkənin hazırkı
iqtisadi vəziyyətini və neft gəlirlərinin perspektivlərini düzgün qiymətləndirmək
mümkün deyil. Bu qədər hasilat azalması fonunda Azərbaycanın mövcud vəziyyətini,
iqtisadi imkanlarını və qarşıdakı dövrdə üzləşə biləcəyi nəticələri kompleks şəkildə
təhlil etmək lazımdır”.
Ayhan
15:40 04.11.2026
Oxunuş sayı: 57