Bu hallarda valideyninizin mirasından məhrum qala bilərsiniz
Valideyn itkisi insan üçün ağır mənəvi sınaq olmaqla yanaşı, bəzən ailə
daxilində ciddi hüquqi mübahisələrin də başlanğıcına çevrilir. İllərlə bir evdə
yaşayan, valideynlərinə qulluq edən övladlarla digər vərəsələr arasında əmlakın
bölüşdürülməsi məsələsi münaqişələr yarada bilər. Bəzi hallarda isə insan
valideyninin vəfatından sonra onun əmlakından pay alacağını düşünsə də,
qanunvericilikdə nəzərdə tutulan müəyyən şərtlər və istisnalar bu hüququ
məhdudlaşdıra və ya tamamilə aradan qaldıra bilər.
Miras məsələsində əsas məqamlardan biri odur ki, valideynin övladı olmaq avtomatik
olaraq bütün hallarda mirasdan pay almaq demək deyil. Vəsiyyətnamənin
mövcudluğu, vərəsələrin dairəsi, məcburi pay hüququ, mirasdan imtina,
vərəsəliyə layiq görülməmə və qanunla müəyyən edilmiş digər hallar bölgüyə
birbaşa təsir göstərə bilər. Xüsusilə valideynin sağlığında əmlakını başqa
şəxsin adına keçirməsi, vəsiyyət etməsi və ya ailə üzvlərindən biri ilə
münasibətlərinin kəskin pozulması sonradan hüquqi mübahisələrə səbəb ola bilər.
Digər tərəfdən, miras hüququ yalnız ailə münasibətlərinə deyil, qanuni prosedurlara və müddətlərə də bağlıdır. Vərəsənin mirası qəbul etməsi, notariusa müraciəti, əmlak üzərində faktiki sahiblik və idarəetmə kimi məsələlər hüquqi nəticələr doğura bilər. Bəzən insanlar hüquqlarını bilmədikləri və ya qanunla müəyyən edilmiş qaydada vaxtında hərəkət etmədikləri üçün onlara çatacaq payı əldə etməkdə çətinlik çəkirlər.

Crossmedia.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, miras qoyan şəxs əmlakını vəsiyyətnamə ilə başqa bir şəxsə vəsiyyət etsə belə, qanunvericilikdə məcburi pay hüququ nəzərdə tutulub:
“Yəni vəsiyyət edilmiş əmlakın müəyyən hissəsi vəsiyyət üzrə vərəsəyə keçsə
də, məcburi pay hüququ olan şəxslərin payı da nəzərə alınmalıdır. Bu pay qanun
üzrə vərəsələrə çatmalı olan payın müəyyən hissəsi əsasında hesablanır.
Məcburi pay hüququnun kimlərə şamil olunması məsələsinə gəldikdə isə,
qanunvericilikdə vərəsələrin beş növbəsi müəyyən edilib. Birinci növbəyə miras
qoyanın uşaqları, həyat yoldaşı və valideynləri daxildir. Sonrakı növbələrə isə
qardaşlar, bacılar və digər qohumlar aiddir. Bununla belə, məcburi pay hüququ
bütün növbələrə deyil, qanunvericilikdə ayrıca müəyyən edilmiş şəxslərə şamil
olunur.
Məcburi paydan məhrumetmə məsələsinə gəlincə, burada ləyaqətsiz vərəsə
anlayışı mühüm əhəmiyyət daşıyır. Şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün
qanunvericilikdə nəzərdə tutulan əsaslar olmalıdır. Bu məsələ müvafiq hüquqi
prosedur çərçivəsində, o cümlədən məhkəmə qaydasında araşdırıla bilər. Yəni
miras qoyan şəxsin öz övladını və ya başqa bir vərəsəni sadəcə ləyaqətsiz
adlandırması onun avtomatik olaraq miras hüququndan məhrum edilməsi demək
deyil.
Vərəsəlik hüququnun itirilməsi üçün müxtəlif hallar nəzərdə tutulur.
Məsələn, miras qoyana qarşı qanunsuz hərəkətlər etmək və ya qanunvericilikdə
göstərilən digər əsaslarla ləyaqətsiz vərəsə hesab olunmaq belə hallardandır.
Bununla yanaşı, mirasdan könüllü imtina da mümkündür.
Mirasın qəbulu ilə bağlı prosedurların vaxtında yerinə yetirilməməsi isə
özlüyündə şəxsin vərəsəlik hüququndan avtomatik məhrum edilməsi demək deyil. Bu
məsələ ilə bağlı məhkəmə təcrübəsi və qanunvericilikdəki müddəalar nəzərə
alınmalıdır. Əvvəllər mirasın qəbulu üçün müəyyən müddət gözlənilməsi ilə bağlı
yanaşmalar olsa da, hazırda faktiki qəbul və digər hüquqi hallar da əhəmiyyət
daşıyır.
Beləliklə, məcburi pay hüququ olan şəxs qanunla ona verilmiş hüququ tələb edə bilər. Bu hüququn həyata keçirilməsi və müvafiq vərəsəlik şəhadətnaməsinin alınması isə konkret vəziyyətdən, sənədlərdən və qanunvericiliyin tələblərindən asılıdır”.
Məhəbbət Tərlanoğlu
15:00 04.11.2026
Oxunuş sayı: 63