Qərbi Kaspi Universitetində beynəlxalq simpozium keçirilib
Bu gün, 4 noyabr 2026-cı il tarixində saat 10:00-da Qərbi
Kaspi Universitetində “Tədqiqatın beynəlmiləlləşməsi: Qlobal əməkdaşlıq, elmi
görünürlük və təsir” (Internationalization of Research: Global Collaboration,
Research Visibility, and Impact) mövzusunda beynəlxalq simpozium keçirilib.
Crossmedia.az xəbər verir ki, simpoziumun əsas məqsədi beynəlxalq
elmi əməkdaşlığın genişləndirilməsi, universitetlərarası tərəfdaşlıqların
inkişaf etdirilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi müstəvidə
görünürlüğünün artırılması və birgə elmi layihələrin həyata keçirilməsi üçün
yeni imkanların müəyyənləşdirilməsidir. Müxtəlif ölkələrin ali təhsil və elmi-tədqiqat
müəssisələrini təmsil edən alim və mütəxəssislərin qatıldığı tədbir beynəlxalq
akademik əlaqələrin möhkəmləndirilməsi və elmi əməkdaşlığın yeni istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Simpoziumda elmi tədqiqat sahəsində beynəlxalq tərəfdaşlıqların
inkişafı, beynəlxalq elmi nəşrlər, tədqiqat nəticələrinin qlobal miqyasda
görünürlüğü və təsiri, elmi fəaliyyətdə rəqəmsal texnologiyaların və süni
intellektin tətbiqi, eləcə də beynəlxalq qrant proqramları və maliyyələşdirmə
imkanları müzakirə olunub.
Tədbirdə universitetin rektoru Hüseyn Bağırov çıxış edərək
bu gün elmin, tədqiqatın qarşısında duran əsas tələblərdən, universitetin imkanlarından
danışıb. Daha sonra xarici universitet nümayəndələri müxtəlif məruzələrlə çıxış
ediblər.
Sonda rektor Hüseyn Bağırov 3 xarici universitet təmsilçisini Qərbi Kaspi Universitetinin fəxri professoru adına layiq görülməsi münasibətilə təbrik edib, diplomlar təqdim etdi.
Fəxri professor adına layiq görülən mütəxəssislər Crossmedia.az-a açıqlama veriblər:

Professor, doktor Rəşid İqbal açıqlamasında qeyd edib ki, bu gün burada elmi tədqiqatlar, əməkdaşlıq və elmi innovasiyalara həsr olunmuş Beynəlxalq Simpoziumda iştirak etmək xoşdur: “Simpoziumun əsas məqsədi daha keyfiyyətli elmi tədqiqatların necə aparılması, onların beynəlxalq səviyyədə təqdim edilməsi və yayılması yollarını müzakirə etməkdir. Eyni zamanda, tələbələrin elmi tədqiqat sahəsində bilik və bacarıqlarının artırılması, elmi mənbələri və ədəbiyyatı düzgün araşdırmağı öyrənmələri də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Scopus, Web of Science və Google Scholar kimi elmi platformalardan istifadə qaydalarının öyrədilməsi vacibdir. Bugünkü simpozium tələbələrə elmi tədqiqatların mahiyyətini, onların əhəmiyyətini və praktik faydalarını daha yaxşı anlamağa kömək edəcək. Bundan əlavə, noyabrın 5-6-da tələbələr üçün dağlar, mədəniyyətlər və elmi innovasiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək”.

Professor Cem Işık da tədbirlə bağlı fikirləri bölüşüb: “Elmi
tədqiqatların dünyada gəlib çatdığı hazırkı mərhələdə qarşılıqlı bilik və təcrübə
mübadiləsi, birgə elmi fəaliyyət və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu təcrübə
vasitəsilə elmi inkişafda daha yüksək mərhələlərə çatmaq mümkündür. Bunun üçün
isə qarşılıqlı əməkdaşlıq və birgə zəhmət vacibdir. Bu əməkdaşlığa şərait
yaradan dəyərli rektorumuz Hüseyn Bağırov bizi buraya dəvət edib. Dəvət çərçivəsində
burada doktorantura, bakalavr və magistratura pillələrində təhsil alan tələbələrlə,
eləcə də müəllim heyəti ilə bir araya gəlmişik. Məqsədimiz birlikdə daha
keyfiyyətli elmi tədqiqatların necə aparılması, onların hansı istiqamətlərdə
inkişaf etdirilməsi və Azərbaycan ali təhsilinə elmi baxımdan necə töhfə verə
biləcəyimiz barədə fikir mübadiləsi aparmaqdır. Eyni zamanda, Türkiyə ilə Azərbaycan
arasında elmi əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə
edirik. Biz öz bilik və təcrübəmizi Azərbaycanda elmi fəaliyyətlə məşğul olan
insanlarla bölüşür, onların təcrübəsindən də faydalanırıq. Beləliklə,
qarşılıqlı əməkdaşlıq və bilik mübadiləsi vasitəsilə elmi inkişafın təməlini
daha da möhkəmləndirməyə, onu yeni və daha yüksək mərhələlərə daşımağa
çalışırıq. Bu baxımdan, belə təşəbbüsü və yanaşmanı olduqca dəyərli hesab edirəm”.
Ayhan
13:27 04.11.2026
Oxunuş sayı: 68