Gümrüdə rusiyalı hərbçilər gənci döyməkdə ittiham olunur
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin bir gənci döyərək alçaltdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Factor TV” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, hadisəni əks etdirdiyi bildirilən 26 saniyəlik videogörüntülər Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə təqdim edilib.
Görüntülərdə hərbi geyimli, maskalı şəxslərin yerə yıxılmış gəncə zorakılıq tətbiq etdiyi və onu təhqir etdiyi görünür.
İddialara əsasən, həmin şəxslərdən biri “Gümrü bizim şəhərimizdir!” ifadəsini səsləndirib.
Hüquq müdafiəçisi Artur Sakunts hadisə ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət edib.
Ermənistan İstintaq Komitəsi fakt üzrə bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başladıldığını və məhkəmə-tibbi ekspertiza təyin olunduğunu təsdiqləyib.
Hazırda hadisədə iştirak edən şəxslərin kimliyi və insidentin dəqiq başvermə yeri müəyyənləşdirilməyib. İş üzrə saxlanılan yoxdur.
Rusiyanın Gümrüdəki hərbi bazasının komandanlığı isə hadisə ilə bağlı açıqlama verməyib.
12:21 04.11.2026
Oxunuş sayı: 74