Tramp respublikaçıların məğlubiyyətini İranla müharibə ilə əlaqələndirib
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətində İranla müharibə nəticəsində yanacaq qiymətlərinin artmasının rol oynadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ Prezidentinin “Fox News” telekanalına müsahibəsinə istinadən məlumat yayıb.
Tramp ABŞ iqtisadiyyatının güclü olduğunu iddia etsə də, benzinin bahalaşmasının vətəndaşların iqtisadi göstəriciləri müsbət qiymətləndirməsinə mane olduğunu etiraf edib.
“Əslində, bizim çox güclü iqtisadiyyatımız var. Birinci prezidentlik dövrümdə ən yaxşı iqtisadiyyatın olduğunu düşünürdüm, lakin indiki vəziyyət ondan da yaxşıdır. Bununla belə, benzin qiymətlərinin artması insanların bunu görməsinə mane olur. Benzin isə İran səbəbindən bahalaşıb”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti seçkilərin nəticələrini özünün şəxsi məğlubiyyəti hesab etmədiyini də vurğulayıb. O, bunu adının seçki bülletenlərində olmaması ilə əsaslandırıb.
Tramp demokratların Konqresdə çoxluğu əldə etməsindən sonra Ağ Evə göndərəcəkləri və qəbuledilməz hesab etdiyi qanun layihələrinə veto qoyacağını açıqlayıb.
Onun sözlərinə görə, demokratlar kompromis axtarmağa başlayana qədər bu mövqeyini davam etdirəcək.
Prezident həmçinin seçkilərin nəticələrinə baxmayaraq, hökumətin tərkibində dəyişiklik etməyi planlaşdırmadığını bildirib.
Tramp 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün Respublikaçılar Partiyasının namizədinin müəyyənləşdirilməsi prosesinə başlamağın vaxtının çatdığını da qeyd edib
11:11 04.11.2026
Oxunuş sayı: 64