Hörmüz boğazında tankerə iki mərmi dəyib
Hörmüz boğazı yaxınlığında neft tankeri iki naməlum mərminin hədəfinə çevrilib. Hadisə Omanın Lima yaşayış məntəqəsindən təxminən 26 kilometr şimal-şərqdə baş verib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-də baş verən hadisə zamanı iki mərmi tankerin mühərrik bölməsinə dəyib.
Gəminin təhlükəsizliyinə cavabdeh şəxs hadisə barədə müvafiq qurumları məlumatlandırıb.
İlkin məlumatlara görə, hücum nəticəsində ölən və yaralanan olmayıb, ətraf mühitə zərər dəyməsi qeydə alınmayıb.
Tankerin adı və mərmilərin hansı istiqamətdən atıldığı açıqlanmayıb.
UKMTO bölgədən keçən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
10:35 04.11.2026
Oxunuş sayı: 58