Azərbaycan və Rusiya FHN-ləri 2029-cu ilədək əməkdaşlıq planı imzalayacaq
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki məlumatında bildirilib.
Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.
Bu gün Bakıda Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.
Həmçinin A.Kurenkovun Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşü planlaşdırılır.
Bundan başqa, rusiyalı nazir yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatının açılış mərasimində iştirak edəcək.(Report)
14:14 04.11.2026
Oxunuş sayı: 57