Ərdoğan hava məkanında Azərbaycan Prezidentini təbrik etdi: O, hansı mesajı verib?
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə edib. Təbrikdə ən xoş arzularını çatdıran Türkiyə prezidenti ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinə xüsusi diqqət çəkib. Görünən odur ki, son günlər Türkiyə və Azərbaycan arasında sosial media və Türkiyə mediasında səslənən xoşagəlməz fikirlər diplomatik münasibətlərə təsir göstərməyib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi iki ölkə arasında əlaqələrin zirvəsidir: “Bu, heç şübhəsiz ki, hər iki ölkə prezidentinin siyasi iradəsinin nəticəsidir. Görünür, münasibətlərin bu səviyyədə olması bəzi marginal qrupları narahat edir və onlar iki ölkə arasındakı əlaqələri pozmağa cəhd göstərirlər. Çox təəssüf ki, belə cəhdlər bəzən Türkiyədəki rəsmi mövqelərə qədər yüksəlmiş olur. Bu isə, əlbəttə, iki ölkə arasındakı münasibətlərə daha çox zərər vurmaq potensialı daşıyır. Düşünürəm ki, hər iki ölkə liderinin bir-birinə göstərdiyi qarşılıqlı diqqət, qardaş ölkə prezidentinin son günlərdə iki dəfə Azərbaycan Prezidentinə zəng etməsi, Azərbaycan Prezidentinin isə qardaş ölkənin Zəfər bayramı münasibətilə həmin ölkəyə təbrik ünvanlaması liderlər səviyyəsində münasibətlərimizin sarsılmaz olduğunun göstəricisidir”.
Deputat qeyd edib ki, xüsusilə, bir ölkənin hava sərhədlərindən keçərkən digər ölkənin başçısının ev sahibi ölkəyə təbrik teleqramı göndərməsi ayrıca bir diplomatik nəzakət nümunəsidir: “Düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətlərini pozmağa cəhd edənlər bu münasibətlərə bir daha diqqət yetirməlidir. Özləri də əmin olmalıdırlar ki, qardaş ölkələr arasında əlaqələri pozmaq, korlamaq asan məsələ deyil”.
Ayhan
18:30 03.11.2026
Oxunuş sayı: 63