Fransada tələbələr təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirir
Fransada hökumətin təhsil sahəsində götürdüyü öhdəlikləri yetərli hesab etməyən orta məktəb şagirdlərinin etirazları universitet tələbələrinin dəstəyi ilə davam edir.
Crossmedia.az xəbər verir ki, paytaxt Parisin yerləşdiyi İl-de-Frans bölgəsindəki universitetləri təmsil edən “Interfac” tələbə kollektivinin çağırışı ilə minlərlə tələbə etiraz aksiyalarına qoşulub.
Universitet tələbələri orta məktəb şagirdlərinin sentyabrın 17-də təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə başladığı aksiyalara dəstək məqsədilə küçələrə çıxıblar. Hökumətin təhsil islahatları ilə bağlı vədlərinin yetərsiz hesab edilməsindən sonra həmkarlar ittifaqlarının çağırışı ilə etirazlar yenidən genişlənib.
Paris polisi aksiyalarla əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. Şəhər Polis İdarəsi etirazlarda iştirakçıların sayının 30 minə çata biləcəyini açıqlayıb.
Tələbələr polis tərəfindən yürüş üçün şəhər mərkəzindən uzaqda yerləşən Mareşo meydanının seçilməsinə etiraz ediblər. “Interfac” nümayəndələri hökumətin gənclərin etirazlarını görünməz etməyə və yatırmağa çalışdığını bildirərək, müəyyənləşdirilmiş yürüş marşrutuna qarşı məhkəməyə müraciət etdiklərini açıqlayıblar.
Etirazlar Parislə yanaşı, Lion, Marsel, Tuluza və Lill şəhərlərində də davam edir. Lionda Jan-Jores meydanında yüzlərlə tələbə toplaşıb, aksiyalar səbəbindən Lion-2 Universitetinin üç kampusu bağlanıb.
Lilldə tələbə həmkarlar ittifaqları günortadan sonra Deliot meydanında aksiya keçirilməsi barədə çağırış ediblər. Tələbə təşkilatının nümayəndəsi Anais Qurqand hökumətin açıqladığı öhdəliklərin heç kimi qane etmədiyini və etirazların davam etdirilməli olduğunu bildirib.
Tuluzada keçirilən aksiyalara orta məktəb şagirdləri ilə yanaşı, “Sciences Po” və “Mirail” universitetlərinin tələbələri də qoşulub. Renn şəhərində isə polis liseylərdən birinə girişin qarşısını almağa çalışan onlarla tələbəyə müdaxilə edib.
Digər tərəfdən, Nant şəhərində oktyabrın 1-də keçirilən aksiyalar zamanı Nelson Mandela Liseyinin yandırılması ilə əlaqədar üç şagird saxlanılıb.
Fransanın Milli Təhsil Nazirliyinin məlumatına görə, ölkə üzrə 48 liseydə mühasirə aksiyaları keçirilib. Bununla yanaşı, liseylərin 75 faizində tədris prosesində hər hansı fasilənin yaranmadığı bildirilib.
Qeyd edək ki, Fransada orta məktəb şagirdləri sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərin imkanlarının genişləndirilməsi və müəllimlərin sayının artırılması tələbi ilə aksiyalar keçirirlər. Hökumətlə tələbə təşkilatları və onların nümayəndələri arasında aparılan danışıqlardan sonra səngiyən etirazlar hökumətin öhdəliklərinin yetərsiz hesab edilməsindən sonra yenidən güclənib.
19:26 03.11.2026
Oxunuş sayı: 60