11 ölkə Ukrayna üçün hərbi təlimlərə başlayır
Noyabrın 9–22-də Polşada Ukraynaya müharibədən sonra hərbi dəstək göstərilməsi məqsədilə 11 ölkənin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
“Koalicja” adlı təlimlərə Böyük Britaniya və Fransa birgə rəhbərlik edəcək. Təlimlərə ümumilikdə 2800 hərbçi, o cümlədən 300 britaniyalı hərbi qulluqçu cəlb olunacaq.
İştirakçılar arasında Almaniya, Fransa, Polşa, Türkiyə, Belçika, Estoniya, Litva, Niderland, İspaniya, İsveç və Böyük Britaniya yer alır.
Təlimlər zamanı qoşunların, hərbi texnikanın və təchizatın daşınması, bölmələr arasında koordinasiya, eləcə də çoxmillətli qüvvələrin idarə olunması üzrə praktiki hazırlıq həyata keçiriləcək.
Əsas məqsəd hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya dəstək göstərə biləcək çoxmillətli qüvvələrin hazırlıq səviyyəsini yoxlamaqdır.
Təlimlər çərçivəsində Türkiyə hərbçiləri İstanbulda dəniz minalarının təmizlənməsi üzrə hazırlıq tədbirlərini də həyata keçirəcəklər.
Bildirilib ki, çoxmillətli qüvvələrin Ukraynaya mümkün yerləşdirilməsi yalnız hərbi əməliyyatlar dayandırıldıqdan və Ukrayna hökumətinin müraciətindən sonra nəzərdən keçiriləcək.
17:53 03.11.2026
Oxunuş sayı: 63