Ərdoğan: Türkiyə və Cənubi Koreya arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya ilə ikitərəfli ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması istiqamətində atılacaq addımların müzakirə edildiyini bildirib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Seulda Cənubi Koreya Prezidenti Li Ce Myunqla keçirdiyi təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra təşkil olunan birgə mətbuat konfransında danışıb.
Türkiyə Prezidenti qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard dolları ötüb. Onun sözlərinə görə, əsas məqsəd ticarət əlaqələrini balanslı və davamlı şəkildə inkişaf etdirərək əvvəlcədən müəyyənləşdirilmiş 15 milyard dollarlıq hədəfə çatmaqdır.
Ərdoğan bu istiqamətdə iki ölkə arasında qüvvədə olan azad ticarət sazişinin müasir şərtlərə uyğunlaşdırılması da daxil olmaqla, müvafiq qurumların fəaliyyətinə diqqət yetirildiyini vurğulayıb.
Türkiyə Prezidenti ölkəsində 400-dən çox Cənubi Koreya şirkətinin fəaliyyət göstərdiyini bildirib. O, əməkdaşlığın yalnız Türkiyə ərazisində deyil, həm də Türkiyənin güclü olduğu digər bazarlarda birgə layihələr vasitəsilə genişləndirildiyini qeyd edib.
Ərdoğan danışıqlarda nüvə enerjisi və mədənçilik sahələrində əməkdaşlığın da müzakirə olunduğunu diqqətə çatdırıb. O, xüsusilə batareya istehsalı, süni intellekt və yarımkeçiricilər daxil olmaqla, qabaqcıl texnologiyalar sahəsində Cənubi Koreya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirib.
Türkiyə Prezidenti müdafiə sənayesinin iki ölkə arasında strateji tərəfdaşlığın konkret nəticələr verdiyi əsas sahələrdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, görüş zamanı “Fırtına” özüyeriyən artilleriya qurğuları və “Altay” tankı kimi uğurlu birgə layihələrin sayının artırılmasının vacibliyi də müzakirə edilib.
Ərdoğan, həmçinin Türkiyə ilə Cənubi Koreyanın beynəlxalq məsələlərdə mövqelərinin böyük ölçüdə üst-üstə düşdüyünü bildirib. O, BMT, MIKTA və G20 kimi çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Cənubi Koreya Prezidenti Li Ce Myunq isə Türkiyənin ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını və iki xalq arasında tarixi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.
Li bildirib ki, görüş zamanı nüvə enerjisi, müdafiə sənayesi və “Altay” tankı layihəsi kimi strateji sahələrdə əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.
Cənubi Koreya lideri iki ölkə arasında ticarət əlaqələrinin daha balanslı inkişaf etdirilməsi üçün səylərin artırılacağını da bildirib. O, ticarət balanssızlığı, idxala məhdudiyyətlər və gömrük prosedurlarında gecikmələr kimi məsələlərin həlli istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 70 illiyi 2027-ci ildə qeyd olunacaq.
18:31 03.11.2026
Oxunuş sayı: 61