Hörmüz boğazının bağlanması Avropaya 127 milyard avroya başa gəlib
Hörmüz boğazının bağlanmasından sonra enerji qiymətlərinin artması Avropa İttifaqına (Aİ) əlavə 127 milyard avroya başa gəlib.
Crossmedia.az xəbər verir ki, İtaliyanın “ANSA” agentliyi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin açıqlamasına istinadən bu barədə məlumat yayıb.
O, noyabrın 3-də Brüsseldə keçirilən “WinWin Brussels Summit” tədbirində bildirib ki, Hörmüz boğazının bağlanması Avropanın idxal olunan enerji resurslarından asılılığının iqtisadi nəticələrini üzə çıxarıb.
“Hörmüz boğazının bağlanmasından bəri Avropa əlavə enerji həcmi əldə etmədən fosil yanacaqların idxalına 127 milyard avro artıq vəsait xərcləyib”, – deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Fon der Lyayenin sözlərinə görə, neft və qaz idxalı Avropanı beynəlxalq enerji bazarlarındakı böhranların və qiymət dəyişikliklərinin təsirinə məruz qoyur.
O bildirib ki, yaranmış vəziyyət Aİ-nin idxal olunan neft və qazdan asılılığını azaltmasının vacibliyini bir daha göstərir.
Avropa Komissiyasının Prezidenti bərpaolunan və nüvə enerjisinin inkişaf etdirilməsinin həm enerji təhlükəsizliyi, həm də Avropanın iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Fon der Lyayen Aİ-nin 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədinə sadiq qaldığını da bildirib.
17:59 03.11.2026
Oxunuş sayı: 69