2026-cı ilin siyasətində diqqət çəkən 5 hadisə
2026-cı il dünya siyasətində bir sıra diqqətçəkən hadisələrlə yadda qalıb. Böyük Britaniyada hakimiyyət dəyişikliyi, Macarıstanda Viktor Orbanın seçkidə məğlubiyyəti, ABŞ Prezidenti Donald Trampın qarşılaşdığı problemlər və digər siyasi hadisələr beynəlxalq gündəmin əsas mövzularından olub.
Crossmedia.az xəbər verir ki. “Politico” nəşri 2026-cı ilin siyasi hadisələrini təhlil edərək diqqət çəkən beş nümunəni bir araya gətirib. Məqalədə bu hadisələr “mogging” anlayışı ilə təqdim olunur. Bu termin kiminsə digərini görünüş, özünəinam, nüfuz və ya status baxımından kölgədə qoyması mənasında işlədilir.
Nəşrin diqqət çəkdiyi beş hadisə bunlardır:
1. Kir Starmerin hakimiyyətdən getməsi
Böyük Britaniyanın Baş naziri Kir Starmer iki illik hakimiyyətindən sonra vəzifəsini tərk edib. Onun siyasi mövqelərinin zəifləməsi, hökumət üzvlərinin istefası və Endi Börnhəmin liderlik ambisiyaları hakimiyyət dəyişikliyinə yol açıb. Nəticədə Börnhəm rəqibsiz şəkildə baş nazir postuna yiyələnib.
2. Daniel Çapo və Vladimir Putin arasında diqqətçəkən görüntü
Mozambik Prezidenti Daniel Çapo ilə Rusiya Prezidenti Vladimir Putinin Moskva sammitində çəkilmiş fotosu diqqət çəkib. Boyu iki metrdən çox olan Çaponun Putinin yanında dayanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sammitdə Afrika ölkələri ilə Rusiya arasında enerji, faydalı qazıntılar və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
3. Ceykob Ris-Moq və Taker Karlsonun mübahisəsi
Böyük Britaniyanın sabiq hökumət üzvü Ceykob Ris-Moq amerikalı şərhçi Taker Karlsonun “YouTube” kanalında keçirilən müzakirədə diqqət çəkib. İkinci Dünya müharibəsi və Böyük Britaniyanın nasist Almaniyasına qarşı müharibəyə qoşulması barədə mübahisə zamanı Karlsonun sualları Ris-Moqun sərt reaksiyasına səbəb olub. Söhbətin videokadrları sosial şəbəkələrdə geniş yayılıb.
4. Donald Tramp və Linkoln Memorialının hovuzu ətrafında yaranan problem
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda yerləşən Linkoln Memorialının əks etdirici hovuzunun təmizlənməsi ilə bağlı təşəbbüsü də nəşrin diqqət çəkdiyi hadisələr sırasındadır. Təmir işlərindən sonra hovuzda yosunların yenidən yaranması və suyun rənginin dəyişməsi layihə ətrafında müzakirələrə səbəb olub. Tramp problemdə podratçıları deyil, vandalizm hallarını günahlandırıb. Bununla bağlı açılan cinayət işləri isə məhkəmələr tərəfindən dayandırılıb və ya rədd edilib.
5. Peter Magyarın Viktor Orban üzərində qələbəsi
Macarıstanda müxalifətçi Peter Magyar uzun illər ölkəyə rəhbərlik etmiş Viktor Orbanı seçkidə məğlub edərək onun 16 illik hakimiyyətinə son qoyub. Əvvəllər Orbanın Fidesz partiyasında təmsil olunan Magyar 2024-cü ildə partiyadan ayrılaraq korrupsiya iddiaları və sosial-iqtisadi problemlər üzərindən siyasi kampaniya aparıb. Onun qələbəsi Macarıstanın siyasi kursunda mühüm dəyişiklik kimi qiymətləndirilib.
Məqalədə bu hadisələr 2026-cı ilin siyasi mənzərəsində liderlərin nüfuz, mövqe və ictimai təsir baxımından qarşılaşdıqları diqqətçəkən məqamlar kimi təqdim olunur.
20:16 03.11.2026
Oxunuş sayı: 52