21 gün gizli qala bilən virus Azərbaycanda yayıla bilər?
Meymunçiçəyi virusu ilə bağlı müxtəlif ölkələrdən gələn yoluxma xəbərləri
infeksiyanın yayılma riskini və ölkələrin epidemioloji hazırlıq səviyyəsini
yenidən gündəmə gətirir. Son olaraq Moskva vilayətində 38 yaşlı kişinin bu
virusa yoluxması təsdiqlənib. Rusiyada qeydə alınan yeni hal qonşu və region
ölkələrində də mümkün yoluxma risklərinin nə dərəcədə ciddi qiymətləndirilməli
olduğu barədə suallar yaradır.
Azərbaycanda isə rəsmi qurumlar hazırda meymunçiçəyi virusuna yoluxma
faktının qeydə alınmadığını, ölkədə epidemioloji vəziyyətin sabit və nəzarət
altında olduğunu bildirirlər. Xəstəliyin ölkəyə gətirilməsinin qarşısını almaq
üçün sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirilir, tibb
işçiləri arasında maarifləndirmə aparılır. Bununla belə, beynəlxalq
gediş-gəlişin intensivliyi, insanların müxtəlif ölkələrə səfərləri və
infeksiyanın təmas yolu ilə yayıla bilməsi profilaktik tədbirlərin əhəmiyyətini
artırır.
Meymunçiçəyi virusunun yayılma xüsusiyyətləri, ilkin əlamətləri və mümkün fəsadları barədə cəmiyyətdə məlumatlılığın artırılması da vacibdir. Xüsusilə xəstəliyin hansı hallarda yoluxma riski yaratdığını, şübhəli simptomlarla qarşılaşan şəxslərin necə davranmalı olduğunu bilmək infeksiyanın yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Digər tərəfdən, virusun ölkəyə daxil olması ehtimalına qarşı səhiyyə sisteminin hazırlığı və sərhədlərdəki nəzarət mexanizmlərinin effektivliyi də diqqət mərkəzindədir.

Mövzu ilə bağlı həkim Şahvələd Məmmədov bildirib ki, meymunçiçəyi
xəstəliyinin yayıldığı Cənubi Afrika ölkələrindən fərqli olaraq, Azərbaycanda
hazırda epidemiya üçün əlverişli şərait yoxdur:
“Azərbaycanda quru sərhədlərin bağlı olmasına baxmayaraq, hava yolu, eləcə
də Gürcüstan istiqamətində dəmir yolu vasitəsilə sərnişin daşımaları davam
edir. Bununla belə, meymunçiçəyi xəstəliyinin bəzi ölkələrdə yayılmasını nəzərə
alaraq, Səhiyyə Nazirliyi tərəfindən sərhəd nəzarət-buraxılış məntəqələrində
həmin ölkələrdən gələn sərnişinlərin yoxlanılması ilə bağlı müvafiq göstərişlər
verilib. Sərnişinlərdə xəstəliyə xas simptomlar aşkarlandığı təqdirdə, onların
izolyasiya edilməsi və müvafiq tibb müəssisəsinə yerləşdirilməsi nəzərdə
tutulur.
Meymunçiçəyinin simptomları suçiçəyindən müəyyən xüsusiyyətlərinə görə
fərqlənir. Belə ki, meymunçiçəyi zamanı əllərdə, ovuclarda, ayaqlarda, bədəndə,
kürəkdə və qarın nahiyəsində xüsusi səpkilər müşahidə olunur. Bu səpkilər,
adətən, daha iri və qabarıq olur. Suçiçəyində isə daha xırda, bəzən maye və ya
irinlə dolu qabarcıqlar şəklində səpkilər yaranır. Bu səbəbdən bəzən hətta
həkimlər üçün də ilkin mərhələdə bu iki xəstəliyi fərqləndirmək çətin ola
bilər.
Meymunçiçəyi əsasən yoluxmuş şəxslə yaxın təmas zamanı, o cümlədən dəri
təması və xəstənin istifadə etdiyi geyim və digər əşyalar vasitəsilə yayıla
bilər. Uzunmüddətli yaxın təmas da yoluxma riskini artırır.
Xəstəliyin yayılmasının qarşısının alınması Azərbaycanda nəzarətdə
saxlanılmalıdır. Təhlükənin hansı istiqamətlərdən yarana biləcəyi məlumdur və
belə hallarda xəstələrin necə aşkarlanması, izolyasiya edilməsi və tibbi
nəzarətə götürülməsi ilə bağlı müvafiq mexanizmlər mövcuddur.
Meymunçiçəyi xəstəliyinin inkubasiya dövrü 21 günədək davam edə bilər. Əksər
hallarda xəstəlik yüngül və ya orta ağırlıqda keçir, sağalma isə adətən 2-4
həftə ərzində baş verir”.
Məhəbbət Tərlanoğlu
18:00 04.11.2026
Oxunuş sayı: 62