Tramp Heqsetin vəzifədən çıxarılmasını müzakirə edir
ABŞ Prezidenti Donald Tramp respublikaçıların Konqresə aralıq seçkilərində ağır məğlubiyyətindən sonra müdafiə naziri Pit Heqsetin vəzifəsində qalıb-qalmaması məsələsini müşavirləri ilə müzakirə edir.
Crossmedia.az xəbər verir ki, UNIAN bu barədə “CBS News” telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evdəki bəzi köməkçilər seçkilərdəki məğlubiyyətə görə məsuliyyətin bir hissəsinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynin üzərinə qoyula biləcəyini düşünürlər. Hər iki hərbçi İrana qarşı müharibənin aparılmasında mühüm rol oynayıb.
Bununla belə, mənbələr Trampın hələlik Heqseti vəzifədən kənarlaşdırmaq barədə qərar vermədiyini bildiriblər. Seçkilərdən əvvəl də demokratlar müdafiə nazirinin vəzifədən uzaqlaşdırılmasına çalışırdılar. Konqresin hər iki palatasında çoxluğun demokratlara keçməsi isə Heqsetə qarşı impiçment ehtimalını artıra bilər.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də respublikaçıların seçkilərdəki məğlubiyyətinə səbəb kimi müharibəni göstərib. O, “X” sosial şəbəkəsində yazıb: “Məğlubiyyətimizin səbəbi müharibədir”.
Mənbələrdən birinin sözlərinə görə, Heqsetin mümkün əvəzləyicisi kimi Florida ştatının respublikaçı qubernatoru Ron DeSantis də nəzərdən keçirilir. Bildirilir ki, DeSantis yanvar ayınadək, yeni Senatın fəaliyyətə başlamasından əvvəl təsdiqlənə bilər. Onun qubernatorluq səlahiyyətləri isə yanvarın 5-də başa çatır.
Ağ Evin mətbuat katibi Anna Kelli Heqsetin gələcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən Trampın müdafiə nazirinə tam etimad göstərdiyini bildirib. O, həmçinin İranda və Venesuelada həyata keçirilən hərbi əməliyyatları, eləcə də Heqsetin Pentaqonda əvvəlki prezident Co Baydenin dövründə tətbiq olunan müxtəliflik və inklüzivlik prioritetlərini ləğv etmək istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da Konqresin Nümayəndələr Palatasına və Senata aralıq seçkilər keçirilib. İlkin nəticələrə görə, Respublikaçılar Partiyası ciddi məğlubiyyətlə üzləşib və hər iki palatada çoxluğu demokratlara uduza bilər.
23:29 04.11.2026
Oxunuş sayı: 72