Rusiya Cənub-Şərqi Asiyada muzdlu döyüşçülər axtarır
Rusiya ordusunun Cənub-Şərqi Asiya ölkələrində Ukraynaya qarşı müharibədə iştirak etmək üçün muzdlu döyüşçülər cəlb etməsi genişlənir.
Crossmedia.az xəbər verir ki, “Foreign Policy” jurnalı bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya həm açıq çağırışlardan, həm də gizli cəlbetmə üsullarından istifadə edərək regionun müxtəlif ölkələrində döyüşçü axtarır.
Müharibə illərində Rusiya İndoneziyadan az sayda keçmiş hərbçi və istefada olan polis əməkdaşını öz tərəfinə cəlb edə bilib. Onların şəxsiyyətləri barədə məlumatlar ictimailəşdirildikdən sonra həmin şəxslər İndoneziya vətəndaşlığından məhrum ediliblər.
İndoneziya Milli Polisinin bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirilib ki, hazırda ölkənin milli və regional polis qurumları 58 İndoneziya vətəndaşı ilə bağlı araşdırma aparır.
Son aylarda hərbi və ya hüquq-mühafizə sahəsində təcrübəsi olmayan şəxslərin də cəlb edilməsi halları artıb. Onlara əsasən cəbhə xəttindən uzaqda yerləşən işlərdə yüksək əməkhaqqı vəd edilir. Lakin Rusiyaya aparıldıqdan sonra aldadılaraq hərbi müqavilə imzalamağa məcbur edilir və hücum əməliyyatlarına göndərilirlər.
“Chasseur Group” təşkilatının icraçı direktoru və “Verve Research” tədqiqat mərkəzinin baş elmi əməkdaşı Munira Mustafa Rusiyanın sosial şəbəkələr vasitəsilə həyata keçirdiyi bu cəlbetmə üsullarını dələduzluq mərkəzlərində istifadə olunan metodlarla müqayisə edib.
O bildirib ki, bir çox kişi cəbhə xəttindən uzaqda işləmək vədi ilə Rusiyaya cəlb olunub və birbaşa döyüşlərdə iştirak edəcəklərini gözləməyib.
Məqalədə Asiya ölkələrinin hökumətlərinin Rusiyanın muzdlu döyüşçü cəlbetmə şəbəkəsinin genişlənməsinə qarşı reaksiyasının yetərsiz olduğu da vurğulanır.
22:08 04.11.2026
Oxunuş sayı: 63