Putinin Paşinyanı təbrik etməməsinin səbəbi açıqlandı
Ermənistanın son illərdə nümayiş etdirdiyi xarici siyasət kursu-xüsusilə Qərbə inteqrasiya cəhdləri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması - zahirən İrəvanın Moskvadan tam qopması təəssüratı yaratsa da, real siyasi mənzərə bunun fərqli olduğunu göstərir. Kremlin son xəbərdarlıqları və İrəvanın maliyyə öhdəliklərini qabartması təsadüfi bir diplomatik gediş yox, Rusiyanın öz təsir dairəsində olan "tərəfdaşına" verdiyi konkret vaxt limitidir. Nikol Paşinyan hakimiyyətinin parlament seçkilərindən sonra dəyişməz qalan kadr heyəti və xarici siyasət xətti Rusiyanı daha kəskin gedişlər etməyə vadar edir. Lakin Gümrüdəki 102-ci hərbi bazadan tutmuş ölkənin iqtisadi-hərbi asılılığına kadar olan real faktorlar göstərir ki, Ermənistanın "Qərbə doğru dönüşü" köklü bir strateji dəyişiklikdən daha çox, hələlik sadəcə təhlükəsizlik axtarışındakı gərgin bir manevrdir. Kreml də, İrəvan da yaxşı fərqindədir ki, bu mürəkkəb geosiyasi şahmatda tərəflər bir-birinə hələ uzun müddət "məkumdurlar".

Məsələ ilə bağlı Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Crossmedia.az-a açıqlama verib:
"Məlumdur ki, Ermənistan 2024-cü ildən etibarən Rusiyanın rəhbərlik etdiyi KTMT-dəki fəaliyyətini dondurub. Rusiya tərəfindən verilən açıqlamada isə noyabr ayına qədər müddət nəzərdə tutulub. Hesab edirəm ki, bu da təsadüfi deyil; çünki həmin vaxta qədər təxminən 4 ay vaxt qalır. Kreml bir növ Ermənistana mesaj verir ki, yəni bu 4 ay ərzində apardığın siyasətdə dəyişikliklər et. Yəni "Qərbmeyilli siyasətindən geri çəkil və əvvəlki dövrlərdəki siyasətinə qayıt" mesajı Paşinyana ünvanlanır.
Həmin mesajların indi ünvanlanması və üzvlük haqqı məsələsinin qabardılması təsadüfi deyil. Çünki bilirsiniz ki, bu yaxınlarda Ermənistanda keçirilən parlament seçkilərindən sonra artıq Paşinyanın növbəti dönəm üçün Ermənistanın baş naziri olacağı dəqiqləşdi və bu günlərdə Nazirlər Kabineti formalaşdırıldı. Əvvəlki kadrlar, demək olar ki, Simonyan istisna olmaqla, yerlərində saxlanıldı və ciddi bir kadr dəyişikliyi olmadı".
Ekspertin sözlərinə görə, bu o anlama gəlir ki, Ermənistanın xarici siyasət kursunda dəyişiklik edilməyəcək və 2018-ci ildən etibarən, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra yürüdülən siyasət bundan sonra da davam edəcək:
"Təbii ki, Rusiya da buna seyirçi qala bilməzdi. Düşünürəm ki, bu mesajdan sonra Ermənistanın bu istiqamətdəki siyasətində müəyyən dəyişikliklər ola bilər və Ermənistan yaxın aylarda təşkilatdakı fəaliyyətini bərpa edər. İndi üzvlük məsələsi qabardılır: Ermənistan artıq iki ildir üzvlük haqqını ödəmir və s. Hesab edirəm ki, bu elə də ciddi problem deyil. Zatən məlumdur ki, indiyə qədər Ermənistanın müstəqil dövlət kimi qalmasına hərtərəfli dəstək verən yeganə ölkə Rusiya olub.
Hazırda Ermənistanda 102-ci Rusiya hərbi bazasının hələ də fəaliyyət göstərməsi onu göstərir ki, Ermənistan şimal qonşumuzun forpostu olaraq qalmaqda davam edir. Ermənistan nə qədər Qərbmeyilli siyasətə can atsa da, Rusiyanın cəngindən hələ də qurtarmaq iqtidarında deyil. Zatən öz ərazində — Gümrüdə başqa bir dövlətin hərbi bazası yerləşirsə və onu çıxarmaq iqtidarında deyilsən, deməli, həmin dövlətin forpostu olaraq qalır. Bunun üçün də elə bir siyasət yürütməlisən ki, nə şiş yansın, nə də kabab".
C. Abbaslının fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Paşinyanı hələ də təbrik etməməsi o anlama gəlir ki, Kreml rəhbəri "Xarici siyasətdə ciddi dəyişikliklər etməlisən və buna məcbursan" mesajını verir. Baş verənlər də bundan qaynaqlanır. Amma istənilən halda Ermənistanın KTMT-dən uzaqlaşdırılacağına və ya səsvermə hüququnun ləğv ediləcəyinə inanmıram. Çünki Rusiya Ermənistanın öz cəngindən çıxmasına o qədər də izin verməz. Kreml yaxın gələcəkdə orada hakimiyyətə öz əlaltılarının gəlməyəcəyini dəqiq bilir: buna görə də Paşinyanla işləməyə məcbur olduğunun fərqindədir və daha kəskin addımlar ata bilməz. Rusiyadakı hakim dairələr Avropa İttifaqının müşahidə missiyasının sərhəddə fəaliyyət göstərdiyinin yaxşı fərqindədirlər".
Turqut Ansari
11:00 06.08.2026
Oxunuş sayı: 58