ABŞ biznesi təchizat zəncirində yeni böhranla üzləşib
ABŞ-də müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslər artan daşınma xərcləri, konteyner çatışmazlığı və təchizat zəncirində yaranan fasilələr səbəbindən ciddi çətinliklərlə üzləşirlər.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
Şimali Karolinada yerləşən “Dilworth Coffee” şirkətinin baş direktoru Ceff Voyta son illərdə bir-birinin ardınca yaranan problemlərin biznesə ciddi təsir etdiyini bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Braziliyada qəhvə məhsuldarlığının aşağı düşməsi qiymətlərin rekord həddə yüksəlməsinə, növbəti il isə ABŞ-nin tətbiq etdiyi qlobal tariflərin qəhvənin bahalaşmasına səbəb olub.
Voyta bu il vəziyyətin daha da mürəkkəbləşdiyini qeyd edib. Onun sözlərinə görə, daşınmalarda yaranan problemlər, konteyner çatışmazlığı, Qırmızı dənizdəki vəziyyətlə əlaqədar artan xərclər və gübrə qiymətlərinin yüksəlməsi şirkətlər üçün ciddi qeyri-müəyyənlik yaradıb.
CNN-in məlumatına görə, ABŞ-nin müxtəlif bölgələrində fərqli sahələrdə çalışan sahibkarlar oxşar problemlərdən danışırlar. Təchizat İdarəetmə İnstitutunun aylıq sorğusunda da bir sıra biznes nümayəndələri mövcud iqtisadi şəraiti COVID-19 pandemiyası dövrü ilə müqayisə ediblər, lakin onların fikrincə, pandemiya zamanı vəziyyət indiki dövrdən daha yaxşı olub.
18:15 20.09.2026
Oxunuş sayı: 53