Demokratlar Trampın 1,5 trilyon dollarlıq büdcəsinə qarşı çıxıb
ABŞ Konqresinin hər iki palatasında çoxluq qazanan demokratlar Prezident Donald Trampın 2027-ci maliyyə ili üçün təklif etdiyi 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin qəbuluna mane olacaqlarını bildirirlər.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, demokratlar müdafiə xərclərinin əvvəlki maliyyə ili ilə müqayisədə 44 faiz artırılmasını dəstəkləmirlər. Onlar büdcənin 1 trilyon dolları keçməməsini və ölkənin milli təhlükəsizlik ehtiyaclarına uyğun daha dayanıqlı maliyyələşdirmə modelinin tətbiqini istəyirlər.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin gələcək sədri olması gözlənilən Adam Smit bildirib ki, milli təhlükəsizlik üçün 1 trilyon dollardan artıq müdafiə büdcəsinə ehtiyac yoxdur.
Demokratların mövqeyinin Tramp administrasiyasının hərbi xərcləri artırmaq planlarını çətinləşdirəcəyi gözlənilir.
17:08 09.11.2026
Oxunuş sayı: 42