İran üçün qorxulu ssenari: Hər şey hələ qabaqdadır
ABŞ-nin İrana qarşı elan etdiyi yeni iqtisadi təzyiq mexanizmi regionda növbəti gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Vaşinqtonun “Dəmir qapılar” adlandırılan planı İranın silah, texnologiya və ikili təyinatlı məhsullar əldə etməsinə, eləcə də alternativ ticarət marşrutlarından istifadəsinə mane olmağı hədəfləyir. Lakin Tehran bu təşəbbüsün nəticə verməyəcəyini iddia edir. SEPAH rəsmisi Möhibi planı sadəcə söz oyunu adlandıraraq ABŞ-ın İran iqtisadiyyatını çökdürmək məqsədinə nail ola bilməyəcəyini bildirib. ABŞ bu əməliyyat vasitəsilə İranın iqtisadiyyatını çökdürməyə və ölkəni xarici ticarət baxımından təcrid etməyə nə dərəcədə nail ola bilər? Nəzərə alsaq ki, İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə alternativ ticarət marşrutları mövcuddur, bu planın qarşısını almaq Tehran üçün nə dərəcədə realdır? SEPAH nümayəndəsinin “Dəmir qapılar” planının nəticəsiz qalacağına dair əminliyinin arxasında hansı amillər dayanır? İran qonşu dövlətlərlə iqtisadi və logistik əlaqələrindən istifadə etməklə ABŞ-nin təzyiqlərini neytrallaşdıra bilərmi, yoxsa Vaşinqtonun bu addımı İran iqtisadiyyatı üçün yeni və daha ciddi problemlər yaradacaq?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən fəlsəfə doktoru Məhəmməd Cəbrayılov qeyd edib ki, İranla ABŞ arasında baş verən 40 günlük müharibəyə nəzər salmaq lazımdır: “Həmin müharibə zamanı ABŞ hərbi yolla İranda hakimiyyəti dəyişəcəyini və qarşıya qoyduğu strateji məqsədlərə nail olacağını düşünürdü. Lakin bu plan özünü doğrultmadı, əks effekt verdi. Göründü ki, İran rejimi kifayət qədər repressiv xarakter daşıyır və asanlıqla geri çəkilən deyil. Həmin müddətdə kifayət qədər insan edam olundu, güllələndi. Səhv etmirəmsə, bir neçə gün əvvəl iğtişaşlarda iştirak edən üç nəfər edam edildi. Yəni, burada İran hakimiyyəti həm qorxu yaratmaq, həm də ideoloji səfərbərlik imkanları əldə etdi. Halbuki ölkənin ali dini lideri, daha sonra isə SEPAH-ın yüksək rütbəli komandanları sıradan çıxarılmışdı. Demək olar ki, İranda əsas fiqurların əksəriyyəti sıradan çıxarıldı. Bununla yanaşı, ölkənin müxtəlif ərazilərinə, hərbi və strateji obyektlərinə güclü zərbələr endirildi. Ancaq bütün bunlar gözlənilən nəticəni vermədi. Burada bir məqamı dəqiqləşdirmək lazımdır. Noyabrın 7-də elan edilən bu təşəbbüs İranın bütün sərhədlərini tamamilə bağlamağı nəzərdə tutan yeni hərbi əməliyyat demək deyil. Söhbət Floridada yerləşən, təxminən 20 min hərbi və mülki əməkdaşdan ibarət koordinasiya qrupundan gedir. Açıqlamalara görə, bu qrupun məqsədi İranın dəniz sərhədləri və Xəzər üzərindən silahların, ikili təyinatlı məhsulların, texnologiyaların və qanunsuz malların daşınmasını məhdudlaşdırmaqdır. Mənim qənaətimə görə, düzgün qurulmuş iqtisadi təzyiq uzunmüddətli nəticələr baxımından ardıcıl hərbi zərbələrdən daha təsirli ola bilər. Çünki İran artıq hərbi zərbələrin təsirini sınaqdan keçirib və onların gözlənilən nəticəni vermədiyi məlumdur. İqtisadi təzyiq isə daha geniş təsir imkanlarına malikdir. Hərbi zərbələr müəyyən obyektləri sıradan çıxara bilər, lakin iqtisadi məhdudiyyətlər həmin obyektlərin yenidən qurulmasını və fəaliyyətinin bərpasını çətinləşdirir”.

Ekapert qeyd edib ki, zavodu bombalamaq bir məsələdir, onun yenidən fəaliyyətə başlaması üçün lazım olan mütəxəssisləri, texnologiyaları və maliyyə vəsaitlərini əldə etmək isə tamam başqa məsələdir: “Hərbi əməliyyatların siyasi riski də var. Nəzərə almaq lazımdır ki, xarici müdaxilə hakimiyyətdən narazı olan insanlarda belə ölkəni müdafiə etmək hissini gücləndirə bilər. İran nümunəsində bunun şahidi olduq. Buna görə də rəhbər şəxslərin öldürülməsinin avtomatik olaraq hakimiyyətin zəifləməsinə və xarici qüvvələrin ölkədaxili proseslərə təsir imkanlarının artmasına gətirib çıxaracağını düşünmək düzgün olmazdı. Xarici təhlükə bəzən daxili narazılıqları arxa plana keçirir. Yenə də qeyd etmək lazımdır ki, hazırda Donald Trampın İrana qarşı sərt mesajlar verməsindən əvvəl ölkədə, xüsusilə iqtisadi vəziyyətlə bağlı ciddi narazılıqlar mövcud idi. Xatırlayırsınızsa, hətta iş adamları və tacirlər də küçələrə çıxaraq etiraz edirdilər. Bu etirazlar isə qısa müddətdə yatırıldı. ABŞ-nin hərbi zərbələrindən sonra isə İran daxilində müəyyən konsolidasiya, yəni birləşmə meyilləri müşahidə olundu. İran bu iqtisadi blokadanı nə dərəcədə təsirsiz göstərə bilər? Mən buna həm real imkanlar, həm də siyasi mesaj baxımından yanaşıram. Çünki İranın yeddi quru qonşusu var. Xəzər dənizi vasitəsilə də alternativ əlaqə imkanları mövcuddur. Digər marşrutlardan istifadə də mümkündür. Xəzər üzərindən mövcud marşrutların məhdudlaşdırılması isə qonşu dövlətlərin əməkdaşlığından ciddi şəkildə asılıdır. Xəzər dənizində Fars körfəzindəki kimi hərbi mövcudluq və nəzarət imkanları yoxdur. Xəzərin coğrafi və logistik xüsusiyyətləri fərqlidir. İranın Fars körfəzində olduğu kimi, Xəzər dənizində də müəyyən logistik imkanları mövcuddur. Bu baxımdan, planın mövcud olması bütün yolların bağlanacağı anlamına gəlmir. Planın elan edilməsi ilə onun tam şəkildə həyata keçirilməsi arasında ciddi fərq var. İndi görək, Tramp administrasiyasının elan etdiyi bu sərt blokada, İranın tam təcrid olunması hansı nəticələri verəcək? Mənə elə gəlir ki, ABŞ administrasiyasının elan etdiyi blokada reallaşarsa, İran üçün kifayət qədər ciddi çətinliklər yarada bilər. Hesab edirəm ki, bunu Trampın seçkilərdən əvvəl səsləndirdiyi hərbi zərbələrlə bağlı ritorikadan daha ciddi addım kimi qiymətləndirmək lazımdır. Bu təşəbbüsün İran üçün daha ağır nəticələr doğuracağını düşünürəm”.
Ayhan
17:00 09.11.2026
Oxunuş sayı: 55