İsraildə hakimiyyət uğrunda yeni mübarizə: Netanyahu siyasi səhnədən gedir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərinin nəticələri ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoyub. Seçkilərin nəticələrinə əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 27 mandat qazanaraq parlamentdə ən böyük fraksiya olub. Lakin Netanyahunun rəhbərlik etdiyi sağçı siyasi blok hökuməti formalaşdırmaq üçün zəruri olan 61 mandatı əldə edə bilməyib. Onun əsas rəqibi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku isə 48 mandat qazanıb. Ərəb partiyaları ümumilikdə 19 yerlə parlamentdə təmsil olunublar.
Beləliklə, 120 yerlik Knessetdə heç bir siyasi blok hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib. Noyabrın 8-də İsrail Prezidenti İsxak Hersoq parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra müxalifət lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmağı tapşırıb. Məsləhətləşmələr zamanı 67 deputat Azenkotun, 46 deputat isə Netanyahunun namizədliyini dəstəkləyib. Yeddi deputat isə heç bir namizədi irəli sürməyib.
Bu qərar İsrail siyasətində uzun illərdir hakim mövqedə olan Benyamin Netanyahunun siyasi gələcəyi ilə bağlı ciddi suallar yaradıb. Bununla belə, Ayzenkotun hökuməti formalaşdırmaq mandatı alması hələ hakimiyyət dəyişikliyinin başa çatması demək deyil. Onun qarşısında müxtəlif siyasi maraqlara və ideoloji baxışlara malik qüvvələri vahid koalisiya ətrafında birləşdirmək kimi mürəkkəb vəzifə dayanır.
Bəs, bu qərar əslində nə deməkdir? Netanyahu hakimiyyəti itirə bilərmi? İsraildə yeni hökumətin formalaşması ölkənin Yaxın Şərq siyasətinə, İranla münasibətlərinə və ABŞ ilə əlaqələrinə necə təsir göstərə bilər?
Mandat almaq nə deməkdir?
İlk növbədə, İsrailin siyasi sistemində baş verənləri anlamaq lazımdır.
İsraildə prezident hökuməti özü formalaşdırmır. Parlament seçkilərindən sonra prezident siyasi partiyalarla məsləhətləşmələr aparır və hökumət yaratmaq imkanları daha real görünən deputata bu səlahiyyəti verir.
Ölkənin 120 yerlik parlamentində – Knessetdə hökumətin etimadını qazanmaq üçün ən azı 61 deputatın dəstəyi tələb olunur.
Seçkilərin nəticələrinə görə, siyasi mənzərə belə formalaşıb:
• Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok – 53 mandat;
• Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət bloku – 48 mandat;
• Ərəb partiyaları – 19 mandat.
Maraqlı məqam ondan ibarətdir ki, "Likud" partiyası 27 mandatla parlamentdə ən böyük fərdi fraksiya olsa da, bu, avtomatik olaraq Netanyahunun hökumət qurmaq hüququ qazanması demək deyil.
Prezidentin məsləhətləşmələri zamanı 67 deputat Ayzenkotun namizədliyini dəstəkləyib. Bu dəstəyin mühüm hissəsi ərəb partiyalarından gəlib. Beləliklə, prezident parlamentdəki siyasi dəstək mənzərəsini nəzərə alaraq Ayzenkota mandat verib.
Bu qərar Netanyahunun siyasi məğlubiyyətinin rəsmiləşməsi deyil. Ayzenkotun qarşısında indi daha çətin vəzifə dayanır: parlamentdə ən azı 61 deputatın dəstəyini təmin edəcək işlək hökumət yaratmaq.
Azenkotun hökumət qurmaq üçün 28 günü var. Prezident zəruri hesab edərsə, bu müddəti daha 14 gün uzada bilər.
Ayzenkotun qarşısında üç əsas ssenari
Ayzenkotun hökumət qurmaq üçün qarşısında bir neçə siyasi variant mövcuddur.

Birinci ssenari – ərəb partiyalarının dəstəyi ilə hökumət qurmaq.
Riyazi baxımdan bu, ən aydın variantlardan biridir. Müxalifət blokunun 48 mandatına ərəb partiyalarının 19 mandatını əlavə etdikdə 67 səs alınır.
Lakin burada ciddi siyasi problem mövcuddur. Ayzenkot ərəb partiyalarını hökumətin birbaşa tərkibinə daxil etmək niyyətində olmadığını bildirib. İsrailin siyasi mühitində ərəb partiyalarının hökumətdə iştirakı məsələsi də həssas mövzulardandır.
Bununla belə, onların hökumətə daxil olmadan parlamentdə etimad səsverməsində Ayzenkotu dəstəkləməsi ehtimalı qalır. Bu, azlıq hökuməti modelini gündəmə gətirə bilər.
İkinci ssenari – ultraortodoksal partiyalarla koalisiya.
Ayzenkot üçün digər variant Şas və Birləşmiş Tövrat Yəhudiliyi partiyalarını öz tərəfinə çəkməkdir.
Bu iki siyasi qüvvənin dəstəyi onun 48 mandatlıq blokunu 61-ə çatdıra bilər. Ancaq problem ondadır ki, ultraortodoksal partiyalarla dünyəvi və mərkəzçi siyasi qüvvələr arasında ciddi fikir ayrılıqları mövcuddur.
Xüsusilə dini təhsil, sosial güzəştlər və ultraortodoksal yəhudilərin hərbi xidmətə çağırılması məsələsi koalisiya danışıqlarını çətinləşdirə bilər.
Üçüncü ssenari – milli birlik hökuməti.
Bu variantda Ayzenkot və Netanyahu arasında razılaşma əldə edilə, "Likud" və müxalifət qüvvələrinin iştirakı ilə geniş koalisiya yaradıla bilər.
İlk baxışdan belə bir hökumət İsraildə siyasi sabitliyin təmin olunmasına xidmət edə bilər. Lakin tərəflər arasında fikir ayrılıqları kifayət qədər dərindir.
Netanyahunun sağçı tərəfdaşları, xüsusilə Bezalel Smotriç və İtamar Ben-Qvirin siyasi mövqeləri Ayzenkotun müxalifət blokundakı bəzi qüvvələrin mövqeyi ilə uzlaşmır.
Bununla belə, Ayzenkot milli birlik hökuməti variantına açıq olduğunu bildirib. O, "Likud" və Dini Sionizm partiyasının nümayəndələrini də mümkün hökumətə qoşulmağa dəvət edib. Bu, danışıqlarda siyasi manevr imkanlarını genişləndirə bilər, lakin hələ real razılaşma demək deyil.

Netanyahu niyə hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib?
Netanyahunun siyasi problemləri yalnız seçkilərin nəticələri ilə bağlı deyil. Onun hakimiyyəti son illərdə bir neçə ciddi daxili və xarici siyasi sınaqdan keçib.
İlk növbədə, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ölkədə təhlükəsizlik sisteminin fəaliyyəti və siyasi rəhbərliyin məsuliyyəti ilə bağlı mübahisələr dərinləşib. Müharibənin gedişi, girovların azad edilməsi, Qəzza zolağında gələcək idarəçilik modeli və İsrailin beynəlxalq münasibətlərində yaranan problemlər hökumətə təzyiqləri artırıb.
Bundan başqa, ultraortodoksal yəhudilərin hərbi xidmət məsələsi Netanyahunun koalisiyasındakı əsas ziddiyyətlərdən biridir. İsrail cəmiyyətində hərbi xidmətin hamı üçün bərabər olması tələbi güclənərkən, dini partiyalar mövcud güzəştlərin qorunmasında maraqlıdır.
Bu məsələ koalisiyanın parçalanmasına səbəb ola biləcək əsas amillərdən biridir.
Netanyahunun digər problemi siyasi rəqiblərinin birləşməsidir. Əvvəllər müxtəlif məsələlərdə razılığa gələ bilməyən müxalifət qüvvələri indi onun hakimiyyətdən getməsi məsələsində ortaq mövqeyə yaxınlaşıblar.
Lakin bu birlik hələlik daha çox Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması məqsədi ətrafında formalaşıb. Hökumətin gələcək siyasəti barədə vahid proqramın mövcudluğu isə ayrıca sualdır.
ABŞ faktoru: Vaşinqtonda dəyişən siyasi mənzərə
İsraildə hökumət dəyişikliyi ehtimalını yalnız daxili siyasi proseslər kontekstində qiymətləndirmək olmaz. ABŞ amili də xüsusi əhəmiyyət daşıyır.
ABŞ İsrailin əsas hərbi və diplomatik tərəfdaşıdır. Buna görə də Vaşinqtonla münasibətlərdə mümkün dəyişikliklər İsrail hökumətinin təhlükəsizlik və regional siyasətinə birbaşa təsir göstərə bilər.
Noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Vaşinqtonda İsrail siyasətinə daha tənqidi yanaşan siyasi qüvvələrin mövqelərinin güclənməsi də İsrail daxilində müzakirə olunan məsələlərdəndir.
Prezident İsxak Hersoq da Ayzenkota mandat təqdim edərkən ABŞ-də yaranmış yeni siyasi reallığa diqqət çəkib.
Bu mənada yeni İsrail hökumətinin formalaşması təkcə hakimiyyət dəyişikliyi deyil, həm də Vaşinqtonla münasibətlərin yenidən nəzərdən keçirilməsi baxımından əhəmiyyətli ola bilər.

Bununla belə, Ayzenkotun hakimiyyətə gəlməsi ABŞ-İsrail münasibətlərində avtomatik və köklü dəyişiklik yaradacağı anlamına gəlmir. O, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi kimi təhlükəsizlik məsələlərində sərt mövqeləri ilə tanınır. Qəzza, İran və Livan istiqamətlərində onun siyasətinin Netanyahudan əsaslı şəkildə fərqlənəcəyini indidən söyləmək mümkün deyil.
Regional siyasətdə nələr dəyişə bilər?
Ayzenkotun hökumət qurmaq mandatı alması Yaxın Şərqdəki proseslər baxımından da diqqətəlayiqdir.
İsrail hazırda bir neçə istiqamətdə təhlükəsizlik və diplomatik çağırışlarla üz-üzədir:
• İranla münasibətlər və regional təhlükəsizlik məsələləri;
• Qəzza zolağında müharibədən sonrakı idarəçilik modeli;
• Livanla münasibətlər və Hizbullah amili;
• Ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması;
• İsrailin beynəlxalq diplomatik təcridinin qarşısının alınması.
Atzenkotun qarşısında duran əsas məsələlərdən biri Qəzza zolağında müharibədən sonrakı siyasi nizamın müəyyənləşdirilməsidir. Prezident Hersoq yeni hökumətin qarşısında duran prioritetlər sırasında ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planını, Sülh Şurası təşəbbüsünü və qonşu ölkələrlə danışıqları da qeyd edib.
Burada mühüm məqam var: Ayzenkotun hakimiyyətə gəlməsi İsrailin Fələstin məsələsində mütləq yumşaq siyasət yürüdəcəyi demək deyil. Onun hərbi karyerası və təhlükəsizlik məsələlərindəki mövqeləri belə nəticə çıxarmağa əsas vermir.
Ancaq Netanyahu hökumətinin ifrat sağçı tərəfdaşlarının hakimiyyətdən kənarda qalması ehtimalı İsrailin diplomatik qərarlarında müəyyən manevr imkanları yarada bilər.
Digər tərəfdən, yeni hökumət qurulacağı təqdirdə İranla bağlı siyasətin dəyişəcəyini də gözləmək olmaz. Bu məsələ İsraildə hökumətlərarası siyasi rəqabətdən daha geniş təhlükəsizlik konsensusuna əsaslanır.
Bundan sonra nə baş verə bilər?
Mövcud vəziyyətdən çıxış edərək üç əsas ehtimalı fərqləndirmək olar.
Birinci ehtimal – Ayzenkot hökuməti formalaşdırır.
Bu halda İsraildə uzun müddətdir davam edən Netanyahu hakimiyyətinin sona çatması mümkün olacaq. Lakin yeni hökumət daxilindəki ideoloji və siyasi ziddiyyətlər onun fəaliyyətini çətinləşdirə bilər. Xüsusilə ərəb partiyalarının xarici dəstəyi və dini partiyalarla mümkün razılaşmalar hökumətin dayanıqlılığına təsir göstərəcək.
İkinci ehtimal – Netanyahu siyasi manevr edərək hakimiyyətdə qalır.
Netanyahu hələ baş nazir postunu itirməyib. Ayzenkotun hökumət qurmaq cəhdinin uğursuzluğa düçar olması halında başqa namizədə mandat verilə bilər. Bu mərhələdə Netanyahu yenidən hökumət qurmaq imkanını əldə edə bilər.
Bunun üçün o, indiki siyasi tərəfdaşları ilə yanaşı, yeni parlament konfiqurasiyasında özünə dəstək verə biləcək qüvvələrlə danışıqlar aparmalıdır.
Üçüncü ehtimal – növbədənkənar seçkilər.
Əgər heç bir namizəd hökumət formalaşdıra bilməsə, İsrail yenidən seçkilərə gedə bilər. Bu isə ölkədə siyasi qeyri-müəyyənliyin uzanması deməkdir.
Burada bir detalı da vurğulamaq lazımdır: hökumət formalaşana qədər Netanyahu müvəqqəti baş nazir kimi fəaliyyətini davam etdirir. Deməli, Ayzenkotun mandat alması hakimiyyətin dərhal təhvil verilməsi deyil.
İraildə məsələ yalnız Netanyahu deyil
Baş verənləri İsrail tarixində adi koalisiya danışıqları kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət ölkənin gələcək siyasi arxitekturasının müəyyənləşdirilməsindən gedir.
Netanyahu uzun illər ərzində İsrail siyasətində əsas qərarverici fiqur olub. Onun hakimiyyətdə qalması və ya siyasi səhnədən çəkilməsi təkcə Likud partiyasının deyil, həm də dini və sağçı siyasi qüvvələrin gələcək mövqelərinə təsir göstərəcək.
Atzenkotun qarşısında isə paradoksal vəziyyət yaranıb: onu hakimiyyətə gətirmək istəyən siyasi qüvvələr kifayət qədər çoxdur, amma həmin qüvvələrin hamısını vahid hökumətdə birləşdirmək o qədər də asan deyil.
Ərəb partiyaları Netanyahu hakimiyyətinin dəyişməsində maraqlı olsalar da, Azenkotun onların hökumətdə iştirakına münasibəti məhduddur. Ultraortodoksal partiyalarla razılaşma isə müxalifətin öz daxilində yeni narazılıqlar yarada bilər. Netanyahu ilə milli birlik hökuməti variantı da Ayzenkotun siyasi mövqeləri baxımından mürəkkəb seçimdir.
Əslində, İsraildə indi iki paralel mübarizə gedir: birincisi, Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı, ikincisi isə onun mümkün siyasi varisinin hansı qüvvələrin dəstəyi ilə ölkəni idarə edəcəyidir.
Bu prosesin nəticəsi İsrailin təkcə daxili siyasi həyatına deyil, İran, Fələstin, Livan və ABŞ ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək.
Ən mühüm məqam isə budur: Netanyahu hələ məğlub olmayıb, Ayzenkot isə hələ qalib gəlməyib. İsrail siyasətində yeni mərhələ başlayıb və bu mərhələnin əsas nəticəsi koalisiya danışıqlarının necə yekunlaşacağından asılı olacaq.
Müşahidəçi
13:30 09.11.2026
Oxunuş sayı: 53
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.