Finlandiya və Norveç Putinlə gizli telefon danışığına aylarla hazırlaşıb
Finlandiya və Norveç liderləri ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda yeganə Qərb təmsilçisi olmasını istəməyiblər. Bu məqsədlə iki ölkənin rəhbərləri Kreml ilə birbaşa əlaqə qurmaq üçün aylarla hazırlıq aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Vaşinqtona artan etimadsızlıq səbəbindən belə addım atmaq qərarına gəliblər. Avropalı rəsmilər Tramp administrasiyasının Ukrayna və Avropanın maraqlarını lazımi səviyyədə müdafiə etməyəcəyindən narahatdırlar.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələrdən sonra Finlandiya və Norveç liderləri oktyabrın 27-də Putinlə 90 dəqiqəlik telefon danışığı aparıblar. Söhbət zamanı onlar Kiyevin mövqeyini çatdırıb, həmçinin noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqları müzakirə ediblər.
Məlumata görə, Putin Rusiya nümayəndə heyətini görüşə hazırlayacağına söz verib. Lakin Norveçin Baş naziri Yonas Qar Störe Kremlin həqiqətən sülh razılaşmasına hazır olduğuna əmin olmadığını bildirib.
Finlandiya və Norveç tərəfləri Əbu-Dabi danışıqlarından ciddi irəliləyiş gözləmirlər.
Bu təşəbbüs Avropa müttəfiqləri arasında da fikir ayrılığına səbəb olub. Bəzi ölkələr hesab edir ki, Putinlə birbaşa əlaqələrin qurulması onun diplomatik təcriddən çıxmasına şərait yarada bilər.
12:53 09.11.2026
Oxunuş sayı: 58