Şərqi Zəngəzur iqtisadi rayonunda biznes imkanları
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən zəngin biznes imkanlarına malikdir. İqtisadi rayonda sənayenin ayrı istiqamətləri, turizm xidmətləri, kənd təsərrüfatı (bitkiçilik və heyvandarlıq) üçün biznes potensialı mövcuddur. Bircə faktı yada salmaq istərdim ki, işğal dövründə erməni vandalizminə məruz qalan Zəngəzurda yerləşən Mis-molibden yatağı bir ildə 60 milyon manatdan çox vergi ödəyirdi. Yatağın Ermənistan tərəfindən istismarı ciddi ekoloji pozuntularla xarakterizə olunsa da, ödənilən verginin həcmi yatağın imkanlarını təsəvvür etməyə əsas yaradır. Bu isə o deməkdir ki, Şərqi Zəngəzur iqtisadi rayonunda biznes imkanlarından birini metallurgiya sənayesi, xüsusilə əlvan metallurgiya təşkil edir. İqtisadi rayonun qızıl, xromit, civə, perlit, mərmər və s. kimi faydalı qazıntılarla zəngin olması da qeyd olunanları bir daha təsdiq edir.
Regionun bütünlüklə erməni vandalizminə məruz qalması, bütün yaşayış məskənlərinin yerlə-yeksan edilməsi tikinti sahəsində də biznes imkanlarını ortaya çıxarır. Belə ki, dövlət başçısının 21 iyul 2022-ci il tarixli Fərmanı ilə fəaliyyətə başlayan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tikinti-quculuq işlərinə investisiyaların cəlb edilməsi üçün fəaliyyət göstərməkdədir. Əsas vəzifəsi məskunlaşmanı tezləşdirmək və insanların tarixi dədə-baba yurdlarına qayıdışı üçün çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək, müvafiq ərazidə ümumi istifadədə və balansda olan avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək olan Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti də müəyyən biznes imkanları təklif edir. Belə ki, istər yaşayış binalarının tikintisi, istər qeyri-yaşayış obyektlərinin tikintisi, istərsə də abadlaşdırma və bərpa-yaşıllaşdırma işlərinə investisiyaların cəlb edilməsi üçün müvafiq addımlar atır. Bu isə həm məskunlaşmaya dəstəkdir, həm də biznes imkanları yaradır.
Ümumiyyətlə, Şərqi Zəngəzurun bütün rayonları, ən kiçik əraziləri belə bu və ya digər biznes imkanlarına malikdir ki, bu da regionun iqlim və təbii potensial zənginliyindən irəli gəlir. Məsələn, iqtisadi rayona daxil olan Cəbrayıl rayonu sement istehsalı üçün, mərmər və digər tikinti materiallarının istehsalı üçün iri həcmli potensiala malikdir. O cümlədən, rayon əkinçilik və heyvandarlıq üçün uzunmüddətli inkişaf potensialına malikdir. Rayonda qida və toxuculuq sənayesinin inkişafı üçün də imkanlar mövcuddur. Keçmiş ənənələrə nəzər saldıqda, aydın olur ki, Cəbrayılda baramaçılıq, üçümçülük inkişaf etdirilmişdir. Hətta, bəzi mənbələrdə, SSRİ dövründə Cəbrayıl rayonunda il ərzində 60 tondan çox üzüm istehsal olunduğu bildirilir. Bu halda təbii-iqlim potensialının yaratdığı imkanlarla yanaşı, digər sahələrdə də biznesin inkişafı üçün imkanlar yaranır. Məsələn, üçümçülüyün inkişafı şərabçılıq, bitkiçiliyin və heyvandarlığın inkişafı qida və emal sənayesi, tikinti materialları üçün xammalların olması inşaat materialları sənayesi kimi sahələrdə biznes fəaliyyəti üçün əlverişli imkan yaradır.
İşğaldan azad edilmiş bütün ərazilərin, o cümlədən Şərqi Zəngəzurun bərpası və regionda normal həyata qayıdışın təmin olunması Azərbaycan dövlətinin daxili siyasətinin prioritetinə aiddir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, bina-lar tikirik və hələ nə qədər edəcəyik”.
Əlbəttə, Azərbaycan dövləti bütün əraziləri öz gücü ilə bərpa etmək iqtidarındadır. Bununla belə dövlət-özəl tərəfdaşlığı, xarici investorların cəlb edilməsi ilə prosesləri daha da sürətləndirmək mümkün və zəruridir. Əslində, xarici investorların cəlb edilməsi, həm də elə erməni vandalizminin xaricə tanıdılmasının bir istiqamətidir. Məlumat üçün qeyd edək ki, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun apardığı araşdırmalar əsasında 2024-cü ildə dünya üzrə Birbaşa Xarici İnvestisiyalar üçün 10 əlverişli ölkənin siyahısı hazırlanıb ki, Azərbaycan da buraya daxildir. Bu, həm xarici investisiya cəlb etmək imkanlarını ifadə edir, həm də dövlət-özəl sektor əməkdaşlığı imkanların olduğunu göstərir. Ona görə də, Azərbaycan dövləti bütün imkanlara malik olmaqla yanaşı, daxili və xarici investisiyaların cəlb edilməsi məsələsini də diqqətdə saxlamalıdır. Əslində, iqtisadi rayon öz potensialı ilə, kifayət qədər, investisiya cəlbediciliyinə malikdir. Şərqi Zəngəzurun Qubadlı, Laçın və Kəlbəcər rayonları öz potensialları ilə diqqəti cəlb edir. Bu rayonlarda heyvandarlığın, turizmin, sənayenin müxtəlif istiqamətlərinin inkişafı üçün mövcud olan zəngin baza istər daxili, istərsə də xarici investorlar üçün cəlbedicidir.
Araşdırmalar göstərir ki, Qubadlı rayonunun iqtisadi xəritəsində taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük, süd emalı, üzüm emalı kimi sahələr aparıcı mövqedə olub. O cümlədən, rayonda tikinti üçün mişar daşlarının, mərmərin istehsalı imkanları da mövcuddur. Balıqyetişdirmə, quşçuluq, o cümlədən bu məhsulların emalı imkanları da Qubadlı rayonunda geniş biznes imkanları vəd edir. Ümumiyyətlə, onu da qeyd etmək lazımdır ki, müasir dövrdə daha çevik fəaliyyət göstərməsi və əhali məskunlaşması baxımından daha əlverişlisi kiçik emal müəssisələrinin yaradılmasıdır. Belə müəssisələr həm daha tez başa gəlir, həm daha çevik fəaliyyət göstərə bilir, həm də kiçik müəssisələrin daha çox sayta tikintisi mümkündür ki, bu da yeni iş yerlərinin yaradılması və məskunlaşmanın stimullaşdırılması üçün önəmlidir. İlk yanaşmada, kiçik müəssisələr iqtisadi cəhətdən əlverişli görünməyə bilər, amma rentabelliyi az olsa da, sosial-strateji baxımdan kifayət qədər əhəmiyyətlidir.
Laçın rayonu da özünəməxsus cəhətləri ilə diqqəti cəlb edir. Xüsusilə, rayonda heyvandarlığın, arıçılığın inkişafı üçün geniş potensial imkanlar mövcuddur. Bu rayonda dağ və qış turizminin də inkişaf imkanları genişdir. Rayonun təbii-iqlim şəraiti, çoxsaylı mineral-müalicəvi bulaqları, dərman bitkiləri, ümumilikdə təbii-coğrafi mühiti regionda müxtəlif xidmət sahələrinin inkişafı üçün imkanlar vəd edir. Xüsusilə, mütəxəssislər Laçını arıçılıq təsərrüfatının inkişafı üçün ideal coğrafi məkan hesab edirlər.
Şərqi Zəngəzura aid olan Zəngilan rayonu da istər turizmin, istərsə də əkinçiliyin, xüsusilə taxılçılığın, üzümçülüyün inkişafı üçün münbit şəraitə malikdir. İşğaldan əvvəlki dövrdə rayonda illik üzüm istehsalı 20 min tona yaxın olub. Bu-nunla belə Zəngilanda da heyvandarlığın, baramaçılığın, tütünçülüyün inkişafı üçün həm imkanlar, həm də ənənə mövcuddur. Bütün bunlarla yanaşı, 7 tona yaxın qızıl ehtiyyatına malik Vejnəli yatağı da Zəngilanda yerləşir ki, bu da regionun inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Yataqda mis-gümüş-filiz ehtiyyatlarının olması Vejnəlinin əhəmiyyətini daha da artırır. Qeyd olunanlar, iqtisadi rayonun inkişafında Zəngilan inzibati rayonunun rolunu, potensialını ifadə edir, ərazinin biznes imkanları haqqında mənzərə formalaşdırır.
İqtisadi rayonun zəngin və çeşidli biznes imkanlarına malik inzibati rayonu Kəlbəcərdir. Kəlbəcər rayonu uzunmüddətli və irihəcmli potensial imkanlara malik olmaqla yanaşı, həm də çeşidli biznes imkanları vəd edir. İlk növbədə, Kəlbəcər rayonu ərazisi çoxsaylı yeraltı sərvətlərlə zəngindir, ölkəmizin ən böyük qızıl yataqlarından biri bu rayonda yerləşir. Ümumiyyətlə, rayon ərazisi filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Kəlbəcərdə Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s. kimi qızıl yataqları, mis, xromit, volfram, qurğuşun, molibden, sink, civə, mərgümüş, sürmə, asbest yarımqiymətli və nefritoidlər, mərmər oniksi, jadeit, qranatlar və s. məmulat daşları, üzlük daş, mineral boyalar, perlit, listvenit, travertin və s. kimi müxtəlif faydalı qazıntılara aid yataq və ehtiyyatlar aşkar edilib. Hansı ki, bu yataqlar Kəlbəcərdə sənayenin müxtəlif istiqamətlərinin inkişafı üçün geniş imkanlar yaradır, rayonda qızıl sənayesinin təşkili üçün uzunmüddətli potensial formalaşdırır.
Kəlbəcər rayonunda mişar daşı, qum-çınqıl, kərpic, mərmər, üzlük daş biznesi üçün də imkanlar mövcuddur. Belə ki, 2023-cü ildə aparılmış qiymətləndirmələr görə mişar daşı ehtiyatı 11 milyon kubmetr, kərpic istehsalı ehtiyatı 4,4 milyon kubmetr, 2 min tona yaxın mərmər, 2,5 min tona yaxın obsidian (dəvə gözü), 200 tondan çox civə ehtiyatı və s. müxtəlif sahələrə aid biznesin təşkili üçün real imkanlardır. Rayonunun turizm imkanları, rayonda müxtəlif turistik xidmətlərin təşkili üçün münbit şəraitin olması isə ayrıca qeyd edilməlidir. Xüsusilə, dünya şöhrətli, zəngin kimyəvi tərkibə və sağlamlıq əhəmiyyətinə malik İstisu ehtiyatları rayonda sağlamlıq turizminin uzunmüddətli inkişafı üçün imkanlar yaradır. Ümumi istismar imkanları, təqribən 3100 m3/gün olan çeşidli müalicə-balneoloji təsirlərə malik Yuxarı və Aşağı istisu, Keşdək, Tutqun, Qoturlu, Qarasu və s. mineral su yataqları həm turist cəlbediciliyi və regionun inkişafı üçün, həm də erməni vandalizminin tanıdılması və məskunlaşma üçün stimullaşdırıcı amillərdir.
Müasir dünyada geniş yayılmış Şəkərli diabet xəstəliyinin təbii (dərmansız) müalicəsinin Kəlbəcər su ehtiyatları ilə mümkün olduğu, artıq praktiki olaraq öz təsdiqini tapmışdır. Rayonun Şaplar, Başlıbel, Ağdaban və s. kəndlərində yerləşən turş su yataqları şəkərli diabet və bir sıra mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün zəngin mənbə və biznes imkanlarıdır. Bircə faktı qeyd edək ki, keçmiş SSRİ dövründə Kəlbəcər İstisu kurortunda sutkada 800 min litr su istehsal edilirdi və hər il 50 mindən çox adam burada müalicə alırdı. Yalnız qablaşdırmadan il ərzində 3,5 milyon manatdan çox gəlir əldə etmək mümkündür. Müasir texniki-texnoloji imkanları nəzərə alsaq, yalnız bu sahədə onlarla sahibkarlıq subyekti fəaliyyət göstərə bilər. Adıçəkilən su yataqlarının ətrafında kiçik həcmli müalicə-istirahət müəssisələrinin yaradılması, sudoldurma müəssisələrinin tikilməsi biznesmenlər üçün uzunmüddətli rentabelli fəaliyyət vəd edir. Kəlbəcər rayonu, ərazisinə görə işğaldan azad edilmiş rayonların ən böyüyüdür və rayon ərazisində otlaq sahələrinin, yaylaqların çoxluğu heyvandarlığın inkişafı üçün əlverişli mühit formalaşdırır. Bu isə rayonda aqrar-sənaye imkanları yaradır, ət və ət məhsulları, süd emalı, pendir və digər süd məhsulları istehsalı üçün təşviqedici mühit formalaşdırır. Kəlbəcər rayonun, eləcə də Laçın rayonunun təbii zənginliyinin başlıca istiqamətlərindən birini də bu ərazilərdə çoxsaylı dərman bitkilərinin olması təşkil edir. Qeyri-rəsmi məlumatlara görə Laçın rayonu ərazisində 3128, Kəlbəcər rayonunda isə 4230-dan çox dərman bitkisi bitir. Hələ işğaldan əvvəlki dövrlərdə, ümumilikdə, bu bitkilərin 2500-ə qədəri qeyri-mərkəzləşdirilmiş şəkildə (kəndli ehtiyatları şəklində, kustar formada) istifadə edilirdi. Hazırda isə, müasir dövr yeni texnologiyaya əsaslanan kiçik qəbul və emal müəssisələrinin yaradıl-masını zəruri edir. Bu həm mövcud təbii potensialdan istifadəni təmin edər, yerli məşğulluq üçün əlverişli ola bilər və rayonda biznesin inkişafına təkan verə bilər.
Kəlbəcər və Laçın, qismən də Qubadlı rayonunun ərazisi qış turizmi üçün də cəlbedicidir. Xüsusilə, Kəlbəcərdə və Laçın rayonunun bəzi ərazilərində, demək olar ki, 6-7 ay qış fəslinin (qış havasının, qar örtüyünün) olması regionda qış turizmi üçün geniş imkanlar vəd edir. Regionun sərt dağlıq coğrafi relyefi kanat turizminin inkişafı üçün də olduqca cəlbedicidir. Müasir dünya turizm tendensiyalarına nəzər salsaq, ancaq Kəlbəcərin qış və kanat turizmindən, yaylaq turizmindən milyonlarla manat vəsait əldə etmək mümkündür. Ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonu ölkəmizin fəaliyyət çeşidliliyi və potensial imkanları ilə ən zəngin iqtisadi rayonlarından biridir. İlkin hesablamalara görə, mövcud potensial imkanların dövriyyəyə cəlb edilməsindən sonra Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan iqtisadiyyatının 4,1%-ni formalaşdıracaq, rayonda, il ərzində, 3 milyard manatdan çox aqrar və sənaye məhsulları istehsal etmək imkanları mövcuddur. Bütün bunlar bir daha iqtisadi rayonda biznes imkanlarının çeşidliliyini və uzunmüddətliliyini əsaslandırır.
Qeyd olunanlarla bərabər, yeraltı və yerüstü sərvətlərin mövcudluğu, əlverişli coğrafi şərait, təbii potensial və s. biznes imkanları üçün nə qədər vacibdirsə, lazımi bazarlara səmərəli çıxış imkanlarının olması – infrastruktur təminatı da o qədər önəmlidir. Bu mənada işğaldan azad edilmiş ərazilərdə nəqliyyat-kommunikasiya infrastrukturlarının bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr regionun biznes imkanlarını daha da genişləndirir. Əslində, yaxın gələcəkdə Zəngəzur dəhlizindən ən çox bəhrələnə bilən region, elə Şərqi Zəngəzur iqtisadi rayonu olacaqdır. Zəngəzur dəhlizinə çıxış iqtisadi rayona böyük üstünlük verir və rayonda istehsal edilmiş məhsulların nəinki yaxın bazarlara, eləcə də Türkiyə və digər xarici bazarlara çıxış imkanları yaradacaqdır. Zəngəzur dəhlizi, bir nəqliyyat-kommunikasiya istiqaməti kimi mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, həm də dəhlizə çıxışı olan ərazilərdə biznes fəaliyyətinin təşkili üçün stimullaşdırıcı amil kimi diqqəti cəlb edir. Başqa sözlə desək, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonun potensial imkanlarının təsərrüfat dövriyyəsinə cəlb edilməsində, eləcə də iqtisadi rayonda biznes imkanlarının reallaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, yaxın və uzaq bazarlara çıxış imkanı yaradan, iqtisadi rayonun daxilində və ölkə miqyasında kommunikasiyaları təmin edən, enerji təminatına şərait yaradan ayrı-ayrı layihələrin hər biri biznes fəaliyyətinin təşkili üçün əhəmiyyətlidir.
Hazırda 16 noyabr 2022-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivə-sində şəhər və kəndlərin bərpası, abadlaşdırılması ilə yanaşı, müxtəlif istiqamətlərdə genişmiqyaslı infrastruktur layihələri də həyata keçirilməkdədir. Xüsusilə, yol-nəqliyyat infrastrukturunun bərpası istiqamətində reallaşdırılan layihələr regionda məskunlaşma və biznesin inkişafı üçün mühüm təşviqedici amildir.
Qeyd edildiyi kimi, işğaldan azad edilmiş rayonlarda müxtəlif istiqamətlərdə yol-nəqliyyat infrastrukturunun bərpası layihələri icra edilməkdədir. Şərqi Zəngəzurda, xüsusilə diqqəti cəlb edən layihələr Kəlbəcər-Laçın rayonlarında yerinə yetirilən işlərdir. Ona görə ki, iqlimin və relyefin sərtliyi səbəbindən ilin bir neçə ayı ərzində bu rayonların bir sıra yaşayış məntəqələrinə rahat gediş-gəliş mümkün deyildi. Bu da biznes imkanlarını azaldır, ərazinin inkişafına mane olurdu. Kəlbəcər-Laçın rayonları həm də ona görə diqqəti cəlb edir ki, burada çəkilən yolların tərkibində çoxsaylı yol ötürücüləri, tunellər inşa olunmaqdadır. Hansı ki, bu ötürücülər məsafələri qısaltmaqla yanaşı, həm də ilin bütün dövrlərində rahat və təhlükəsiz gediş-gəliş imkanı yaradacaqdır. Yalnız, Göygöl-Kəlbəcər, Kəlbəcər-Laçın yollarının üzərində sərt keçidli dağlıq ərazilərdə 10-a yaxın tunel çəkilməkdədir. Bunlardan ən böyüyü və daha mürəkkəb relyefdə yerləşəni Murovdağ silsiləsinin altından atılan 11,7 km-lik tuneldir. Murovdağının 3250 m-ə qədər yüksəkliyindən keçən yol, ilin bir neçə ayında qarla örtülür və hərəkət çətinliyi yaradırdı. Ona görə də, yeni Toğanalı-Kəlbəcər-İstisu yolu, Murovun altından keçməklə, yolu sərt iqlimdən qorumaqla çəkilir. Burada digər bir yol, Göygöldən Ömər aşırımı üzərindən çəkilir ki, bu da Kəlbəcər ilə Göygölün turizm imkanlarını əlaqələndirməyə imkan yaradacaqdır. Bunlarla yanaşı, Şərqi Zəngəzur ərazisində Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Şükür-bəyli-Cəbrayıl-Hadrut avtomobil yolu layihələri də icra edilməkdədir ki, bu da regionun biznes potensialını hərəkətə gətirmək üçün çox vacibdir. Təbii ki, Zəngilan beynəlxalq hava limanı, Laçında tikilməkdə olan hava limanı da regionun inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Hava daşınmaları, xüsusilə turizm potensialından istifadə üçün çox önəmlidir ki, turistlərin regiona gəlməsi də digər əlaqədar sahələrin inkişafına təkan verir.
Şərqi Zəngəzurda biznes imkanlarının bir istiqamətini də kənd təsərrüfatı təşkil etdiyi üçün, su ehtiyatları, suvarma sistemləri də biznesin təşkili və məskunlaşma üçün zəruridir. Bu mənada, iqtisadi rayonun Cəbrayıl inzibati ərazisinin Daşkəsən yaşayış məntəqəsində istifadəyə verilən (bərpa edilən) subartezian quyusu mühüm əhəmiyyət daşıyır. 4 ha-dan çox ərazinin su ilə təminatına imkan verən quyu müasir avadanlıqlarla yenidən qurulub. Kəlbəcər-Laçın ərazilərində müxtəlif göllər (su ehtiyatları) yaradılıb ki, bu da lazımi istiqamətlərdə kənd təsərrüfatının inkişafına kömək edəcəkdir.
İqtisadi rayonda mobil rabitə sistemləri quraşdırılmaqdadır ki, bu da çevik əlaqəni və inteqrasiyanı təmin edərək biznes fəaliyyətini cəlbedici edir. Regionun rabitə sisteminin yenidən qurulması, enerji təminatı istiqamətində ardıcıl və davamlı işlər görülür ki, bu da biznes imkanlarından istifadəni daha da stimullaşdırır. 2020-ci idən sonra, yalnız Kəlbəcər-Laçın ərazisində 12 kiçik su elektrik stansiyası bərpa edilib ki, bunlardan da 8-i hal-hazırda istismar edilir. O cümlədən, yeni kiçik elektrik stansiyalarının tikintisi istiqamətində işlər aparaılır. Şərqi Zəngəzurun Qubadlı və Cəbrayıl rayonlarında isə 35 kilovoltluq yarımstansiyalar, 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyası tikilməkdədir. Burada qeyd edilən və edilməyən bir çox layihələr istehsal, emal, bazara çıxış imkanları yaratmaqla regionda biznesin inkişafına təkan verir. İşğaldan azad edilmiş ərazilərdə ağıllı (smart) texnologiyalardan istifadə, ağıllı şəhər və kəndlərin tikilməsi də regionun biznes imkanlarında bir cəlbedicilik, fərqlilik yaradır. Bu ərazilərin yaşıl enerji zonası elan edilməsi isə regionda biznes imkanlarından istifadəni daha da asanlaşdırır.
Beləliklə, Şərqi Zəngəzur iqtisadi rayonunun biznes imkanlarının araşdırılmasından aydın olur ki, region kənd təsərrüfatı, sənaye, turizm və s. istiqamətlərdə zəngin və genişçeşidli biznes imkanlarına malikdir. Araşdırmalar göstərir ki, regionda infarstruktur və enerji təminatı, rabitə xidmətləri yenidən qurulur, bərpa edilir ki, bu da regionun biznes imkanlarını reallaşdırmaq üçün olduqca önəmlidir. Tədqiqatlar belə nəticəyə gəlməyə əsas verir ki, Şərqi Zəngəzura daxil olan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları bir sıra xüsusiyyət və potensialları ilə oxşar olsalar da, təbii, iqlim, yeraltı və yerüstü zənginlik, torpaqların təyinatı və münbitliyi və s. kimi xüsusiyyətlərlə biri-birindən xeyli fərqlənir. Bu baxımdan da, iqtisadi rayon üzrə bütün ərazilərə ümumi yanaşma ilə bərabər, hər bir inzibati rayona fərqli də yanaşmaq lazımdır. Ona görə də, rayonların (işğaldan azad edilmiş ərazilərin) pasportlaşdırılması, rayonun bütün potensial imkanlarının və fərqli xüsusiyyətlərinin (sərt iqlim, dağlıq ərazi, münbit torpaq və s.) bir mənbədə cəmləşdirilməsi məqsədəuyğun olardı. Bu halda regionda bizneslə məşğul olmaq istəyən hər bir iş adamı bir mənbədən bütün informasiyaları əldə etməklə daha çevik qərar verə bilər. Dövlət tərəfindən, kifayət qədər stimullaşdırıcı addımlar atılmaqdadır. İstər bir neçə il (7-10 il) vergidən azad etmə, güzəştli kreditlərin verilməsi, kommunal xidmətlərə çıxışın asanlaşdırılması və s. istiqamətlərdə işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti stimullaşdırılır. Ərazilərin dəqiq pasportlaşdırılması bu prosesə daha da təkan verə, intensivləşdirə və çevikliyi təmin edə bilər.

Zaur Əsədzadə
İqtisad üzrə fəlsəfə doktoru
11:02 09.11.2026
Oxunuş sayı: 46