Fələstinli məhbusların 80 faizi uyuz xəstəliyinə yoluxub
İsrail həbsxanalarında saxlanılan 9 300-dən çox fələstinli məhbusun təxminən 80 faizinin uyuz xəstəliyinə yoluxduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Cəmiyyəti məlumat yayıb.
Təşkilatın yazılı açıqlamasında hazırda İsrail həbsxanalarında 90-ı qadın olmaqla, 9 300-dən çox fələstinlinin saxlanıldığı qeyd olunub.
Bildirilib ki, ötən aydan etibarən vəkillərdən ibarət qruplar onlarla məhbusa baş çəkib. Məhbusların ifadələrinə əsasən, həbsxanalarda baş verən pozuntular ayrı-ayrı hadisələr deyil, sistemli siyasətin tərkib hissəsidir.
Açıqlamada uyuz xəstəliyinin həbsxanalarda geniş yayıldığı, xəstə və yaralı məhbusların sağlamlıq vəziyyətinin isə pisləşdiyi vurğulanıb. Həmçinin fələstinli məhbuslara qarşı pis rəftar və işgəncə hallarının davam etdiyi bildirilib.
Təşkilat çoxsaylı məhbusun cərrahi əməliyyata və köməkçi tibbi vasitələrə ehtiyac duyduğunu qeyd edib. Həbsxanalardakı yaşayış şəraitinin məhbuslara qarşı təzyiq vasitəsinə çevrildiyi vurğulanıb.
Həbsxanalarda reydlər və pis rəftar iddiaları
Məhbusların ifadələrinə görə, İsrail Həbsxanalar İdarəsinin əməkdaşları müxtəlif silahlar və polis itlərinin müşayiəti ilə kameralar və yataqxanalara basqınlar təşkil edir.
Son aylarda onlarla məhbusun rezin güllələr və növü müəyyən edilməyən silahlarla yaralandığı bildirilib. Qeyd olunub ki, bəzi silahlar yanıqlara, digərləri isə məhbusların hərəkət qabiliyyətini itirməsinə səbəb olub.
Açıqlamada minlərlə məhbusun ciddi geyim çatışmazlığı ilə üzləşdiyi və bunun uyuz xəstəliyinin yayılmasının əsas səbəblərindən biri olduğu bildirilib.
Ziyarət edilən və azadlığa buraxılan məhbusların ifadələrinə əsasən, uşaqlar da daxil olmaqla, qadın və kişi məhbusların təxminən 80 faizi uyuz xəstəliyinə yoluxub. Buna baxmayaraq, onların lazımi müalicə almadığı və xəstəliyin yayılmasına səbəb olan şəraitin aradan qaldırılmadığı iddia edilib.
Fələstinli Əsirlər Cəmiyyəti Negev həbsxanasında da kameralara basqınlar edildiyini və məhbusların döyüldüyünü açıqlayıb.
Təşkilat beynəlxalq insan hüquqları qurumlarını İsrail həbsxanalarında saxlanılan məhbuslarla rəftarla bağlı tədbirlər görməyə çağırıb.
23:30 08.11.2026
Oxunuş sayı: 55