Britaniya Rusiyanın sualtı qayıqlarına qarşı tədbirləri gücləndirəcək
Böyük Britaniya Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərinə qarşı mübarizədə Avropa müttəfiqlərindən geri qaldığını etiraf edib və müdafiə tədbirlərini gücləndirməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Riçard Naytonun müsahibəsinə istinadən məlumat yayıb.
Naytonun sözlərinə görə, Moskvanın riskə getmək meyli açıq şəkildə artıb və “hibrid fəaliyyət” ifadəsi Rusiyanın addımlarının ciddiliyini tam əks etdirmir.
“Bu, bütün yetkin həyatım ərzində yaşadığım ən təhlükəli dövrdür”, – deyə britaniyalı hərbi rəis bildirib.
O, Britaniya hökumətini təhlükənin miqyasını cəmiyyətə açıq şəkildə izah etməyə və müdafiə xərclərinin artırılmasının zəruriliyini əsaslandırmağa çağırıb.
Nayton qeyd edib ki, London xüsusilə Rusiyaya coğrafi baxımdan daha yaxın olan və təhlükənin miqyasını daha yaxşı dərk edən Avropa müttəfiqləri ilə eyni səviyyəyə çatmalıdır.
Onun sözlərinə görə, Britaniya Şimali Atlantikada Rusiya sualtı qayıqlarına qarşı mübarizəni gücləndirməyi, dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməyi, həmçinin Arktika və Baltik regionlarında müttəfiqlərin hərbi-dəniz, hava və quru qüvvələri arasında koordinasiyanı artırmağı planlaşdırır.
Bu istiqamətdə Birgə Ekspedisiya Qüvvələrinin müvafiq sazişinin çərşənbə axşamı Britaniyaya məxsus “HMS Prince of Wales” aviadaşıyıcısında imzalanması nəzərdə tutulur.
Nayton vurğulayıb ki, müttəfiqlərin hərbi imkanları nə qədər güclü olarsa, Rusiyanın onları sınağa çəkmək cəhdlərinin qarşısını almaq ehtimalı da bir o qədər artar.
21:47 08.11.2026
Oxunuş sayı: 37