Misirdə iki qatar toqquşdu: 4 ölü, 88 yaralı
Misirin paytaxtı Qahirənin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 88 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” Misir Səhiyyə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Misir Dövlət Dəmir Yolları İdarəsinin məlumatına görə, Giza şəhərindən Fəyyuma gedən qatar Qahirədən Asuana hərəkət edən digər qatarın arxa hissəsinə çırpılıb. Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb.
Hadisə yerinə xilasedicilər və 12 təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi qəza ilə bağlı təcili araşdırma aparılması və səhlənkarlıqda təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib. Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.
20:21 08.11.2026
Oxunuş sayı: 39