Ukrayna kosmik məkanda hədəfləri ələ keçirmək üçün yeni silah sistemlərini sınaqdan keçirib
Ukrayna atmosferdən kənarda, kosmosa yaxın ərazidə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulan sistemlərin ən azı üç sınağını keçirib. Kiyev eyni zamanda Rusiya raketləri, o cümlədən “Oreşnik”lə mübarizə aparmaq və ABŞ-ın “Starlink” sistemindən asılılığı azaltmaq üçün öz kosmik imkanlarını inkişaf etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin dövlət təhlükəsizliyi məsələləri üzrə alt komitəsinin rəhbəri Fyodor Venislavskinin sözlərinə görə, ölkə kosmosda suveren mövcudluq yaratmaq istəyir. Bu istiqamətdə ilk addımlardan biri “Obria Nano” peykinin buraxılması olub.
Ötən ay Ukrayna və Danimarkanın “GomSpace” şirkəti gələcək müstəqil Ukrayna rabitə şəbəkəsi üçün nəzərdə tutulan ilk sınaq peykinin uğurla orbitə çıxarıldığını elan edib. Məlumata görə, gələcək şəbəkənin təxminən 245 peykdən ibarət olması planlaşdırılır.
Venislavski bildirib ki, müharibə başlayandan bəri kosmik imkanlar Ukrayna Silahlı Qüvvələri üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Starlink” rabitəsinin keyfiyyətinin azalması hərbi idarəetmə və koordinasiya sistemləri üçün risk yaradıb. O, Rusiyanın “Oreşnik” raketləri ilə Ukrayna ərazisini kosmosdan təhdid etməsinin də bu sahədə işlərin sürətləndirilməsini zəruri etdiyini vurğulayıb.
Venislavski qeyd edib ki, Rusiya ərazisindəki buraxılış məntəqələri Ukraynanın ən uzaqmənzilli raketlərinin hədəfindən kənarda qaldığı üçün Kiyev atmosferdən kənarda yerləşən hədəfləri məhv etmək məqsədilə üç sınaq keçirib. Bu sistemlər, xüsusilə yüksək hündürlükdə uçan təyyarələrdən buraxılan silahların qarşısını almaq üçün nəzərdə tutulub. O, sistemlərin seriyalı istehsalının mümkünlüyünün araşdırıldığını, lakin müharibənin böyük maliyyə tələbatının bu proses üçün ciddi çətinlik yaradacağını bildirib.
Nəşr xatırladır ki, avqust ayında Ukrayna “Flaminqo” raketləri ilə Rusiyanın Samara şəhərində yerləşən “Proqress” Raket-Kosmik Mərkəzinə zərbə endirib. Müəssisə “Soyuz-2” raketlərinin istehsalı ilə məşğuldur. Zərbələr nəticəsində iki binaya, o cümlədən raketlərin buraxılış sistemləri üçün elektron lövhələrin yığıldığı 106A korpusuna ziyan dəyib.
“The Guardian” yazır ki, 2026-cı ildə Ukrayna “Roskosmos”un digər obyektlərinə, o cümlədən Moskvanın şimalında yerləşən Korolyov şəhərindəki kompleksə və Rusiyanın Krımda ələ keçirdiyi, Ukrayna tərəfindən inşa edilmiş radioteleskopuna da hücum edib.
Ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsinin kosmik məkana yayılması bu sahənin sürətlə hərbiləşməsinin göstəricisidir. İsveç Müdafiə Universitetinin kosmos və təhlükəsizlik üzrə eksperti Yelena Qrossfeld bildirib ki, kosmik müharibə artıq gələcəyin deyil, indiki dövrün reallığına çevrilib.
Nəşrin məlumatına görə, Rusiya peyklərin siqnallarını bloklamaq, onları lazerlə sıradan çıxarmaq və xarici kosmik aparatların yaxınlığında casus peyklər yerləşdirmək kimi üsullardan istifadə edib. Ekspertlər həmçinin kosmosdakı fəaliyyətləri tənzimləyən beynəlxalq müqavilələrin mövcud reallıqlara uyğun gəlmədiyini bildirirlər.
“Secure World Foundation” fondunun kosmik təhlükəsizlik və sabitlik proqramının rəhbəri Viktoriya Semson isə kommersiya kosmik xidmətlərindən asılılığın risklərinə diqqət çəkib. Onun sözlərinə görə, “Starlink” ətrafında yaranmış vəziyyət ölkələri alternativ rabitə sistemləri axtarmağa vadar edib.
UNIAN-ın daha əvvəl yaydığı məlumata görə, Ukrayna və Avropa İttifaqı “Starlink”dən asılı olmayan peyk rabitəsi imkanlarını araşdırır. Finlandiyanın “ICEYE” və “Nokia” şirkətləri Ukrayna Müdafiə Nazirliyi ilə suveren peyk rabitəsinin yaradılması imkanlarını öyrənmək barədə razılıq əldə ediblər. “Axios”un məlumatına görə, bu layihə çərçivəsində ilk peyklərin 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.
18:01 08.11.2026
Oxunuş sayı: 32