Ağ saçlara həcm vermək üçün hansı saç kəsimlərinə üstünlük verilməlidir?
Ağ saçlara həcm vermək üçün düzgün saç kəsimi seçmək vacibdir. Bərbərlər xüsusilə qısa saç modellərini və bob kəsimini tövsiyə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Onet Uroda” nəşri iməlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, ağ saçlar piqmentini itirdiyindən tünd saçlarla müqayisədə daha seyrək və nazik görünə bilər. Londonun “Salon64” salonunun təsisçisi, saç ustası Riki Uolters bildirib ki, bu tip saçlarda əsas çətinlik həcm yaratmaqdır.
Mütəxəssislərin tövsiyə etdiyi üsullardan biri saçların düz xətt boyunca, pillələndirmə aparılmadan kəsilməsidir. Bu texnika saç uclarını daha sıx göstərərək həcm təsiri yarada bilər. Bununla belə, “John Frieda Mayfair” salonunun stilisti Lesli Drammond qeyd edib ki, düz kəsim bəzi hallarda saçların həcmini azalda bilər. Onun fikrincə, əsas məsələ saç düzümünə dinamika verən forma yaratmaqdır.
Uolters qısa saç modellərinin də nazik tellər üçün uyğun olduğunu bildirib. Onun sözlərinə görə, saç kökləri adətən daha sıx, uclara doğru isə daha nazik olur. Bu baxımdan, Cudi Denç və Ceymi Li Körtisin saç düzümləri uğurlu nümunələr kimi göstərilir.
Mütəxəssislər saç köklərinə həcmverici vasitələr tətbiq etməyi, eləcə də zərif saçları dartmayan parça bigudilərdən istifadə etməyi məsləhət görürlər.
Digər uyğun seçim isə klassik bob kəsimidir. Düz kəsilmiş bob saçları vizual olaraq daha gur göstərə bilər. Alın nahiyəsində saç xəttini daha sıx göstərmək üçün bu modelə çolka da əlavə edilə bilər. Lakin Drammond xəbərdarlıq edir ki, saçları həddindən artıq qısaltmaq seyrəklik görüntüsünü artıra bilər.
Saçlar dalğalı və ya buruq olduqda isə onların təbii quruluşunu qorumaq tövsiyə edilir. Mütəxəssislər həmçinin saçları həddindən artıq daramaqdan və isti saç düzümü cihazlarından tez-tez istifadə etməkdən çəkinməyi məsləhət görürlər.
17:56 08.11.2026
Oxunuş sayı: 43