Rusiya ordusu Xerson vilayətində Ukrayna mövqelərinə yaxınlaşmaq üçün tunellər qazır
Rusiya qüvvələri Xerson vilayətinin sol sahilində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə yaxınlaşmaq və hücum əməliyyatları aparmaq məqsədilə yeraltı keçidlər inşa edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin 34-cü əlahiddə dəniz piyadaları briqadasının qərargah rəisi, polkovnik Alim Kərimov bildirib ki, yeraltı keçidlər Rusiya hərbçilərinə Ukrayna qüvvələrinin hava məkanına nəzarət etdiyi və düşmənin quru yolla hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə mövqelərə yaxınlaşmağa imkan verir.
Onun sözlərinə görə, işğal altındakı sol sahil ərazisinin təxminən 20-30 faizində belə tunellərin ayrı-ayrı hissələri mövcuddur. Lakin Rusiya ordusu vahid və geniş şaxələnmiş yeraltı şəbəkə yaratmayıb. Söhbət uzunluğu 50-150 metr arasında dəyişən, labirint formasında olan keçidlərdən gedir.
Kərimov qeyd edib ki, Rusiya qüvvələri açıq ərazidə təhlükəsiz hərəkət edə bilmədikləri üçün bu üsula əl atırlar. Əvvəlcə quru yolla irəliləməyə çalışır, daha sonra isə tunellər və sığınacaqlar inşa edirlər. Bununla belə, Ukrayna bölmələri keçidlərin girişlərini aşkar edərək onları məhv edir.
Hərbçinin sözlərinə görə, Rusiya ordusu Xerson vilayətindən başqa, Kupyansk və Avdeyevka istiqamətlərində də hərbçilərin gizli yerdəyişməsi üçün yeraltı kommunikasiyalardan istifadə edir.
17:36 08.11.2026
Oxunuş sayı: 37