Trampın seçkilərdəki məğlubiyyəti Putinin planlarını dəyişməyə bilər
ABŞ-də keçirilən aralıq seçkilərdə respublikaçıların məğlub olması Ukraynaya dəstəyin artmasına səbəb ola bilər. Bununla belə, Kreml Vaşinqtonda baş verən siyasi dəyişikliklərin Donald Trampın Ukrayna ilə bağlı mövqeyinə ciddi təsir göstərəcəyinə inanmır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, Kreml ABŞ-dakı siyasi dəyişikliklərin Trampın Moskva ilə Kiyev arasında münaqişənin həlli istiqamətindəki danışıqlarına təsir etməyəcəyinə ümid edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Trampın sülh təşəbbüslərini davam etdirəcəyinə ümid etdiyini bildirib. O, Konqresin yeni tərkibinin ABŞ prezidentinin Rusiya və Ukrayna ilə bağlı mövqeyinə etiraz edib-etməyəcəyi barədə suala bunun ABŞ-ın daxili işi olduğunu deməklə cavab verib.
Bununla belə, Rusiyada Demokratlar Partiyasının qələbəsinin Konqresin Trampa təzyiq göstərməsinə, onu Moskva ilə münasibətlərdə daha sərt mövqe tutmağa sövq edə biləcəyini düşünənlər var. Ukraynaya ikipartiyalı dəstək Kiyevə əlavə yardımın ayrılması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ehtimalını da artırır.
Vladimir Putinin keçmiş çıxış yazarı, hazırda siyasi analitik olan Abbas Qallyamov hesab edir ki, Rusiya lideri Trampın qələbəsindən sonra yaranmış fürsətdən vaxtında istifadə etməyib. Onun sözlərinə görə, Putinin mövqeləri zəifləyib və Vaşinqtonla razılaşma əldə etmək üçün imkanlar getdikcə azalır.
Atlantik Şurasının Avropa Mərkəzinin direktoru Yorn Flek isə Demokratların Ukraynaya əlavə maliyyə ayrılması məsələsini gündəmə gətirə və Trampa təzyiqi artıra biləcəyini düşünür. Bununla belə, onun fikrincə, Konqresdə çoxluğa sahib olsalar belə, demokratların prezidentin xarici siyasət sahəsindəki səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırması çətin olacaq.
Rusiya parlamentinin yuxarı palatasının sədr müavini Konstantin Kosaçev də respublikaçıların məğlubiyyətinin Ukraynaya daha güzəştli və ya ehtiyatlı Tramp qazandırmayacağını bildirib. Onun fikrincə, prezident seçkilərdə yenidən iştirak etmək zərurətindən azad olduğu üçün daha sərt addımlar ata bilər.
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna da Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək imkanlarının geniş olduğunu və onun gözlənilməz addımlar ata biləcəyini vurğulayıb.
17:16 08.11.2026
Oxunuş sayı: 32