İran Rəşt-Astara dəmir yolu sazişini təsdiqləyib
İranın Ali Milli Təhlükəsizlik Şurası Rusiya ilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair icra sazişini təsdiqləyib. Bu qərar strateji nəqliyyat layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinə imkan yaradacaq.
Crossmedia.az xəbər verir ki, İranın “Tasnim” agentliyi bu barədə məlumat yayıb.
İranın yollar və şəhərsalma nazirinin müavini Hoşəng Bazvandın sözlərinə görə, saziş ötən həftə Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Rusiya tərəfi sənədin İran parlamenti və ya müvafiq təhlükəsizlik qurumu səviyyəsində təsdiqlənməsini tələb edib.
Bazvand bildirib ki, dəmir yolu xəttinin marşrutu boyunca qalan 37 kilometrlik torpaq sahəsi də ötən çərşənbə günü Rusiya şirkətinə təhvil verilib. Beləliklə, ümumi uzunluğu 162 kilometr olan xəttin bütün ərazisi mühəndis və sahə araşdırmaları üçün istifadəyə açılıb.
Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin reallaşması Rusiya ilə İranın dəmir yolu şəbəkələrini birləşdirəcək.
20:10 08.11.2026
Oxunuş sayı: 32