Rusiya Ermənistanla hərbi əməkdaşlığı davam etdirməyə hazırdır
Rusiya Ermənistanla hərbi sahədə əməkdaşlığı davam etdirməyə hazırdır. Bununla belə, əməkdaşlığın gələcəyi tərəflərin siyasi iradəsindən asılı olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İctimai Radiyoya müsahibəsində məlumat verib.
Diplomat bu məsələdə həddindən artıq pessimizmə qapılmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin gələcəyi siyasi qərarlardan asılıdır.
Kopırkin Rusiya-Ermənistan münasibətlərində yeni balansın formalaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, əməkdaşlığın müxtəlif sahələrində mövcud münasibətlər müzakirə edilməli və zəruri dəyişikliklər aparılmalıdır.
Səfir iki xalq arasındakı münasibətlərin xüsusi və uzunmüddətli dəyərlərə əsaslandığını bildirib. Onun fikrincə, Ermənistan Rusiya üçün həmişə mühüm ölkə olub və bundan sonra da belə qalacaq.
Kopırkin Rusiyanın Ermənistan tərəfinin maraq və ehtiyaclarını nəzərə alaraq əməkdaşlığa hazır olduğunu deyib. O, bu əməkdaşlığın atom energetikası və nəqliyyat sahələrini də əhatə edə biləcəyini qeyd edib.
Ermənistan məhsullarının bir qisminin Rusiyaya idxalına tətbiq edilən müvəqqəti məhdudiyyətlərə münasibət bildirən diplomat müvafiq yoxlamaların aparıldığını xatırladıb. Onun sözlərinə görə, məhsulların Rusiyada qüvvədə olan fitosanitar və sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlərin gücləndirilməsi tələb olunub.
Ermənistanın Avropa İttifaqına yönələn siyasətinə toxunan Kopırkin bildirib ki, hazırkı Avropa İttifaqı bir neçə il əvvəlki qurumdan, xüsusilə Rusiya ilə münasibətlər kontekstində, fərqlənir.
O əlavə edib ki, Ermənistanın seçim etmək hüququ özünə və erməni xalqına məxsusdur. Rusiya isə bu seçimin mümkün qədər tez edilməsini istəyir.
22:01 08.11.2026
Oxunuş sayı: 104